21 Dekabr 2024, Şənbə

Yeni turizm marşrutlarının yaradılıb test edilməsi və onların turistlərin tələbatlarına uyğun şəkildə dizayn olunması turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada, Naxçıvan Muxtar Respublikasında çox sayda turizm marağı kəsb edən yerlər arasında Nehrəm kəndi istiqamətinə təşkil olunan turizm marşrutu da maraq doğurur. 

Nehrəm Naxçıvan Muxtar Respublikasının iri kəndlərindən biridir. Bu kənd özünün qədim tarixi, xalqımıza məxsus yaxşı qorunub saxlanılmış adət-ənənələri və müasirliyi ilə tarix, mədəniyyət həvəskarları üçün maraqlı ekskursiya məkanıdır. Nehrəm həm də Naxçıvan şəhərinə yaxın olan ən iri yaşayış məntəqəsidir. Əhalisi artıq 15 min nəfərə çatmış bu yaşayış məntəqəsi Naxçıvan şəhərindən 9 kilometr, Babək qəsəbəsindən isə cəmi 4 kilometr məsafədə, Araz çayının sol sahilində yerləşir. Rayon mərkəzindən keçməklə Naxçıvan şəhəri ilə bütün gün ərzində hər 10-12 dəqiqədən bir müntəzəm sərnişin nəqliyyatı əlaqələri vardır.
Nehrəmin turizm cazibədarlığı onun maraqlı tarixi, müasir inkişafı, insanlarının məşğuliyyəti, torpağa bağlılığı ilə diqqəti cəlb edir. İlk olaraq, bu kəndin adı çoxlarına yaxşı tanış olan bir toponim kimi, ümumiyyətlə, Naxçıvanın qədim tarixi ilə də həmahəngdir. Tarixçi araşdırmaçılar tərəfindən Naxçıvan, Nuhçıxan, Nehrəm, Nəhəcir kimi adların bəşəriyyətin ikinci atası hesab edilən Nuh Peyğəmbərin adı ilə bağlı olduğunu göstərməsi bu yaşayış məntəqələri arasında Nehrəmə olan marağı da artırır. Görkəmli tədqiqatçıların əsərlərində də sübut olunduğu kimi, etimologiyası Nuh Peyğəmbərlə bağlı hesab olunan Nehrəmdə xalqımızın ən qədim mədəniyyətinin izlərinə rast gəlmək olar.

Ardını oxu...

Elə ki yay turizm mövsümü başladı, Batabat yaylağını qonaqsız təsəvvür etmək mümkün deyil. Batabatı görmək Naxçıvana gələn hər bir turistin arzusudur. Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması Batabata gediş-gəlişi xeyli asanlaşdırıb. Mərcan gözlü Batabatı görmək həvəsi hər il məni də çəkib o yerlərə aparır.
Dillər əzbəri olan Batabat yaylağı Şahbuz rayonunun ərazisində, Kiçik Qafqaz dağlarında yerləşir. Burada, əsasən, dağ, göl və dağ-çəmən landşaftı inkişaf edib. Batabat yaylağını dəniz səviyyəsindən, təqribən, 3100-3200 metr hündürlüyü olan “Qonaqgörməz”, “Səbətkeçməz” və “Bədəldağı” adı ilə tanınan dağlar əhatə edir. Təbiətin gözəl guşələrindən biri olan Batabat yaylağı gül-çiçəkli çəmənlikləri, saf və təmiz dağ havası, meşələri, Zorbulaq, Durnalıbulaq, Uzunbulaq kimi şirin suları və “Narzan” tipli Batabat mineral suları ilə məşhurdur. Batabat yaylağının təbiəti, onun saf havası ağciyər, ürək, əsəb və bir sıra xəstəliklər üçün çox faydalıdır. Batabat gölünün mənzərəsini, “Üzən ada”nı seyr etmək isə insana başqa bir zövq verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində ötən il martın 18-də muxtar respublikada turizmin inkişafı ilə bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman, Təhsil nazirlikləri, Naxç­ıvan Muxtar Respublikası Ali Məcli­si­­nin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən turizmin inkişafı ilə bağlı tədbirlər planı hazırlanıb. Həmin plana uyğun olaraq iyulun 14-də “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil olunub.
Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin əməkdaşı Tahir Məmmədli çıxış edərək bildirib ki, belə ekskursiyaların təşkilində məqsəd muxtar respublikanın tarixi abidələrinin və turizm məkanlarının tanıdılmasında, həmin məkanlar haqqında məlumatların və çəkilmiş foto­şəkillərin müxtəlif xarici dillərdə sosial şəbəkələrdə paylaşılmasında gənclərin fəallığını artırmaqdır.
Sonra Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Zülfiyyə Həsən­ova gənclərə mərkəz haqqında hərtərəfli məlumat verib. Bildirib ki, xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Mərkəzə allergik və bronxial-astma xəstə­liklərindən əziyyət çəkənlərlə yanaşı, çoxlu turistin gəldiyini və buranın həm müalicəvi, həm də turizm baxımından çox əhəmiyyətli bir yer olduğu qeyd edilib.
Sonra gənclər mərkəzlə yaxından tanış olub, onları maraqlandıran suallar cavablandırılıb. Ekskursiyada 30 nəfər gənc iştirak edib.

Ceyhun MƏMMƏDOV

Təbiətin qoynuna üz tuturuq. Abad, rahat yollar, geridə qoyduğumuz füsunkar kənd mənzərələri bizi özünə məftun edir. Maraqlı söhbət uzun yola körpü saldığı kimi, insanın ruhuna qida verən ana təbiətin doyumsuz gözəllikləri də yolun uzaqlığını hiss etdirmir. Təbiət gözəli Qanlıgölə tələsirik. Nəhayət, Naxçıvanın dilbər guşəsi olan Şahbuz rayonunun Kükü kəndinə yetişirik. 2013-cü ildə Naxçıvan-Batabat magistralı, Ayrınc-Qızıl Qışlaq-Kükü avtomobil yolunun yenidən qurulması əlverişli iqlim şəraitinə, zəngin təbii bitki örtüyünə və təmiz dağ havasına malik olan Kükü kəndinin turizm imkanlarını xeyli artırıb. Qızmar yay günlərində istirahət üçün ideal məkan kimi bu kəndi seçənlər az deyil.

Ardını oxu...

Bu yaxınlarda “Naxçıvan” Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun “Turizm marşrutları və ekskursiya işinin təşkili” adlı dərs vəsaiti işıq üzü görüb. “Naxçıvan” Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitab bu mövzuda Azərbaycan dilində ilk dəfə yazılmış əsərdir.

Turizm və otelçilik ixtisası üzrə ali təhsil verən ali məktəblərin baza təhsil proqramında yer alan “Turizm mar­şrutları və ekskursiya işinin təşkili” fənninin tədrisi məqsədilə işlənmiş bu kitab tədris prosesi üçün əhəmiyyətli olub, 3 fəsildən ibarətdir. Birinci fəsildə turizm marşrutları və onların yaradılması, ikinci fəsildə ekskursiya fəaliyyəti və onun təşkili üzrə nəzəri məsələlərə dair 15 dərs mövzusu təqdim olunub.
Dərs vəsaitinin üçüncü fəslində müvafiq fotoşəkillərlə birgə Naxçıvan Muxtar Respublikasının turizm ehtiyatları timsalında konkret tur nümunələri və təqdimat reseptləri, həmçinin ekskursiyalar zamanı çoxişlənən turizm terminləri də verilib. Turizm destinasiyasında yaradılacaq marşrutların davamlılığı, onların texniki və iqtisadi cəhətdən əsaslandırılması, ekoloji maraqların, yerli əhalinin mənafelərinin ödənilməsi və təhlükəsizlik məsələləri üzrə mövzuları öyrənən tələbələr turizm marşrutu, turizm marşrutlarının yaradılmasına təsir edən amillər, tur və onun mahiyyəti, turların formalaşdırılması zamanı resursların düzgün qiymətləndirilməsi barədə biliklər əldə edə bilərlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası özünəməxsus coğrafi zənginliklərə malikdir. Onun əzəmətli təbiəti, nadir landşaft tipləri, ayrı-ayrı guşələrinin təkrarolunmaz gözəlliyi turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır. Son 20 ildən artıq bir dövrdə muxtar respublika təbiətinin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər bu qədim Azərbaycan diyarının daha da gözəlləşməsinə, təbiətinin zənginləşməsinə, flora və fauna növlərinin sürətlə artmasına gətirib çıxarıb.

Görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının ümumi ərazisinin 27 faizi xüsusi mühafizə olunan təbiət ərazisinə çevrilib. Təbii ki, muxtar respublikanın coğrafi ərazilərinin böyük bir hissəsini dağlıq və dağətəyi ərazilər, nisbətən düzəngahlar təşkil edir. Bu ərazilərdə yüzlərlə təbiət abidələrinin, mineral bulaqların, tarixi tikililər və arxeoloji obyektlərin olduğunu nəzərə alsaq, ərazini müxtəlif turizm növlərinin inkişafı üçün ideal məkan saymaq olar. Xüsusilə son dövrlərdə dünyada piyada turizminin inkişaf etdirilməsi üçün müxtəlif ölkələrin təqdim etdiyi yeni layihələr muxtar respublikamızın tanıdılması baxımından əvəz­olunmaz imkanlar ortaya çıxarır.

Ardını oxu...

Səyahətlər, müasir dillə desək, turizm həm gəlir mənbəyi, həm də insanların sülh və qarşılıqlı hörmət şəraitində yaşamasının ən yaxşı vasitələrindən sayılır. Müasir dünyanın iqtisadi və siyasi mənzərəsinə nəzər yetirdikdə isə heç də bütün xalqların bu hüquqdan istifadə etmək imkanının olmadığını görməkdəyik. Planetdə yaşayan 7 milyarddan artıq insanın yalnız 1 milyardının aktiv səyahət edə bilməsi faktı da həmin reallığı ortaya qoyur.
Turizm səfərlərinə getmək imkanı hər bir şəxsin təməl insan hüquqlarından biri kimi hələ 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də öz əksini tapıb. Belə ki, bu mühüm beynəlxalq sənədin 13-cü maddəsində hər bir insanın ölkəsi daxilində və onun xaricində səyahət edib, yenidən öz ölkəsinə qayıtmaq hüququ olduğu göstərilib. Hətta müqəddəs “Qurani-Kərim”də də insanın yaşadığı dünyanın gözəlliklərindən zövq alması, onun sonsuzluğundan ibrət dərsi götürməsi üçün səyahət etməsinin əhəmiyyəti haqqında ayələr vardır. Səyahət edənlərin öz yaşadığı yerdən fərqli olaraq dünyanın başqa yerlərini də gəzib dərk etməsi, öz düşüncə tərzində daha humanitar və ülvi duyğulara sahib olması bir gerçəklik kimi İslam dünyasının müqəddəs kitabında göstərilib. Bəziləri, sadəcə, islami turizm kimi müsəlmanlar üçün zəruri olan Həcc səfərlərinə yollanmağı düşünsələr də, “Qurani-Kərim” ayələrində dünyanın digər yerlərinə də könüllü olaraq səyahətlər edilməsi ifadə olunub. Səyahətlərə müasir dövr prizmasından yanaşdıqda görürük ki, doğrudan da, insanlar nə qədər texnoloji imkanlar əldə etsələr, bir o qədər mənəvi-humanitar zənginliyə həssas olurlar. Burada da turizmin rolu böyükdür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri, yaradılan müasir infrastruktur, yaşıllıqların artırılması, tarixi abidələrin bərpası istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər bu qədim diyarda turizmin bir sıra növlərinin inkişafı üçün real zəmin hazırlayıb. Tarixi-mədəni, dini, sağlamlıq turizmi ilə yanaşı, kənd turizminin də inkişafı üçün muxtar respublika geniş potensiala malikdir. Ən ucqar dağ kəndlərinədək çəkilən abad yollar, yaşayış məntəqələrinin qaz, su, elektrik, rabitə və internetlə təminatı, bütün bölgələri əhatə edən quruculuq tədbirləri də buna şərait yaradır. Təbii ki, əhalinin kənd təsərrüfatının ayrı-ayrı növləri ilə məşğul olması, qonaqpərvərliyi və zəngin süfrə mədəniyyəti də buna öz təsirini göstərir.

Nəzərə alsaq ki, əhalinin 70 faizi kəndlərdə yaşayır, o zaman kənd turizminin muxtar respublika iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu bir daha görərik. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən maarifləndirici tədbirlər də bu sahənin inkişafına istiqamətlənib. Əhalinin iştirakı ilə keçirilən həmin tədbirlərdə kənddə istirahət etmək istəyən turistlər üçün normal şəraitin yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etməyin mümkünlüyü diqqətə çatdırılır.

Ardını oxu...

İtaliyanın nüfuzlu “Daily cases” xəbər saytında naxçıvanlı jurnalist Sara Əzim­ovanın “Dünyada bənzəri olmayan şəfa ocağı” sərlövhəli məqaləsi yerləşdirilib.
Məqalədə müəllif əvvəlcə “Planetin cinayətsiz regionu”, “Nuh Peyğəmbərin yurdu”, “Şərqə açılan qapı”, “Kiçik Avropa” adlarını özündə qürurla daşıyan Naxçıvan Muxtar Respublikası haqqında italiyalı oxuculara məlumat verib. Yazıda Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ibtidai icma, antik, orta əsrlər və yeni dövr tarixinin maddi-mədəniyyət nümunələri ilə zəngin bir diyar olduğu qeyd edilib.
Müəllif Naxçıvanın təbii ehtiyatlarının 90 milyon tonunu özündə cəmləşdirən duz mədənində yaradılan möcüzəli Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyətindən, mərkəzin son illərdə Naxçıvanda həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu ünvanlardan biri olmasından söz açıb. Qeyd edib ki, dünyada bir neçə yerdə belə xəstəxana fəaliyyət göstərir. Sual oluna bilər, bəs niyə Naxçıvandakı Duzdağın dünyada bənzəri yoxdur? Cavab isə belədir: Duzdağ Fizioterapiya Mərkəzi dünyada mövcud olan həmin müalicə ocaqlarından bir çox üstünlükləri ilə seçilir. Məsələn, ən yaxşı müalicə ocağı kimi tanınan Ukraynadakı xəstəxana 206 metr yerin dərinliyində yerləşdiyindən xəstələr buraya liftlə enməli olurlar. Bu isə təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarır. Həkimlərin fikrincə, bu şaxtada rütubətin normadan artıq olması və partlayıcı gücə malik metan qazı kimi zəhərləyici qazların normadan çoxluğu burada öz təsirini göstərir. Naxçıvandakı şaxtalar isə dağın altındakı tuneldə yerləşdiyindən bu kimi hallara rast gəlmək mümkün deyil. Burada temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Xəstəxana horizontal şəkildə olduğundan buraya gələn xəstələr, təxminən, 300 metr məsafəlik yolu özləri piyada qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır.
Jurnalistin İtaliyanın saytında yazını verməkdə məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan və bu xəstəlikdən əziyyət çəkən insanları məlumatlandırmaqdır. Yazıya belə yekun vurulur: “Məlumdur ki, sağlamlığın bərpa olunması üçün təbii üsullarla müalicə ən yaxşı vasitədir. Ən sərfəli qiymətlərlə Naxçıvanın Duzdağında sağlamlığınıza qovuşa bilərsiniz. Siz həm də Naxçıvan torpağında dünyada bənzəri olmayan bir çox tarixi abidələrlə də tanış olmaq imkanı əldə edəcəksiniz. Bu məmləkətdə turistlər üçün vacib olan inkişaf və sabitlik var”.
Qeyd edək ki, saytda Duzdağ Fizioterapiya Mərkəzi və “Duzdağ” oteli ilə bağlı fotolar da yerləşdirilib.

Mayın 31-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə ölkəmizin aparıcı media nümayəndələri muxtar respublikaya səfər ediblər.

Ardını oxu...

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektordur. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Naxçıvanda tarixi-mədəni turizmlə yanaşı, turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və digər növlərinin inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. 

Muxtar respublika kəndlərinin çoxu coğrafi baxımdan dağlıq ərazilərdə, çay vadilərində yerləşir. Münbit torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar ekoloji turizmin inkişafı üçün təbiət sərvətləridir. Sosial-iqtisadi inkişafın ən ucqar dağ kəndlərini əhatə etməsi burada kənd yaşıl turizminin də inkişafı üçün geniş perspektivlər açır. Qədim diyarın Biçənək, Kükü, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Ərəfsə, Gümüşlü və başqa onlarla yaşayış məntəqəsində kənd yaşıl turizminin inkişafı üçün əlverişli şərait mövcuddur. 250-dən çox mineral və müalicə əhəmiyyətli su mənbələrinin mövcudluğu, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti Naxçıvanda turizmin inkişafı üçün geniş imkanlar yaradır.

Ardını oxu...

Bu il görkəmli təbiətşünas-alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illik yubileyi ölkə səviyyəsində geniş qeyd olunur. Akademikin yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq tələbə-gənclərin akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına, muxtar respublikanın xüsusi qorunan təbiət ərazilərinə ekskursiyalarının təşkil edilməsi nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə hazırladığı qrafikə əsasən gənclərin Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlığı və Fərhad evinə ekskursiyası təşkil olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin şöbə müdiri Şövqi Əliyev çıxış edərək muxtar respublikanın xüsusi mühafizə olunan təbiət əraziləri haqqında məlumat verib. Qeyd olunub ki, gənclərin bu ərazilərə ekskursiyalarının təşkil edilməsi muxtar respublikanın fauna və florası haqqında məlumat verilməsi, eyni zamanda bölgənin turizm potensialının tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Ardını oxu...

Naxçıvan Turizm İnformasiya Mərkəzində “Muxtar respublikamızı tanıyaq” devizi altında keçirilən fotomüsabiqənin yekun tədbiri olub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə malik olması, yüksək qonaqpərvərlik ənənələri, flora və faunası, müxtəlif iqlim qurşaqları və təbiəti, əlverişli infra­strukturu muxtar respublikada turizmin inkişafına geniş imkanlar açır.
Vurğulanıb ki, bu diyar tarix və mədəniyyət abidələri ilə zəngindir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən, Naxçıvan ərazisində 57 dünya və 500-ə yaxın ölkə əhəmiyyətli olmaqla, 1202 daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınıb və pasportlaşdırılıb. Son illərdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpa, təmir və konservasiya olunması da diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl işlər görülür.

Ardını oxu...

Deyirlər, Tanrı həm də böyük və peşəkar bir rəssamdır. Onun qüdrətini, varlığını göstərən şah əsərlərindən biri də ucsuz-bucaqsız kainat, eləcə də Yer kürəsidir. Adı “Dünya” olan bu möhtəşəm tabloda sivilizasiyaların, mədəniyyətlərin beşiyi sayılan Naxçıvan özünəməxsus çalarları ilə seçilir. Uca Yaradan bu diyara öz səxavət kisəsindən hər cür pay verib. Rəngarəng iqlim, dəli-dolu çaylar, şəfalı otlar, yamyaşıl orman və çılpaq düzlər min illərlə ulularımıza can-ruh bəxş edib, onları möhkəm tellərlə doğma torpağa bağlayıb.

Bu bağlılıqdan böyük və ilahi bir eşq – Vətən sevgisi doğulub-böyüyüb

Həmin böyük sevgi hesabına bu yurd qorunub, yaşadılıb və müasir mərhələyə gəlib çatıb. Qan su yerinə axıb, daş-daş üstə qalmayıb, dəfələrlə dağıdılaraq yerlə-yeksan edilib… Amma dahi rəhbərimiz Heydər Əliyevin sözləri ilə desək, Naxçıvan tamamilə yanıb kül olub, lakin o küllərin içindən qalxaraq yenidən canlanıb. Babək mübarizəsini də görüb, Atabəylər intibahını da, Teymurləng istilasını da... Amma öz qəddini heç vaxt əyməyib. İlahinin bu torpağa sevgisi bu yurdun insanlarına da sirayət edib: onlar Naxçıvan tablosuna yeni rəng və çalarlar qatıb, onu tikib-qurub, qoruyub və gözəlləşdiriblər. Ona görə də Naxçıvan bu gün “Gəmiqaya” qədimliyi, “Əshabi-Kəhf” müqəddəsliyi, “Duzdağ” möcüzəsi, “Haçadağ” ucalığı, “Əlincə” məğrurluğu, “Batabat” füsunkarlığıdır… Dədə Qorqud müdrikliyi, Hüseyn Cavid bəşərililiyi, Mirzə Cəlil yanğısı, Heydər Əliyev ucalığı olan Naxçıvan, həm də Məmməd Araz qələmidir:

Ardını oxu...

Turizm sektorunun inkişafı üçün aşağıdakı şərtlərin olması vacibdir: mövcud təbii-coğrafi şərait, zəruri infrastruktur, sabitlik, zəngin tarixi-mədəni irs, yüksək xidmət, münasib qiymət və sair. Bu amillərin hər birini özündə birləşdirən Naxçıvan Muxtar Respublikasında çoxşaxəli turizm imkanları vardır. Dövlət tərəfindən turizm sektoruna göstərilən dəstək isə bu sahənin inkişafını daha da sürətləndirib. Ötən il martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib. Bu tapşırıqların icrası istiqamətində, xüsusilə muxtar respublikanın turizm potensialının təbliği sahəsində ardıcıl tədbirlər görülür. 

Turizm elə bir sahədir ki, davamlı təbliğat işlərinin aparılmasını şərtləndirir. Mövsümün başlandığı bir vaxtda muxtar respublikanın turizm potensialını təbliğ etmək, eləcə də turizmi canlandırmaq, yeni part­nyorlar qazanmaq, xarici turizm firmaları ilə əlaqələri gücləndirmək mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə aprel ayında “Nəqşicahan Holdinq” tərəfindən qədim diyara info-tur təşkil edilib. İnfo-tur çərçivəsində Türkiyə, İran, Kipr və Küveytdən, eləcə də paytaxt Bakıdan, ümumilikdə, 220 sahibkar və turizmçi Naxçıvana gəlib.
Naxçıvana təşkil edilən info-tur həm xarici, həm də yerli turizm firmalarının fəaliyyətlərini genişləndirmələri üçün bir stimul oldu. Digər tərəfdən, muxtar respublikanın turizm potensialının təbliğinə şərait yaratdı. İnfo-tur iştirakçılarının geri döndükdən sonra sosial şəbəkələrdə Naxçıvan təəssüratları barədə yazdıqları statuslar, paylaşdıqları çoxsaylı fotoşəkillər və videogörüntülər də bunu bir daha təsdiq edir.

Ardını oxu...

2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə qarşıya qoyulan tapşırıqların icrası məqsədilə aidiyyəti təşkilatlar tərəfindən birgə tədbirlər planı hazırlanmışdır. Tədbirlər planının icrası 2017-ci ilin birinci rübündə də davam etdirilmiş, bir sıra tədbirlər həyata keçirilmişdir.
Bu dövrdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə 2441 manatlıq 239 əl işi satılmışdır. “Nахçıvаn Biznеs Mərkəzi” MMC tərəfindən isə sərgi-satış məqsədilə 76 adda 2578 manat dəyərində əl işi və sənət əsəri qəbul edilmiş, 51 adda 913,5 manat dəyərində əl işlərinin satışı həyata keçirilmişdir.
Müşavirədə qarşıya qoyulan tapşırıqlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı ilə gənclərin Xatirə Muzeyinə və Naxçıvan Dövlət Tarix Muzeyinə gəzintiləri təşkil olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə “Naxçıvan Muxtar Respublikasında dini və sağlamlıq turizminin inkişaf imkanları” mövzusunda konfrans keçirilmişdir.

Ardını oxu...

“Naxçıvan” Universitetində “Nax­çıvan Muxtar Respublikasında turizmin dinamik inkişaf prioritetləri” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb.
Tədbirdə “Nəqşicahan Holdinq” otellər qrupunun müdiri Bekir Başın “Naxçıvan Muxtar Respublikasının turizm potensialı”, “Naxçıvan” Universitetinin Turizm İnformasiya Mərkəzinin rəhbəri Şahnaz Məmmədovanın “Turizm və insan psixologiyası sferasında turistlə yerli əhali arasındakı münasibətlər”, İdarə­etmə fakültəsinin tələbəsi Nağı Rzazadənin “Kafe və restoranlarda turistlərə xidmət mədəniyyəti” mövzularında çıxışları dinlənilib.
Vurğulanıb ki, bu gün Naxçıvanın turizm potensialından səmərəli istifadə etmək məqsədilə mühüm işlər görülüb. Belə ki, turistlər inkişaf və sabitlik olan bölgələrə səyahət edirlər. Muxtar respublikadakı sabitlik imkan verir ki, turistlər öz istirahətlərini mənalı və təhlükəsiz keçirsinlər. Naxçıvan artıq mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Nuray ƏSGƏROVA

Xəbər verdiyimiz kimi, “Nəqşicahan Holdinq” tərəfindən muxtar respublikamızın turizm potensialını tanıtmaq məqsədilə aprelin 11-dən 14-dək qədim diyara info-tur təşkil edilib. İnfo-tur çərçivəsində Türkiyə, İran, Şimali Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 220 nəfər sahibkar və turizmçi Naxçıvana gəlib. Qonaqlar səfər müddətində muxtar respublikanın tarixi və mədəniyyət abidələri ilə tanış olub, turizm müəssisələrini gəzib, milli mətbəximizin nümunələrindən dadıblar.

Ardını oxu...

İnfo-tur çərçivəsində Naxçıvana gəlmiş sahibkar və turizmçilər bu fikirdədirlər

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası qədim tarixi, zəngin mədəniyyəti və əsrarəngiz təbiəti ilə seçilir. Tarixi və mədəniyyət abidələri, gəzməli-görməli yerləri, abadlaşan şəhər və kəndləri Naxçıvanın turizm potensialını daha da artırır. Məhz bu potensialı tanıtmaq məqsədilə “Nəqşicahan Holdinq” tərəfindən aprelin 11-dən 14-dək qədim diyara info-tur təşkil edilib.
İnfo-tur çərçivəsində Türkiyə, İran, Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 220 sahibkar və turizmçi Naxçıvana gəlib.
Səfərin birinci günü qonaqlar “Duzdağ” otelində yerli turizm nümayəndələri və iş adamları ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib, Duzdağ Fizioterapiya Mərkəzinin imkanları ilə tanış olublar.
Aprelin 12-də qonaqlar Uzunoba İstirahət Kompleksi ilə tanış olub, dəniz səviyyəsindən 2 min 450 metr yüksəklikdə yerləşən Batabat yaylağını gəzib, ərazidəki göllər, məşhur Üzən ada, Zorbulaq haqqında məlumatlar alıblar. Həmin gün qonaqlar Ağbulaq İstirahət Mərkəzinin turizm imkanlarını da öyrəniblər.
Günün sonuna yaxın sahibkar və turizmçilər muxtar respublikanın dini turizmində mühüm rol oynayan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar.
Qeyd edək ki, Naxçıvanın mövcud turizm potensialı qonaqlarda böyük maraq oyadıb və onlardan bir neçəsi öz təəssüratlarını “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüb.

Ardını oxu...

Turizmin inkişaf etdirildiyi ölkələrin təcrübəsi göstərir ki, kifayət qədər cazibə gücünə malik olan turizm ehtiyatları zəruri infrastruktur, yetkin kadr təminatı və düzgün təşkil olunmuş təbliğat-tanıtım mexanizmi olduqda öz səmərəsini verə bilər. Naxçıvanın zəngin turizm ehtiyatlarının bir potensial kimi istifadəyə cəlb olunması da bu baxımdan güclü təbliğat-tanıtım işləri tələb edir.

Turizmdə təbliğat-tanıtım işləri çoxşaxəli və daim üzərində diqqət tələb edən bir məsələdir. Bu, turizmdən yaxşı gəlir əldə edən, ümumi daxili məhsulda turizmə ən çox yer verilən ölkələrdə olduğu kimi, turizm sahəsini daha da inkişaf etdirmək istəyən ölkəmiz, həmçinin muxtar respublikamız üçün də eyni dərəcədə aktualdır. Məsələnin mahiyyəti isə turistlərin artan rekreasiya tələbatı, dünya iqtisadiyyatındakı dəyişikliklər və texnoloji yeniliklərlə birlikdə ortaya çıxan yeni tələblərdir. Başqa sözlə, dünən diyarımıza səyahət etmiş turistlər bu gün keyfiyyətcə yeni bir mənzərə ilə qarşılaşmaq istəyirlər.
Naxçıvan Muxtar Respublikası istər təbii, istər tarixi zənginliyi, istərsə də iqtisadi-mədəni sahədəki nailiyyətləri ilə dünyanın turizm xəritəsində özünəməxsus yer tutur. Naxçıvana bir dəfə səyahət etmiş və bir daha buraya gəlmək istəyən turistlərdə yaranan motivlər yaxın regionda rast gəlinəndən çox fərqlidir. Məsələn, bilirik ki, Naxçıvan tarixi İpək Yolu üzərində yerləşən çox mühüm regiondur. Şübhəsiz, bu dünya şöhrətli ticarət-turizm marşrutu boyunca səyahətə çıxan səyyahlar keçmişdə olduğu kimi indi də vardır. İpək Yolu üzərində hərəkət edən keçmiş səyyahlar kimi müasir turistlərin də əsas diqqəti bu səyahətin, necə deyərlər, ipək kimi yumşaq, yəni rahat olmasıdır. Haşiyə olaraq onu qeyd etmək yerinə düşər ki, bəzən bu marşrutun nəyə görə İpək Yolu adlandırılması diskussiyası olduqda bəziləri bu karvan yolu ilə məhz ipəyin daşındığı qənaətini bildirirlər. Ancaq bir çoxları isə bununla yanaşı olaraq həm də yolun təhlükəsizliyini əsas götürürlər ki, bu da keçmişdə olduğu kimi, indiki səyyahları da düşündürən əsas məsələlərdəndir. Ona görə də Naxçıvana səyahət edən turistlərdən ən yaddaqalan təəssüratlarını soruşduqda onların məhz rahat və təhlükəsiz səyahət edə bildiklərini, xidmət sahələrində səviyyəli xidmət, qonaqpərvərlik və dürüstlük gördüklərini, xalqımızın tolerantlığına heyran qaldıqlarını deyirlər ki, bunlar da tanıtım və təbliğat baxımından çox əhəmiyyətlidir. Göründüyü kimi, turizmin inkişafı üçün göstərilən xidmətlərin özü qədər bu xidmətlər əsasında formalaşan təəssüratlar da mühüm vasitədir.

Ardını oxu...

Aprelin 6-8-də Bakı Ekspo Mərkəzində dünyanın 22 ölkəsindən 272 şirkətin iştirak etdiyi XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi keçirilib. Bu sərgidə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və Naxçıvandakı mehmanxanaların nümayəndələri də iştirak edib, diyarımızın turizm potensialı geniş təbliğ olunub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata əsasən, sərgidəki muxtar respublikanın turizm imkanlarının təqdim olunduğu 14 paneldə Dövlət Bayrağı Meydanı, “İslam Mədəniyyəti Paytaxtı Naxçıvan – 2018” loqotipi ilə yanaşı, Naxçıvanın turizm ehtiyatlarının və turizm-xidmət obyektlərinin reklam fotoları yer alıb. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb çap etdirilmiş, “Naxçıvan Muxtar Respublikası turist xəritəsi”, “Naxçıvan Turizm İnformasiya Mərkəzi” və muxtar respublikadakı turist marşrutları barədəki bukletlər və yerləşdirmə obyektlərinin reklam-informasiya materialları sərgi iştirakçılarına paylanılıb, müxtəlif əl işləri tanıdılıb. Naxçıvan stendindəki monitor vasitəsilə də muxtar respublikanın turizm imkanları ilə bağlı reklam çarxları nümayiş etdirilib.

Ardını oxu...

 Dünya iqtisadiyyatında baş verən dəyişikliklər və ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə həyata keçirilən qəti tədbirlər çərçivəsində turizmin inkişafına ayrılan diqqət də öz bəhrəsini verməyə başlayıb. Bunu muxtar respublikamıza gələn turistlərin sayının artımında da görmək mümkündür. 

Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən cari ilin ilk ayında muxtar respublikaya 16 min 265 nəfər turist gəlib. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 6,8 faiz və ya 1034 nəfər çoxdur.
Hələ qış mövsümü bitməsə də, turistlərin sayındakı bu mühüm artımın arxasında bir sıra amillər dayanır. Belə ki, ötən ilin yekunlarına baxdıqda il ərzində Naxçıvan Muxtar Respublikasına səyahət etmiş turistlərin sayının 403 min nəfər olduğunu görməkdəyik ki, bu da 2015-ci ilin yekunları (390 min nəfər) ilə müqayisədə 3,3 faiz çox deməkdir. Bu rəqəmi 2014-cü illə (378 min nəfər) müqayisə etdikdə isə 6,6 faiz artım olduğunu müşahidə edirik. Göründüyü kimi, muxtar respublikamıza gələn turist sayının artım dinamikası sabit saxlanılıb. Turistlərin Naxçıvana rahat səyahətləri üçün lazımi şəraitin yaradılması, təklif olunan xidmətlərin keyfiyyətinin və qiymətinin turist tələbini ödəməsi, milli və peşəkar qonaqpərvərlikdə formalaşmış müsbət imic səyahət zamanı Naxçıvanı seçən turistlərin sayının artımına müsbət təsir edib. Ötən il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirədə isə muxtar respublikanın tarixi, mədəniyyəti, coğrafiyası, müasir inkişafı və turizm potensialı haqqında məlumatların yayılması və təbliği ilə bağlı mühüm vəzifələr qarşıya qoyulub. Görülmüş tədbirlər nəticəsində Naxçıvanın zəngin turizm ehtiyatlarının, infrastruktur imkanlarının tanıdılması işində xeyli irəliləyişlər əldə olunub.

Ardını oxu...

Qafqaz regionunun əsas turistik məkanlarından olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda zəngin arxeoloji ərazilər, mədəniyyət abidələri və qalalar vardır. Bu ərazilərdəki VIII əsrə aid qədim keramika nümunələri mühüm tədqiqat materiallarıdır. Şərur rayonundakı Ağbucaq yaşayış yeri və onun nekropolu, Axaməd tarixi ərazisi və Şahbuz rayonundakı Ağdaban qalası Naxçıvanın qədim yaşayış yerlərindəndir.
Şərur rayonunun Axura kəndinin qərb hissəsində “Ağbucaq” arxeoloji abidəsi yerləşir. Yaşayış yeri çox da hündür olmayan təpənin üzərini və onun ətrafını əhatə edir. Bu ərazidə son antik dövrə aid çəhrayı rəngli keramika parçalarına rast gəlinib. Bu gün əraziyə səfər edənlər yaşayış yerində qədim tikinti qalıqları ilə qarşılaşa bilərlər. Tikinti qalıqları vaxtilə burada yaşayış binalarının olduğunu təsdiq edir. Ərazidən aşkar olunmuş keramika məmulatları Ağbucaq yaşayış yerinin e.ə.V-IV əsrdə yarandığını təsdiq edir.
Şərur rayonunun Axura kəndində konusvarı təpənin üzərində Ağbucaq nekropolu yerləşir. Qəbirlər daş qutu tiplidir. Qəbirlərin yan divarları yastı sal daşlarla qurulmuş, üzərləri isə eynitipli daşlarla örtülmüşdür. Çox təəssüf ki, nekropollar ərazidə kənd təsərrüfatı işləri aparılarkən tamamilə dağıdılmışdır. Nekropolların yerləşdiyi ərazidən yalnız bir neçə çəhrayı rəngli keramika parçaları aşkar olunmuşdur. Bu keramika nümunələri son antik dövr üçün xarakterikdir. Ərazidə aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, nekropolda həmçinin küp qəbirlərdə dəfnetmə adəti də olmuşdur. Tədqiqatlar zamanı nekropolun şərq tərəfindən iri küp parçası tapılmışdır. Arxeoloji materiallara əsasən nekropolu e.ə. II əsrə aid etmək olar.

Ardını oxu...

2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmiş, aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Verilən tapşırıqların icrası məqsədilə tədbirlər planı hazırlanmış, turizmin inkişafı məqsədilə mühüm işlər görülmüşdür.  

Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 76 dövlət orqanının saytında Naxçıvan portalının, 94 dövlət orqanının saytında Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilmiş və keçidlər verilmişdir. Bundan əlavə, muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Turizm İnformasiya Mərkəzinin əməkdaşları üçün seminar təşkil olunmuşdur. Hesabat dövründə Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsi 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yenidən işlənmiş, muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilmişdir.

Ardını oxu...

Mənalı istirahəti hamı arzulayır. Asudə vaxt düzgün təşkil olunduqda istirahətini mənalı keçirmək istəyənlər üçün də yaxşı imkanlar açılır. Buna görə də yayda olduğu kimi, qışda da səyahətlərə yollanmaq üçün şərait varsa, bu, dəyərləndirilməlidir. Qış turizmi üçün vacib olan, vaxtında yağmış qar bu baxımdan aktiv istirahətə meyil edənlər üçün çox cazibədardır.

Qışda səyahətə yollanmaq çox vaxt çətin olsa da, maraqlıdır. Xüsusən bir çox insanlar üçün məzuniyyət dövrü məhz qış fəslinə təsadüf etdiyindən bu həm də faydalıdır. Ayrıca olaraq, məktəblilərin və tələbə-gənclərin, habelə bir sıra mövsümi işlərlə məşğul olanların tətil vaxtlarının mühüm bir hissəsi də qışın orta çağına təsadüf edir. Uşaq və gənclər aktiv səyahətlərə həmişə meyilli olduğundan qışda təşkil edilən səyahətlər onların böyük sevincinə səbəb olur. Odur ki, mövzu qış turizmi olduqda burada çox sayda maraqlı fikirlər yaranır.
Qar bolluq-bərəkət rəmzidir. Şübhəsiz, canlı təbiətin istirahət edib yenidən öz füsunkar yaz libası geyinməsi üçün qarlı qış vacibdir. Ancaq müasir turizmdə elə imkanlar vardır ki, qarlı qış günlərində də insanlar öz səyahətlərindən dolğun təəssürat ala bilərlər. Əgər insanların yaşayış səviyyəsi kifayət qədər yüksəkdirsə, onda qışın sərt şaxtasında da istirahət mərkəzlərində mənalı vaxt keçirmək mümkündür.

Ardını oxu...

Bu mövzuda konfrans keçirilib

Naxçıvan Turizm İnformasiya Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda turizm firmalarının nümayəndələri ilə yanaşı, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin tələbələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva açaraq bildirib ki, ölkəmizdə turizm sahəsinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün Azərbaycan təbiətinin qorunması, dövlət əhəmiyyətli qoruqların yaradılması və mühafizə edilməsi, qədim maddi-mədəniyyət abidələrinin tədqiqi, onların bərpa edilib respublikamıza gələn turistlərə təqdim edilməsi sahəsində mühüm işlər həyata keçirilib. Bu böyük işlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikamızın hər yerində ən müasir otellər və istirahət mərkəzləri tikilir, həm yay, həm də qış turizmi üçün yüksək şərait yaradılır, Azərbaycanın zəngin mədəniyyəti dünyaya tanıdılır.
Qeyd olunub ki, bu gün muxtar respublikamızda da turizm üçün hər cür imkan və şərait mövcuddur. Regionun ən ucqar dağ kəndlərinə belə, rahat yollar, qaz və su xətləri çəkilib, müasir infrastruktur obyektləri tikilib.

Ardını oxu...

Türkiyədə nəşr edilən “Yeni Birlik” qəzetində Naxçıvanın turizm imkanları ilə bağlı məqalə dərc edilib. Məqalənin müəllifi Hakan Dikməndir.
Məqalənin müəllifi Naxçıvanın Türkiyəni Asiyadakı qardaşları ilə qovuşduran tək sərhəd qapısı olduğunu qeyd edərək, burada şəhər mədəniyyətinin yaşının 5000 ildən artıq olduğunu bildirir. Naxçıvanın tarixi ilə bağlı bir sıra maraqlı faktlara toxunan müəllif muxtar respublikamızın turizm imkanları ilə bağlı hissəyə belə bir başlıqla başlayır: “Macəra, sağlamlıq və din turizminin, tarixi abidələrin və təbiət gözəlliyinin mərkəzi olan Naxçıvan”. Məqalənin bu hissəsində Duzdağ, Əshabi-Kəhf, Möminə xatın türbəsi, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Xan sarayı, Naxçıvan Dövlət Xalça Muzeyi və Qarabağlar haqqında türkiyəli oxuculara maraqlı və cəlbedici məlumatlar verilir.
Qeyd edək ki, Türkiyənin ən məşhur mətbu orqanlarından biri olan “Yeni Birlik” qəzeti gündəlik 100 min tirajla nəşr edilir.

 Elnur Kəlbizadə

Turizm XXI əsrdə dünyada ən çox diqqət mərkəzində olan sahələrdən birinə çevrilib. Son illərdə bu sahənin inkişafı elə bir mərhələyə qədəm qoyub ki, turistlərə qapı açmayan və yaxud buna maraq göstərməyən ölkə özünü bütün dünyəvi proseslərdən təcrid etməyə məhkum etmiş kimi sayılır. Əgər əvvəllər turistlər getdikləri ölkədə, sadəcə, tarix, mədəniyyət, gözəl təbiət əraziləri axtarırdılarsa, indi buna çoxsaylı maraq sahələri daxildir. Çünki turizm insanların sərhədsiz düşüncə maraqlarının üzərində cəmləşmiş bir sahədir. Buna görə də son dövrlərdə çoxsaylı turizm sahələri inkişaf etdirilməkdədir. Ancaq istənilən halda turizm yenə də səfalı təbiət, qədim tarix, mədəniyyət, qonaqpərvərlik və təhlükəsizlik amilləri üzərində qurulur. Hansı ki sadaladığımız amillər ölkəmizdə turizmin davamlı inkişafı baxımından əsl təməl rolunu oynayır. 

Aparılan məqsədyönlü siyasət nəticəsində muxtar respublikamızda da bu sahədə fəaliyyət genişləndirilib, mövcud turizm potensialının inkişafına nail olunub. Naxçıvan şəhəri və rayon mərkəzləri ilə yanaşı, bölgənin ən ucqar kəndlərinə belə, rahat yollar çəkilib, avtobuslar, taksi və qatarlar vasitəsilə bütün rayonlara və kəndlərə gediş-gəliş asanlaşıb. Hər gün Naxçıvan şəhərindən və Şərur rayonundan sərnişin avtobusları İran İslam Respublikası ərazisindən keçməklə Bakı şəhərinə yola düşür. Naxçıvan Beynəlxalq Hava Limanında Bakı, Gəncə, Moskva və İstanbul reysləri üzrə uçuşlar həyata keçirilir. Bir sözlə, muxtar respublikanın şəhər, qəsəbə və kənd­lərinin inkişafı istiqamətində görülən işlər, nəqliyyat infrastrukturunun genişləndirilməsi, yaradılan müasir turizm obyektləri imkan verir ki, dünyanın müxtəlif ölkələrindən bu diyara üz tutan turistlərə yüksək xidmət göstərilsin.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Ekskursiya işinin təşkilində qabaqcıl təcrübənin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.
Muxtar respublikada fəaliyyət göstərən bir neçə muzey əməkdaşının və Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının I kurs tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qumral Məmiyeva açıb.
Dəyirmi masada Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov, Hüseyn Cavidin ev-muzeyinin direktoru Bəhruz Axundov, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müdiri Məmməd Əliyev, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova və başqalarının iştirakı ilə muzey ekskursiyası işinin təşkili haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından sonra muzey işinin təşkilində canlanma müşahidə olunmaqdadır. Bu sərəncama uyğun olaraq, muzeyləri ziyarət edənlərin sayı xeyli artıb. Və bu, muzeylərdə bələdçi işinin yüksək səviyyədə təşkil edilməsi zərurəti yaradıb.

Ardını oxu...

(Əvvəli qəzetimizin 12 sentyabr tarixli sayında) 

Əlincə qalası və bütövlükdə, qalanın ətrafı, Əlincəçay vadisi müxtəlif tarixi yer, hadisə və şəxsiyyətlərin həyatı ilə bağlı çox maraqlı faktlarla zəngindir. Turizm cazibədarlığı baxımından bunlara bir ehtiyat kimi yanaşılması və hər birinin ayrıca bir ekskursiya proqramı şəklində tanıdılması mümkündür.

Əlincəqala ilə tanışlıqdan sonra turistlərin təəssüratlarını daha da dərinləşdirəcək mühüm obyektlərdən biri Əlincəqalanın şərq tərəfində yerləşən, hazırda Xanəgah kəndinin əhalisi tərəfindən məscid kimi istifadə olunan türbə mühüm əhəmiyyət kəsb edir. Belə ki, qala və onun ətrafı haqqında mühüm yazılı mənbə kimi bu kitabə turistlərdə böyük maraq doğuracaq. Bu kitabədə əks olunan faktlar heyrət doğurucudur. Kitabə üzərində ərəb dilindəki yazılara əsasən, bu türbə XV əsrdə “Həqiqi” təxəllüsü ilə şeirlər yazmış Qaraqoyunlu hökmdarı Bahadır xan Cahanşahın dövründə Əlincəqalanın yadelli işğalçılardan müdafiəçilərinin xatirəsinə tikilib.
Naxçıvan Şərqin mühüm düşüncə mərkəzlərindən biridir. Qədim dövrlərdən burada yaşamış insanların haqq-ədalət mübarizəsi və dini-fəlsəfi cərəyanların təsiri ilə dünyaya baxışları əsasında formalaşmış Naxçıvan məktəbi keçmişdə olduğu kimi, bu gün də bəşəriyyətə və Yaradana sevgi, insana tolerantlıq hissləri ilə bütün dünyaya nümunə olmaqdadır. Bu baxımdan Əlincəqalanın ətrafındakı yaşayış məntəqələrində, xüsusən Xanəgah və Saltaq kəndləri ərazisində mövcud olmuş sufizmin izlərini özündə yaşadan kitabələr, habelə Xanəgah kəndindən 1 kilometr şərqdə yerləşən kompleksdəki yazılı mənbələr mühüm epiqrafik abidələr kimi turistlərdə də böyük maraq doğurur.

Ardını oxu...

Turizm müşavirəsində qarşıya qoyulan vəzifələr icra olunur

Bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmiş, aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Verilən tapşırıqların icrası məqsədilə tədbirlər planı hazırlanmış, turizmin inkişafı məqsədilə mühüm işlər görülmüşdür.  

Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 91 dövlət orqanının saytında Naxçıvan portalının və Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilmiş və keçidlər verilmişdir. Bundan əlavə, muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Turizm İnformasiya Mərkəzinin əməkdaşları üçün seminar təşkil olunmuşdur. Hesabat dövründə Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsi 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yenidən işlənmiş, muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilmişdir.

Ardını oxu...

Birləşmiş Ərəb Əmirliklərinin rəsmi dövlət qəzeti olan “Əl-İttihad”da müəllif Nəsrin Durzinin “Naxçıvan… Müalicə və əyləncə turizmi üçün istiqamət” sərlövhəli məqaləsi dərc edilib. Qəzetin çap variantının Naxçıvana həsr edilən səhifəsində isə muxtar respublikanın turizm imkanlarını əks etdirən fotoşəkillər yerləşdirilib.
Məqalədə Azərbaycan Respublikasının tərkibində olan, ərazisi 5502 kvadratkilometr, əhalisi isə 435,5 min olan muxtar respublikanın coğrafi mövqeyindən, onun Ermənistan, Türkiyə və İran ilə həmsərhəd olmasından danışılıb. Yazıda “Naxçıvan” sözünün mənşəyi barədə də ətraflı söhbət açılıb. Müəllif bu barədə xalq etimologiyasına və tarixi qaynaqlara əsaslanaraq “Naxçıvan” sözünün “Nəqşi-cahan”, yəni “dünyanın naxışı”, “dünyanın bəzəyi” sözlərindən əmələ gəldiyini, ancaq xalq arasında geniş yayılmış rəvayətə görə, toponimin Nuh Peyğəmbərlə, daha doğrusu, “dünya tufanı” ilə bağlı olduğunu, bununla da, “Nuhçuvan” – “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” mənasını verdiyini oxucuların diqqətinə çatdırıb.

Ardını oxu...

Muxtar respublikada turizmin inkişafı diqqət mərkəzində saxlanılır. Naxçıvanın zəngin turizm potensialının təbliği və tanıdılması istiqamətində ardıcıl tədbirlər görülür, müasir turizm infrastrukturu yaradılır. Bu il Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsi, internet səhifələrində Naxçıvanın turizm potensialı ilə bağlı bölmələrin yaradılması və gənclərin bu sahədə fəallığının artırılması barədə aid təşkilatlara konkret tapşırıqlar verilmişdir.
Müşavirədə verilən tapşırıqların icrası diqqətdə saxlanılmış, 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında internet aksiyası keçirilmişdir. Bununla bağlı Naxçıvan haqqında 1000-ə yaxın foto və 152 tanıtım videosu hazırlanaraq və 280-dən çox saytın siyahısı tərtib edilərək Gənclər Fonduna, Gənclər və İdman Nazirliyinə, Naxçıvan Dövlət Televiziyasına, “Şərq qapısı” qəzetinə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin Naxçıvan bürosuna və “Naxcivanxeberleri.com” informasiya saytına paylaşmaq üçün təqdim edilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si ölkə­mizdə “Turizm işçiləri günü” peşə bayramı kimi təsis edilib. Bu tarix həm də dünyada Beynəlxalq Turizm Günü kimi qeyd olunur.
Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektordur. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafı diqqət mərkəzindədir.
Azərbaycanda turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq ölkə turizminin əsaslı inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Məhz bu illərdə Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra da ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmış, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Ardını oxu...

İsveç Krallığında fəaliyyət göstərən “AviFauna” quş və təbiət turizmi şirkətinin təşkilatçılığı ilə 12 nəfərlik qrup 2016-cı il mayın 6-dan 14-dək Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Qrup üzvləri Naxçıvanda olduqları iki gün müddətində 44 quş növü müşahidə etmişlər. Qrup rəhbəri Tomas Haraldson Naxçıvana səfərlərinin yekunu ilə bağlı hesabat hazırlayaraq internetdə yaymışdır. Həmin yazını oxuculara təqdim edirik.

Mayın 12-də biz Naxçıvan Muxtar Respublikasında öz səyahətimizə başladıq. Naxçıvan şəhəri təmiz və səliqəlidir. Türkiyə və Azərbaycanın digər bölgələri ilə müqayisədə Naxçıvandakı yollar və evlər yüksək standartlara cavab verir. Burada iki gün keçirəcəyimiz üçün çox həyəcanlı idik.

Ardını oxu...

Turizmin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr necə yerinə yetirilib?

Cəmiyyətin sosial-mədəni inkişaf göstəriciləri arasında mühüm yer tutan turizmə maraq artmaqdadır. Dövlətimizin turizmin inkişafına göstərdiyi diqqət ilk olaraq bu sahədən hər bir vətəndaşın faydalanması və ölkəmizin gözəlliklərinin, tarixi-mədəni zənginliklərinin dünyaya tanıdılması məqsədi daşıyır. Muxtar respublikamızda da mövcud olan rəngarəng turizm ehtiyatları və müasir turizm infrastrukturu bu mühüm sahənin inkişafı üçün hərtərəfli şərait yaradır.

Cari il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirədə deyildiyi kimi turizmin inkişafı üçün sahib olduğumuz potensialdan səmərəli istifadə olunması və güclü təşviqat mexanizminin qurulması tələb olunur. Başqa sözlə, turizmin inkişafına bütün cəmiyyət olaraq maraqlıyıqsa, onda hər birimiz də bu sahənin inkişafı üçün üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmalıyıq.
Turizm çox unikal bir sahədir. Məhz buna görə də elmi ədəbiyyatlarda turizmi yeni dünyanın yeddi möcüzəsindən biri və gözəgörünməz ixracat forması adlandırırlar. Turizmin yüksək səviyyədə inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, bu sahədə uğur qazanmaq üçün cazibədar ehtiyatlarla yanaşı, həm də bu ehtiyatlardan istifadəyə imkan verən işgüzar potensial tələb olunur. Bu potensial bizdə də var. Bu həm turizm ehtiyatlarından istifadəyə şərait yaradan müasir infrastruktur, həm də bütün bunları hərəkətə gətirib iqtisadi dövriyyəyə cəlb edə bilən maddi-texniki baza və kadr təminatıdır. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün yaradılan şərait göz qabağındadır. Qalır təkcə bu şərait­dən səmərəli istifadə edib, turizmdən gözlədiyimiz nəticələrə nail olmaq. Biz də builki yay turizm mövsümündə bütün bunlardan necə istifadə olunduğunu öyrənmək və yuxarıda adıçəkilən müşavirədə aidiyyəti təşkilatlara verilmiş tapşırıqların icrası barədə oxucuları məlumatlandırmaq üçün həmin qurumların bir neçəsinə elektron məktubla müraciət etdik.

Ardını oxu...

(Əvvəli qəzetin 18 avqust 2016-cı il tarixli sayında)
Əlincənin zirvəsinə qədər gəlib çatmış turistlərdə qeyri-adi təsəvvürlər formalaşır. Bir çox hallarda əcnəbilərlə, ümumiyyətlə, Naxçıvana ilk dəfə gələn turistlərlə ünsiyyət zamanı belə hal müşahidə olunur. Şübhəsiz, Əlincənin əzəməti, nəhəng sal qayalar üzərində şahların səltənətinə meydan oxumuş qəhrəman qala müdafiəçilərinin ayaq izləri buraya gələn hər bir kəs üçün dərin maraq obyektidir. Tarixi mənbələrə görə, bu müdafiəçilərin sayı altı yüzdən artıq olub. Əgər qala ilə tanışlıq zamanı qanadlarını gərərək Əlincə səmalarında süzən dağ qartalları peyda olarsa, bu, həmin ekskursiyada iştirak edən turistlər üçün əla fotoovçuluq fürsəti olacaqdır.

2014-2015-ci illərdə Əlincəqala bərpa olunarkən onun ərazisindən tapılmış maddi-mədəniyyət nümunələri, məişət əşyaları burada uzun müddət ərzində formalaşmış insan məskənlərindən xəbər verir.
Qalanın quruluşu ilə tanışlıq turistlərin buraya daxil olduğu qərb girişindən başlayır. Tarixi mənbələrə görə, qalanın iki, bəzən isə üç giriş qapısı olması barədə fikirlər vardır. Tarixi mənbələrə görə, Xanəgah kəndi tərəfdə yerləşən şərq girişi qalanın əsas giriş yollarından biri olsa da, qərb yamacı boyunca çəkilmiş müdafiə divarları, onların bərpadan sonrakı görünüşü turistlərdə böyük maraq oyadacaqdır. Qalanın mərkəz hissəsinə daxil olan turistlər bir anda özlərini qədim bir Şərq şəhərindəymiş kimi hiss edəcəklər. Xüsusən qalanın gecə işıqlandırılması zamanı bu, daha möhtəşəm görünür. Qalanın ən böyük sahəsini tutan bu hissədə qədim qala sakinlərinin istifadə etdikləri yaşayış binaları turistlərin marağına səbəb olacaqdır. Belə ki, çox geniş olmasa da, qalanın mərkəzi hissəsində insanların yaşaya bilməsi üçün mövcud yerlərdən maksimum dərəcədə səmərəli istifadəyə çalışılıb. Xüsusən ekskursiya zamanı turistlərə yaşayış sahəsi kimi istifadə olunmuş yerlər, burada üzə çıxarılmış təndirlər, həvənglər, əl dəyirmanları maddi-mədəniyyət nümunələri kimi təqdim olunur. Yaşayış sahəsi kimi istifadə olunmuş birotaqlı mənzillər xalqımızın min il öncəsindəki həyat tərzini, yüksək mədəniyyətini göstərən mühüm maraq obyektidir. Turistlər bilməlidirlər ki, burada müdafiə olunmuş insanlar nə qədər ağır və ekstremal bir şəraitdə yaşasalar da, ümumi mədəniyyətdən kənara çıxmamışlar.

Ardını oxu...

Naxçıvanın qədim tarixə malikliyini indi kiməsə sübut etməyə ehtiyac yoxdur. Bu diyarın köksündə özünə əbədi yurd-yuva salmış tarixi abidələr Naxçıvanın min illərboyu ulu tarixə şahidliyinin nəticəsidir. Müxtəlif dövrlərdə bu və ya digər səbəblər üzündən bu tarixi abidələr dağıdılsa da, onları tarixin və təbiətin qoynundan silib atmağa heç bir qüvvənin gücü çatmayıb. Yüz illər, qərinələr keçsə də, tarixin canlı şahidi olan abidələrimiz indi özünün əsl qiymətini alıb, xalqın yaddaşında ən yüksək mənəvi yerini tutub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra muxtar respublikada 1200-dən çox tarix və mədəniyyət abidəsi qeydə alınaraq pasportlaşdırılıb, onların əksəriyyəti əsaslı şəkildə bərpa edilərək yenidən yaşamaq haqqı əldə edib. Bu abidələrin içərisində qalaların özünəməxsus yeri vardır. 

Ardını oxu...

Naxçıvanın gəzməli-görməli yerlərinin turistlərə təqdimatı muxtar respublikada həyata keçirilən müasir turizm-ekskursiya fəaliyyətinin əsas vəzifələrindən biridir. İstər tarixi-mədəni, istərsə də təbii-rekreasiya ehtiyatları baxımından son dərəcə zəngin olan qədim Naxçıvanın özünəməxsus milli qonaqpərvərliyi bu əraziyə səyahət edən turistlərə təkrarolunmaz təəssürat vəd edən turlar hazırlamaq imkanı yaradır. Naxçıvanın şah tacı, qədim Əlincə qalası istiqamətində turistlərə və muxtar respublikamıza səfər etmiş digər qonaqlara təklif olunan səyahətlər də bu baxımdan öz məzmunu və yüksək həssaslığı ilə diqqəti cəlb edir.

Bir qalanın sirri

Naxçıvan-Əlincə turizm marşrutu üzrə səyahətin əsas motivləri turistlərin Naxçıvana gəlişindən xeyli əvvəl formalaşır. Başqa sözlə, indiki informasiya bolluğu şəraitində Əlincə qalası haqqında kifayət qədər virtual məlumat alan turistlərin bu yerlərə gəlməsi ilə həmin təsəvvürlər reallığa çevrilir. Bu baxımdan Naxçıvandan Əlincə qalasının zirvəsinə qədər edilən yürüşlər digər hər hansı bir şəhər və ya şəhərətrafı ekskursiyalarla müqayisədə özünün bütün məzmunu ilə bir qəhrəmanlıq hekayəsi yaşatmalıdır. Çünki indiyə qədər bu torpaqda yaşayan və yaşadılan hər tarixi iz təkcə hansısa bir qalanın sirri deyil, eyni zamanda əsrlər öncəsinədək bütöv bir xalqın mübarizə əzminin daşlaşmış salnaməsidir.

Ardını oxu...

Bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirədə Naxçıvanın zəngin turizm ehtiyatlarından səmərəli istifadə olunması və burada turizmin mümkün növləri üzrə geniş reklam-təbliğat işləri aparılması tapşırığı verilib.
Bu istiqamətdə görülmüş işlərlə əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata əsasən, muxtar respublikamızın geniş turizm potensialını əks etdirən elektron resursların yaradılması istiqamətində işlər davam etdirilir. Ötən müddət ərzində Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytı yenilənib, muxtar respublikamızın tarixi, təbiəti, onun şəhər və rayonları, burada inkişaf etdirilən turizm növləri, mövcud turizm marşrutları, turistləri maraqlandıran yerlər, onlara işgüzar xidmətlər təklif edən müəssisələr haqqında məlumatlar və fotoqalereya yerləşdirilib.

Ardını oxu...

Hələ ötən əsrin 50-ci illərindən bu günə qədər “Badamlı” mineral suyu süfrələrimizin bəzəyi olub, “Badamlı” mahnısı isə ürəkləri fəth edib. Dağlar diyarı Şahbuzun Batabatı ilə bərabər, onun Badamlısı da hələ onillər öncəsindən bir brend kimi Naxçıvanın adını bütün dünyaya tanıdıb. İndi çox vaxt, xüsusən yaz və yay aylarında Şahbuza gələrkən Badamlı yolayrıcına çatdığımızda Heydər Əliyev Su Anbarının möhtəşəm görüntüsünə göz kəsilmiş qonaqlara – bax bu həmin haqqında eşitdiyiniz kənddir, – deyə uzaqdan görünən dağların qoynunu işarə edirik. Ancaq Badamlı lap yaxında, Naxçıvan-Şahbuz avtomobil yolundan cəmi 7 kilometr məsafədə özünün bütün gözəllikləri və sakinlərinin müasir həyat tərzi ilə onun sorağına gələn qonaqları qarşılamağa hazırdır. Burada kənd turizmi üçün əlverişli imkanlar vardır. 

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunun Çalxanqala kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib. Qeyd edək ki, bundan əvvəl analoji tədbirlər muxtar respublikanın Kükü, Ərəfsə, Bist, Çənnəb, Gümüşlü, Tivi, Keçili, Gənzə kəndlərində təşkil edilib.

Kənd sakinlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məhərrəm Əliyev açıb. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Kəngərli rayonunun Çalxanqala kəndinin turizm potensialı” mövzusunda çıxış edib. Tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verilib və bildirilib ki, muxtar respublikada kənd turizmini inkişaf etdirmək üçün geniş imkanlar və şərait mövcuddur. Kəngərli rayonunun səfalı kəndlərində də belə imkanlar var.
Turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdıran Piri Nağıyev deyib ki, kənd turizmi bir çox hallarda daxili turizm növünə aid edilir.

Ardını oxu...

Yəqin ki, bir çoxlarınız başqa diyarlardan doğma yurda qayıdanda hələ buludlar arasında olan təyyarə pəncərəsindən boylanıb doğulub boya-başa çatdığınız diyarı sonsuz bir səbirsizliklə görmək, qarşınızda açılan bənzərsiz təbiət mənzərələrini seyr etmək istəmisiniz. Başıqarlı zirvələri, dərələrdən şırıl-şırıl axan suları, al-əlvan çiçəklərlə örtülmüş yamyaşıl yamacları, qoynunda minbir ağaca,  cürbəcür canlılara yer vermiş meşələri görməyi, yer üzündə kiçik bir parça olan doğma yurdun torpağına tezliklə ayaq basmağı, onun təmiz havasını ciyərlərinizə çəkməyi arzulamış, bu arzunuzun yerinə yetməsini bütün varlığınızla istəmisiniz. Təyyarə qanadları bu məmləkətin üzərinə lap yaxından kölgə salanda, addımlarınızı astaca torpağa doğru atanda yaddaşınızda havadan gördüyünüz mənzərələr həkk olunub, sonralar gördüyünüz gözəlliklər gözləriniz önündən kino lenti kimi keçib, onlar hafizənizdə şirin bir xatirə kimi iz salıb, bu ecazkar gözəllikləri lap yaxından görməyə tələsmisiniz. 

Ardını oxu...

Kənd turizmi bu gün dünyada ən geniş yayılmış və kifayət qədər gəlir gətirən turizm növüdür. Bu turizm növünün inkişaf etdirilməsində əsas məqsəd turistləri kənd həyatında müvəqqəti yaşamağa cəlb etmək və bunun vasitəsilə pul qazanmaqdır. Müasir dövrdə kənd turizmi Avropanın bütün ölkələrində mövcuddur. Lakin Şərqi Avropa ölkələrindən fərqli olaraq, qərb ölkələrində daha geniş inkişaf edib. Fransa, Almaniya, İngiltərə, İtaliya, İspaniya, Hollandiya, Avstriya və İsveçrədə kənd turizmi öz dinamik inkişafı ilə seçilir. Rəqəmlərə diqqət edək: 10 il bundan əvvəl Avropada kənd evlərində və kiçik kənd otellərində 40 milyona yaxın adam istirahət edib. İndi isə bu rəqəm 4 dəfə artıb. 

Ümumdünya Turizm Təşkilatı 2020-ci ildə turizm gəlirlərinin 2 trilyon dollar olacağını, bunun da 20 faizə qədərinin kənd turizminin payına düşəcəyini proqnozlaşdırır. Ancaq nəzərə alaq ki, kənd turizminin inkişaf etdiyi ölkələrdə bu turizm sahəsi ölkə ərazilərinin hər yerində eyni səviyyədə inkişaf etməyib. Bunun səbəbi kəndlərin iqlim xüsusiyyəti, relyefi və ayrı-ayrı rayonların coğrafi mövqeyidir. Məsələn, dünyanın ən inkişaf etmiş ölkə­lərindən sayılan İsveç və Norveçdə kənd turizmi həmin ölkələrin yalnız cənub regionlarında inkişaf edib, şimal regionlarında isə iqlimin sərt olması bu inkişafı əngəlləyir. Yaponiya və Çində isə bu turizm növü daha çox “Bir kənd, bir məhsul” siyasətinə uyğun olaraq aparılır. Yəni bu ölkələrdə turistlərin cəlb edilməsi üçün hər kəndin əhalisi yalnız bir növ məhsulun istehsalı ilə məşğul olur və onun məhsullarını turistlərə, eyni zamanda bazara təklif edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayonunun Gənzə kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Qeyd edək ki, bu, nazirliyin kənd yaşıl turizmi ilə bağlı cari ildə keçirdiyi səkkizinci tədbirdir. Bundan əvvəl analoji tədbirlər Kükü, Ərəfsə, Bist, Çənnəb, Gümüşlü, Tivi, Keçili kəndlərində keçirilib.
Gənzə, Nüsnüs, Əndəmic kəndləri sakinlərinin iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Ordubad rayonunun Gənzə, Nüsnüs və Əndəmic kəndlərinin turizm potensialı” mövzusunda çıxış edib. Tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verilib və bildirilib ki, bu kəndlərdə kənd turizmini inkişaf etdirmək üçün geniş imkanlar və şərait mövcuddur. Son illər kəndlərimizdə infrastruktur yenidən qurulub, kəndə gələn yollar abadlaşdırılıb, burada xidmət obyektləri inşa olunub. Ordubad rayonunun səfalı kənd­lərində də müasir yaşayış evləri tikilib ki, bu evlərdəki otaqlardan birini turistlərə kirayə verməklə kənddə yaşayan sakinlər gəlir əldə edə bilərlər. Qeyd olunub ki, işin düzgün qurulması qədim diyarımızın tarixinin və coğrafiyasının, milli dəyərlərimizin təbliğ olunmasında əhəmiyyətli rol oynaya bilər. Zəngin təbiətimiz, ekoloji cəhətdən təmiz qida məhsullarımız, şəfalı sularımız muxtar respublikada ekoloji və kənd yaşıl turizminin inkişafını şərtləndirən əsas amillərdəndir. Turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşdüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Kənd sakinlərinə mart ayında muxtar respublika Ali Məclisində turizmin inkişafı ilə bağlı keçirilən müşavirə haqqında məlumat verilib.

Ardını oxu...

Bədirlənən ay işığı, bir də ki dağ laləsi...
(Etüd)

İsti iyul ayında bir qaya üzərində, uca dağdan gurlayan, arabir əsib-coşan, arabir də ətrafa almaztək parıldayan sərin zərrələr saçan şəlalə qarşısında bir fotoqraf, bir də mən dayanmışıq... Gur suların önündə heyrətlənib, səssiz donub qalmışıq, elə bir lal olmaqçün öncədən anlaşmışıq. Sağdan-soldan ucalır sərt və yalçın qayalar, başımız üstə uçur şahinlər, çalağanlar. Hər tərəfi bürüyüb gül-çiçək rayihəsi, elə bil bu yerləri öz əlilə bəzəyib gözəllik ilahəsi. 

Biz dinmirik, danışır əzəmətli şəlalə. Deyir, mən təbiətin dağların zirvəsində, buludlar kölgəsində sulardan yaratdığı gözəl abidəsiyəm, böyük Nuh tufanının yadigarı, mirası, sular səltənətinin guruldayan səsiyəm. Baxın, o sahildəki ağzı bıçaqtək iti, rəngi mistək qırmızı, üstü mamır bağlamış çınqıl daşlar, qayalar, mənim əzəmətimin, gücümün, qüdrətimin sübut-nişanəsidi, daşlara qalib gələn qüdrətli sularımın zəfər təntənəsidi. Nə qədər ki axırdım öz sakit axarımda, daşlar yolumu kəsib durmuşdu qabağımda. Elə ki, coşdum-daşdım, yatağıma sığmadım, bütün bəndləri aşıb, hayqıraraq kükrəyib qayalarda yol açdım. Bax onda mən ram etdim bu yalçın qayaları, parçalayıb dağıtdım, ellərə, obalara, çöllərə, çəmənlərə həyat verməyim üçün mane olan daşları.

Ardını oxu...

Naxçıvanın turizm ehtiyatlarından bəhs edərkən ilk ağlagələn bu regionun təbiəti və tarixi abidələridir. Buradakı tarixi abidələrin hər biri turizm üçün potensial mənbə sayılmaqla yanaşı, diyarımızın təbiəti də özünəməxsusluğu ilə seçilir. Zəngin ekoloji sistemə malik Naxçıvanda ekoturizmin onlarla yarımnövü var ki, onlardan hər biri turizm üçün maraqlı obyekt rolunda çıxış edə bilər. Belə obyektlərdən biri də muxtar respublikamızda mövcud olan hidroloji abidələrdir. 

Hidroloji abidələr ekoturizmdə, əsasən, təbiət abidələri sisteminə daxildir. Müasir dövrdə dünyada turizmin inkişafı yönündə atılan addımlar elə bir səviyyəyə çatıb ki, “təbii yoxdursa, oxşarını yarat” məntiqi ekoturizmi də öz ağuşuna alıb. Məsələn, hazırda bir çox ölkə­lərdə ada turizmində süni adalardan istifadə daha çoxluq təşkil edir və yaxud isti ölkələrdə turistlərə “qış fəsli kompleksləri” yaratmaq yeni ideya deyil. Yəni demək istədiyimiz odur ki, turistlər üçün mövcud şəraitin yaradılması heç də həmişə təbiilik tələb etmir. Əsas odur ki, turist onun istifadəsinə verilmiş şəraitdən yararlana bilir və ondan razıdır. Bu nöqteyi-nəzərdən muxtar respublikada mövcud olan su ehtiyatlarının əksəriyyəti turizm sektoru daxilində hidroloji abidə kimi təqdim oluna bilər. Bəs bu tipli abidələr hansılardır və muxtar respublikada turizmin inkişafında hansı rola malikdir?

Ardını oxu...

Yay turizm mövsümünün qaynar çağında öz istirahətini muxtar respublikamızın müxtəlif guşələrində keçirmək istəyən turistlər üçün Ordubad rayonunun Çənnəb kəndi özünün bənzərsizliyi ilə seçilir. Ölkəmizin müxtəlif yerlərində, muxtar respublikamızın Naxçıvan, Şərur, Culfa şəhərlərində, habelə Nehrəm kimi iri kənd­lərində yaşayanlar yayın istisində özünə sərin-səfalı yer axtarmaq istəsələr, digər kəndlərimizlə bərabər, Ordubadın Çənnəb kəndini seçə bilərlər. Çənnəbin yayda öz gözəlliyi vardır.

Çənnəb Düylün-Məzrə istiqamətində Üstüpü ilə bitişik olan ikinci kənddir. Naxçıvan şəhərindən, təqribən, 60, rayon mərkəzi Ordubaddan 15 kilometr məsafədə yerləşir. Yolunu ilk dəfə bu kəndə, ümumiyyətlə, bu qola salan səyahətçini ilk baxışda inandıra bilməzsən ki, Xarabagilandan üzüyuxarı ucalan dağların arasında bu qədər yaşıllığa qərq olmuş kənd var. Bağ-bağata, meyvəçiliyə bu qədər bağlı olan Ordubadda belə yaşıllıqlara rast gəlməkdə isə qeyri-adi heç nə yoxdur. Ordubadlılar lap qayada da olsa, meyvə ağacı ərsəyə gətirməkdə çox səriştəlidirlər. Bu rayonda hansı kəndlə, hansı həyətlə tanış olsan, hökmən nəsə qeyri-adi bir meyvə ağacı, yeni bir meyvə sortu, yaxud meyvəçilik adət-ənənəsi ilə tanış olarsan.

Ardını oxu...

Dünən Şahbuz rayonunun Keçili kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib. Qeyd edək ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin kənd yaşıl turizmi ilə bağlı cari ildə keçirdiyi yeddinci tədbirdir. Bundan əvvəl analoji tədbirlər muxtar respublikanın Kükü, Ərəfsə, Bist, Çənnəb, Gümüşlü, Tivi kəndlərində keçirilib. 

Keçili kəndinin sakinlərinin iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Şahbuz rayonunun Keçili kəndinin turizm potensialı” mövzusunda çıxış edib. Tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verilərək bildirilib ki, Keçili kəndində bu sahəni inkişaf etdirmək üçün geniş imkanlar və şərait mövcuddur. Kənddə son illər infra­struktur yenidən qurulub, yollar abadlaşdırılıb, burada xidmət obyektləri inşa olunub. Keçili kəndində müasir yaşayış evləri tikilib ki, bu evlərdəki otaqlardan birini turistlərə kirayə verməklə kənd sakinləri gəlir əldə edə bilərlər.

Ardını oxu...

“Naxçıvan” Universitetində yenicə yaradılmış Turizm informasiya mərkəzinin təşkilatçılığı ilə yeni bir layihə reallaşdırılaraq taksi sürücüləri üçün “Turizmə yararlı peşəkar sürücü” hazırlamaq məqsədilə kurs təşkil edilib.
Bununla bağlı olaraq kursu müvəffəqiyyətlə başa vuran sürücülərin mükafatlandırma mərasimi olub. Tədbiri giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirib ki, ümummilli liderimiz Heydər Əliyev ölkə­mizdə turizmin inkişafına xüsusi önəm verirdi. Bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin edirdi. Görkəmli dövlət xadiminin ölkəmizdə turizmin inkişafı üçün müəyyənləşdirdiyi siyasət bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, muxtar respublikamız yeraltı və yerüstü sərvətləri, təbiət və tarixi abidələri ilə turizm üçün ən gözəl məkanlardan biridir. Buna görə də regionumuzda bu sahənin inkişafına xüsusi diqqət yetirilir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR