Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın birinci ongünlüyünün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, küləkli, yağıntılı keçəcəyi ehtimalı var. Birinci ongünlüyün ikinci yarısında və ikinci ongünlüyün bəzi günlərində hava temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, hava şəraitinin nisbətən mülayim keçəcəyi proqnozlaşdırılır. Qeyri-sabit, güclü küləkli hava şəraiti isə üçüncü ongünlükdə gözlənilir. Ayın son günlərində havanın temperaturu iqlim normasından bir qədər aşağı olacaq.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 9-14°, bəzi günlərdə 6°-dək isti, gündüzlər 14-19°, bəzi günlərdə 10-12° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 28-38 millimetr) ehtimalı var.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 4-9° isti, bəzi günlərdə dağlarda 3-8° şaxta, gündüzlər 13-18°, bəzi günlərdə 8-10° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 18-28 millimetr).
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 3-6° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3-8° isti, bəzi günlərdə 1-6° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 0-5° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (27-34 millimetr) bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 8-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 6-11°, bəzi günlərdə 0-3°, gündüzlər 14-19°, bəzi günlərdə 8-12° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-24 millimetr) ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 5-9° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 5-10° isti, bəzi günlərdə dağlarda 5-10° şaxta, gündüzlər 11-16°, bəzi günlərdə 5-9° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 29-73 millimetr) gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 9-12° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 8-13°, bəzi günlərdə 0-4°, gündüzlər 15-20°, bəzi günlərdə 8-13° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 25-45 millimetr) proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturu 7-12° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 7-12°, bəzi günlərdə 2-4° isti, dağlarda 3-8° şaxta, gündüzlər 14-19°, bəzi günlərdə 7-12° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 55-170 millimetr) gözlənilir.
Xəbərlər şöbəsi