Bədirlənən ay işığı, bir də ki dağ laləsi...
(Etüd)
İsti iyul ayında bir qaya üzərində, uca dağdan gurlayan, arabir əsib-coşan, arabir də ətrafa almaztək parıldayan sərin zərrələr saçan şəlalə qarşısında bir fotoqraf, bir də mən dayanmışıq... Gur suların önündə heyrətlənib, səssiz donub qalmışıq, elə bir lal olmaqçün öncədən anlaşmışıq. Sağdan-soldan ucalır sərt və yalçın qayalar, başımız üstə uçur şahinlər, çalağanlar. Hər tərəfi bürüyüb gül-çiçək rayihəsi, elə bil bu yerləri öz əlilə bəzəyib gözəllik ilahəsi.
Biz dinmirik, danışır əzəmətli şəlalə. Deyir, mən təbiətin dağların zirvəsində, buludlar kölgəsində sulardan yaratdığı gözəl abidəsiyəm, böyük Nuh tufanının yadigarı, mirası, sular səltənətinin guruldayan səsiyəm. Baxın, o sahildəki ağzı bıçaqtək iti, rəngi mistək qırmızı, üstü mamır bağlamış çınqıl daşlar, qayalar, mənim əzəmətimin, gücümün, qüdrətimin sübut-nişanəsidi, daşlara qalib gələn qüdrətli sularımın zəfər təntənəsidi. Nə qədər ki axırdım öz sakit axarımda, daşlar yolumu kəsib durmuşdu qabağımda. Elə ki, coşdum-daşdım, yatağıma sığmadım, bütün bəndləri aşıb, hayqıraraq kükrəyib qayalarda yol açdım. Bax onda mən ram etdim bu yalçın qayaları, parçalayıb dağıtdım, ellərə, obalara, çöllərə, çəmənlərə həyat verməyim üçün mane olan daşları.
Bax bu uca zirvələr yurdumdur, məskənimdir, yeddi rəng qövsi-qüzeh mənim tanınmağımçün qollarıma taxılan al-əlvan bazubəndim, rəngli həmayilimdir. Mənəm uca dağların coşan, gurlayan səsi, yağışın yağmasından, buludun dolmasından, külək vıyıltısından, kəklik qaqqıltısından ilhamlanan, şad olan coşqun, sulu-köpüklü yaradılış nəğməsi, mənəm dillər əzbəri, Pəzməri şəlaləsi. Adəm övladlarından, oğuzların-türklərin məğrur övladlarından vardır bircə istəyim. Onlara bəxş etdiyim bu zövqün əvəzində tək diləyim budur ki, mənim ziyarətimə tez-tez gələnlər olsun. Bax bu gözəl otlaqlar, al-laləli yamaclar, dağ yarpızlı, nanəli, sərin çay kənarları, kəklikotu, yovşanlı, mamırlı qayalıqlar insanların sözünü-söhbətlərini duysun.
...Artıq hava qaralıb, bədirlənən mavi ay buludlar arasında çoxdan yerini alıb. O əngin səmalardan süzən ay işığında Pəzməri şəlaləsi daha gözəl görünür, uca dağlar, yamaclar, yaşıl otlu düzənlər damlalardan toxunan nəm yorğana bürünür. Parlaq ay işığında yaxınlıqda görünür gözü, kirpiyi qara, yanaqları qırmızı ikicə dağ laləsi, hər biri bir zəriflik, incəlik nümunəsi. Əyilib bircəciyin qoparmaq istəyirəm, əlimdə-ovucumda onu özümlə birgə aparmaq istəyirəm. Ancaq sonra qıymıram, onu qoparmıram mən, axan gur şəlalədən, yanında boynun bükmüş gözəl rəfiqəsindən onu ayırmıram mən. Çünki dağ laləsinin yeri elə zirvədi, sirdaşı və həmdəmi çağlayan şəlalədi.
Bir az uzaqlaşanda birdən istər-istəməz geri boylanıram mən. Dağların şux gözəli, uca səsli şəlalə, ayaqda mürgüləyən iki qırmızı lalə, bir də ki ay işığı astaca əl eləyir, “gözləyəcəyik”, – deyib, bizi tez yola salır, sonra bütün təbiət dərin xəyala dalır.
Təbiət ən böyük bəstəkar, şəlalə səsi bu bəstəkarın gənc, qüvvətli və yaradıcılığının ən zirvəsində olduğu vaxtlarda yazdığı coşqun, çılğın, şövqlü, həvəsli, hər notunda yaşamaq, yaratmaq olan möhtəşəm musiqi əsərinin uvertürasıdı. Hökmlü və sonsuz bir həyat eşqi ilə çağlayan bu səsi dinləməyə, zirvədən axan suyun daşlara necə hökm etdiyini görməyə, təbiətin qüdrətinin sərhədsiz olduğunu bir neçə dəqiqəliyinə də olsa, hiss və dərk etməyə dəyər...
Ordubad rayonunun Pəzməri kəndinin yaxınlığında yerləşən əsrarəngiz Pəzməri şəlaləsi onu görmək istəyənlərin yolunu gözləyir.
Səbuhi Hüseynov