23 Dekabr 2024, Bazar ertəsi

Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi illərdə çətin daxili və xarici amillərlə qarşılaşdığından Naxçıvana istənilən səviyyədə diqqət yetirə bilməmişdir. Bundan istifadə edən erməni daşnakları bölgəyə ardı-arası kəsilməyən basqınlar etmiş, əhalini qorxu və vahimə içərisində saxlamış, onları soyqırıma məruz qoymuş, Naxçıvanı azərbaycanlılardan təmizləməyə çalışaraq onu “böyük Ermənistan”a qatmaq istəmişlər. Bölgənin təhlükəsizliyini təmin etmək və ermənilər tərəfindən işğalına yol verməmək üçün Araz-Türk Respublikası yaradılmışdır. Tarixi tədqiqatlarda Araz-Türk Respublikasının yaranma tarixi və yeri mübahisəlidir. Fikrimizcə, bir sıra məntiqi mülahizələri, tarixi hadisələrin təhlilini əsas götürsək, Araz-Türk Respublikasının 1918-ci il noyabrın 3-də yaradıldığını təsdiq edə bilərik. Araz-Türk Respublikası qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, bölgənin taleyində mühüm rol oynamaqla Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü təmin etmişdi. O, Naxçıvan əhalisinin qüvvələrinin düşmənlərə qarşı mübarizə üçün birləşdirilməsində mühüm rol oynamaqla yanaşı, bölgənin ermənilər tərəfindən işğal edilməsinə imkan verməmişdir. Araz-Türk Respublikası dövründə əldə edilmiş nailiyyətlər təkcə o dövr üçün yox, Naxçıvan bölgəsinin taleyi, bu günü və gələcəyi üçün də çox böyük əhəmiyyətə malikdir.

1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradıldı. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Bəyanatda deyilirdi: “ Bundan sonra heç bir ərazi məsələsi əsrlərboyu qonşu olan iki xalqın qanının tökülməsinə səbəb ola bilməz. Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının ayrılmaz hissəsidir. Dağlıq Qarabağın zəhmətkeş kənd­lilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir. Zəngəzur ərazisində bütün hərbi əməliyyatlar dayandırılır. Sovet Azərbaycanının bütün qoşunları oradan çıxarılır”.
Azərbaycan İnqilab Komitəsinin bəyanatı Naxçıvan və Zəngəzur müsəlman əhalisinin güclü narazılığına səbəb oldu. Ermənilərin alçaq niyyətlərinə bələd olan Naxçıvan əhalisi diyarın Azərbaycandan qoparılmasına qarşı etiraz etdi. Bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılandı. Vəziyyətin kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. Naxçıvan əhalisi ilə görüşlər zamanı Behbud ağa Şahtaxtinski açıqca demişdi: “Siz torpağınızla birlikdə öz müstəqilliyinizi saxlamaq istəyirsinizsə, burada istinad edə biləcəyiniz yeganə qüvvə Türkiyə qoşunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir. Sizin müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaqlar və sizi ağır fəlakətdən xilas edəcəklər”. Behbud ağa Şahtaxtinskinin keçirdiyi mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR-in himayəsində müstəqil sovet respublikası kimi təşkil edilməsi arzusunda olduqlarını bildirmişdi. Ermənistan Respublikası Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyib diplomatik fənd işlətdi, Naxçıvanı 1920-ci il 28 dekabr bəyanatı ilə müstəqil sovet respublikası kimi tanıdığını bildirdi və daşnakların ona qarşı ərazi iddialarından imtina edildiyi göstərildi. Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bolşevik rəhbərliyinin bir sıra üzvlərinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı.
Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi. Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan Behbud ağa Şahtaxtinskinin fəaliyyətini xüsusi qeyd etməliyik. Onun Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi 1921-ci il 1 mart tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir. O, bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Behbud ağa Şahtaxtinskinin təklifləri V.İ.Lenini maraqlandırmış və o, məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi.
Bu zaman Türkiyə nümayəndə heyəti Rusiya ilə danışıq aparmaq və müqavilə bağlamaq üçün Mos­kvaya gəlmişdi. Nümayəndə heyətinə əvvəlcə Bəkir Sami bəy, sonra isə Yusif Kamal bəy rəhbərlik edirdi. Fevralın 26-da başlayan danışıqlar martın 16-da “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi ilə nəticələndi. Müqavilə 16 maddə və 2 əlavədən ibarət idi. Həmin gün RK(b)P MK Siyasi Bürosu Behbud ağa Şahtaxtinskinin təkliflərini bəyənərək Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikası yaradılması haqqında qərar qəbul etdi. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verildi.
1969-cu ilin 14 iyulundan Azərbaycana rəhbərlik etməyə başlayan ümummilli lider Heydər Əliyev keçmiş Sovetlər Birliyində geridə qalan respublikanı qısa müddətdə geniş tərəqqi yoluna çıxarmış, dünyada tanıtdırmışdı. O dövrdə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanılmış, iqtisadi potensial yaradılmış, əhalinin rifahı xeyli yüksəlmiş, elm, təhsil, səhiyyə, mədəniyyət güclü inkişaf prosesi keçmiş, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görülmüşdü. Azərbaycanın 1991-ci ildə qovuşduğu müstəqilliyin əsası xalqımızın böyük oğlu Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə qoyulmuşdur.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı və Siyasi Büronun üzvü olduğu 1982-1987-ci illərdə də görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyev bütün imkanlarını, gücünü və bacarığını Azərbaycanın tərəqqisinə yönəltmişdir. Aydın siyasi mövqeyə, böyük vətəndaş qeyrətinə malik ulu öndər Heydər Əliyev Bakıda da, Moskvada da zaman-zaman Azərbaycanın bədxahlarının təzyiqləri ilə üzləşmiş, lakin heç bir qüvvə onu tutduğu haqq yoldan, xalqa və yurda fədakar xidmət amalından döndərə bilməmişdir. 1969-cu ilin 14 iyulu kimi, 1990-cı ilin 22 iyul günü də Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmışdır. 1990-cı ildə Azərbaycan ağır dövr yaşayırdı. Xalqımız məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir dövrdə – 1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə Naxçıvana gələn ümummilli liderimiz Heydər Əliyev xalqın xilaskarına çevrilmişdir. Bu gün ölkəmizin, o cümlədən muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında əldə edilən böyük nailiyyətlərin əsasında fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Ulu öndərimizin müəyyənləşdirdiyi inkişaf strategiyasının reallaşdırılması sayəsində 20 ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikasının tərəqqisi ilə fəxr edir, qürurlanırıq. Bütün bunlar həm də nümunəvi vətənpərvərliyin, dövlətçiliyə dərin sədaqətin, sabitliyin, sosial-iqtisadi yüksəlişin təmin edilməsinin, ən əsası isə rəhbər qayğısının nəticəsidir. Ulu öndər Heydər Əliyev çıxışlarından birində demişdi: “Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. O, sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan səfərlərindən birində demişdi: “Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Siyasi fəaliyyətdə uğur qazanmaq üçün ictimai inam və etibar başlıca şərtdir. Yalnız öz fəaliyyətini xalqa layiqli xidmət prinsipi üzərində quran və bunu əməli işi ilə sübuta yetirən şəxslər yüksək etimada layiqdirlər. Elə bu səbəbdən də ictimai rəyə əsaslanan, insanların maraq və mənafeyinə xidmət edən siyasi fəaliyyət hər zaman dəstəklənir, təqdir olunur. Müstəqillik dövründə muxtar respublikada inkişafın mükəmməl modeli yaradılmışdır. Bu model dövlət müstəqilliyimizin və davamlı inkişafın qarantı olan Heydər Əliyev siyasi xəttinə sonsuz sədaqət və xalqa xidmət prinsipləri üzərində qurulmuşdur. Böyük fransız maarif­çisi Volter vaxtilə yazırdı ki, “İş ideya üçün yaranmır – ideya iş üçün yaranır”. Bu illərdə Naxçıvan Muxtar Respublikasının keçdiyi hərtərəfli inkişaf yolu da məhz xalq və dövlət üçün formalaşan ideyanın real həyatda təzahürünə çevrilmişdir. Bu gün Naxçıvanda hansı sahəyə baxsan, orada kompleks islahatların aparıldığının şahidi olarsan. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilmişdir ki, bu uğurların blokada şəraitində qazanılması inanılmaz gerçəklikdir. Naxçıvanın inkişafdan intibaha qovuşması böyük siyasi xadim, dövlət adamı Ali Məclis Sədrinin düzgün idarəetməsinin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir.

Samir Adıgözəlli
İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri
Kocaeli Haberci.com, Sanalbasın.com

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR