“Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasında turizmin dinamik inkişaf prioritetləri” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb.
Tədbirdə “Nəqşicahan Holdinq” otellər qrupunun müdiri Bekir Başın “Naxçıvan Muxtar Respublikasının turizm potensialı”, “Naxçıvan” Universitetinin Turizm İnformasiya Mərkəzinin rəhbəri Şahnaz Məmmədovanın “Turizm və insan psixologiyası sferasında turistlə yerli əhali arasındakı münasibətlər”, İdarəetmə fakültəsinin tələbəsi Nağı Rzazadənin “Kafe və restoranlarda turistlərə xidmət mədəniyyəti” mövzularında çıxışları dinlənilib.
Vurğulanıb ki, bu gün Naxçıvanın turizm potensialından səmərəli istifadə etmək məqsədilə mühüm işlər görülüb. Belə ki, turistlər inkişaf və sabitlik olan bölgələrə səyahət edirlər. Muxtar respublikadakı sabitlik imkan verir ki, turistlər öz istirahətlərini mənalı və təhlükəsiz keçirsinlər. Naxçıvan artıq mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Nuray ƏSGƏROVA