Naxçıvanın gəzməli-görməli yerlərinin turistlərə təqdimatı muxtar respublikada həyata keçirilən müasir turizm-ekskursiya fəaliyyətinin əsas vəzifələrindən biridir. İstər tarixi-mədəni, istərsə də təbii-rekreasiya ehtiyatları baxımından son dərəcə zəngin olan qədim Naxçıvanın özünəməxsus milli qonaqpərvərliyi bu əraziyə səyahət edən turistlərə təkrarolunmaz təəssürat vəd edən turlar hazırlamaq imkanı yaradır. Naxçıvanın şah tacı, qədim Əlincə qalası istiqamətində turistlərə və muxtar respublikamıza səfər etmiş digər qonaqlara təklif olunan səyahətlər də bu baxımdan öz məzmunu və yüksək həssaslığı ilə diqqəti cəlb edir.
Bir qalanın sirri
Naxçıvan-Əlincə turizm marşrutu üzrə səyahətin əsas motivləri turistlərin Naxçıvana gəlişindən xeyli əvvəl formalaşır. Başqa sözlə, indiki informasiya bolluğu şəraitində Əlincə qalası haqqında kifayət qədər virtual məlumat alan turistlərin bu yerlərə gəlməsi ilə həmin təsəvvürlər reallığa çevrilir. Bu baxımdan Naxçıvandan Əlincə qalasının zirvəsinə qədər edilən yürüşlər digər hər hansı bir şəhər və ya şəhərətrafı ekskursiyalarla müqayisədə özünün bütün məzmunu ilə bir qəhrəmanlıq hekayəsi yaşatmalıdır. Çünki indiyə qədər bu torpaqda yaşayan və yaşadılan hər tarixi iz təkcə hansısa bir qalanın sirri deyil, eyni zamanda əsrlər öncəsinədək bütöv bir xalqın mübarizə əzminin daşlaşmış salnaməsidir.
Odur ki, muxtar respublikamıza səyahət etmiş turistlərə Naxçıvan-Əlincə turizm marşrutu üzrə səyahətlər təklif olunduğunda təkrarolunmaz, bir rəssam əsəri kimi rəngarəng olan tur proqramları ortaya qoymaq tələb olunur. Bunun üçün nə etməli, haradan başlamalı sualının cavabı isə çox sadədir. Əlincəqalanın ətəyində və zirvəsində bircə saatlıq düşüncəyə dalıb fikirləşməklə bu məsələ öz həllini tapacaqdır. Sirlərlə dolu bu qalanın min illərdən süzülüb gələn qədim tarixi, bu tarixi gələcək nəsillərə çatdırmaq üçün bu torpaqların əzəli sahibləri olan azərbaycanlıların yurd sevgisi və qətiyyəti yaradılacaq kompozisiyanın bəzəyi olacaqdır. Ancaq yaxşı olar ki, bu marşrut haqqında söhbətə başlarkən tarixin qədim qatlarına bir nəzər salaq.
Əlincə – tariximiz
Əlincə istiqamətində yola çıxarkən, ümumilikdə, Naxçıvanın tarixi haqqında qısa da olsa, bir giriş verilməsi tələb olunur. Çox tez-tez rast gəldiyimiz bir hal vardır ki, bəzi əcnəbi turistlər Naxçıvanın niyə Azərbaycandan ayrı düşdüyünü, hətta buradakı yerli əhalinin hansı dildə danışdığı kimi bizə primitiv görünən, ancaq onlar üçün maraqlı suallar verirlər. Bu da təbiidir. Məsələn, biz özümüz də Aralıq dənizindəki adalardan birinə səyahət edəndə buranın yerli əhalisinin hansı dildə danışdığı haqda maraqlana bilərik. Odur ki, tariximizə dair hətta bizim 8-ci sinif şagirdlərimizin belə, əzbər bildiyi bir çox məlumatların turistlərdə qeyri-adi reaksiya doğurmasına təəccüblənməməli, tam əksinə, bunu Azərbaycan və Naxçıvan həqiqətlərinin dünyaya çatdırılması üçün bir fürsət kimi dəyərləndirməliyik. Həm də peşəkarcasına. Çünki bunlar da, əslində, turizm-tanıtım sarıdan yığılıb qalmış problemlərimizin bir hissəsidir.
Turizm mədəniyyətlərarası dialoqun mühüm vasitələrindən biridir. Təkcə müasir dövrdə deyil, tarix boyunca səyyahların əsas missiyaları dünya xalqlarının mədəniyyətini öyrənmək, insanların həyatının bütün maraqlı elementlərini öyrənib öz ölkələrinə qayıtmaq olub.
Tarixi İpək Yolu üzərindəki Naxçıvan öz coğrafi mövqeyi, qədim şəhər mədəniyyəti və yadelli basqınlardan müdafiə olunmaq bacarığı ilə ad çıxarmışdır. Bu mənada, Əlincə yolu ilə səyahət edən turistlər də bilməlidirlər ki, Naxçıvanın qədim tarixi Azərbaycan tarixinin mühüm bir hissəsidir. Naxçıvan cəmisi yüz il əvvəl tarixi ədalətsizlik nəticəsində Azərbaycandan aralı düşsə də, bu şəhər Atabəylər dövlətinin paytaxtı kimi dünyada tanınırdı. Bəzən tarix haqqında danışarkən müharibələr haqqındakı epizodlar maraqla dinlənilir. Ancaq, fikrimizcə, Əlincəyə doğru hərəkət edən turistlərə Naxçıvanın alınmazlığının sirrini bu torpaqda formalaşmış mədəniyyətlə bağlı olduğunu çatdırmaq ən doğru giriş olardı. Min illər ərzində Naxçıvanda formalaşmış bir mədəniyyət vardır ki, o, bu torpağın əyilməzliyinin əsl mayası, ruhudur. Qoy turistlər bilsinlər ki, bu torpaqda heç kimi heç bir yağlı tikəyə satın almaq, çətinliklərlə qorxudub yurd-yuvasından çıxarmaq mümkün olmayıb. Göydə Allah, yerdə Əlincə qalası kimi sərt qayalar naxçıvanlıların həmişə dadına çatıb. Ona görə də bu ssenari ilə davam etdirilən tur təqdimatı zamanı Əlincə qalasına çatan turistlər bir daha inanacaqlar ki, necə olub, Səmərqənddən Bağdada qədər dünyanın az qala yarısını tutmuş bir fateh 14 il ərzində Əlincə qalaya bata bilməyib.
Əlincəqala təkcə müdafiə məqsədli bir istehkam olmayıb. Bu qala, xüsusən orta əsrlərin feodal dövlətləri dövründə bir xalqın yaratdığı mədəniyyət incisi, dövlətçiliyin, iqtisadiyyatın güc simvoludur. Buraya gələn turistlər bilməlidir ki, təkcə dünyada deyil, Azərbaycanın, eləcə də Naxçıvanın müxtəlif yerlərində Əlincədən daha yüksəkdə yerləşən sərt sıldırımlı qayalıqlar vardır. Amma tarixi zaman ərzində bunların bir qala kimi istifadə olunaraq strateji əhəmiyyət kəsb etməsi və müəyyən çətin dövrlərdə dövlətin alınmaz qalası olması üçün müəyyən şərtlər tələb olunurdu. Odur ki, turistlərə Əlincəqalanın tarixi haqqında danışarkən onun müdafiə məqsədli xüsusiyyətləri ilə yanaşı, strateji mövqeyi və orta əsrlərdə təkcə Naxçıvanda mövcud olmuş feodal dövlətləri üçün deyil, həm də o dövrdə Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərq ölkələri üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulamalıyıq. Sonuncu Atabəy hökmdarı Özbəyin dövründə dövlətin Təbrizdən idarə olunmasına baxmayaraq, dağıdıcı monqol hücumlarından qorunmaq üçün onun Naxçıvanda məskunlaşması Əlincəqala kimi möhkəm müdafiə oluna bilən bir qalanın yaratdığı inamdan doğur.
Əlincə – bu günümüz
Naxçıvan müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsində xüsusi yeri olan bir torpaqdır. Tarix təkrar olunur. Azərbaycan tarixinin müxtəlif mərhələlərində öz sözünü demiş Naxçıvan indi də heyrətamiz irəliləyişləri ilə ölkə gündəmində mühüm yer tutmaqda, yaxın-uzaq xaricdə maraqla izlənilməkdədir. Bununla yanaşı, Naxçıvanda görüləcək işlər də çoxdur. Belə ki, müstəqillik illərində muxtar respublikanın hərtərəfli inkişafı, insanların həyat səviyyəsinin yüksəlməsi özü ilə yeni tələbatlar doğurmuşdur. Odur ki, Əlincə marşrutu üzrə irəliləyərkən, indi Naxçıvanın 200-dən artıq kəndinə bu cür rahat və təhlükəsiz yollar çəkildiyi, bütün kəndlərdəki müasir idarəetmə tələblərinə uyğun infrastruktur şəraiti yaradıldığı vurğulanmalıdır. Məhz bu məqamda Naxçıvanın keçmişi ilə müasir dövrü arasında bir etibarlı körpü dayağı kimi təqdim olunan Əlincə qalasının bərpa olunaraq yenidən dünya mədəniyyəti mirasına qazandırılmasının əhəmiyyəti bütöv bir fəsil kimi geniş izah olunmalı, qalaya qalxdıqca pillə-pillə görülən işlərin möhtəşəmliyi turistlərin diqqətinə çatdırılmalıdır. Bu gün muxtar respublikanın etibarlı müdafiəsindən tutmuş kiçik bir emal müəssisəsi yaradılmasınadək görülən bu qədər işlər arasında Əlincəqalanın bərpa olunmasına və muzey yaradılmasına ayrılan diqqət Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iradəsinin məhsulu olduğu bildirilməlidir. Turistlər hiss etməlidir ki, Əlincənin zirvəsinə qalxmaq, sadəcə, dəniz səviyyəsindən, təqribən, 1500 metr yüksəklikdəki bir zirvəyə dırmanmaq deyildir. Bəli, bu, elə bir zirvədir ki, XIV əsrin sonlarında tam 14 il ərzində yadelli ordular onun zirvəsinə həsədlə baxıblar. Ancaq mədəniyyətin, səbir və inamın nəticəsidir ki, indi Əlincə qalası hər gün yüzlərlə yerli və xarici turisti özünə çağırır.
Beləcə, qalaya gedən hər pillənin hekayəsinə qulaq asaraq Əlincənin zirvəsinə çatırıq. Burada hər şey təbii, hər şey olduğu kimidir. Qalır təkcə tarixin dərin qatlarındakı cəngavər döyüşlərinə şahidlik etmiş qayalarla baş-başa qalıb seyrə dalmaq. Beş dəqiqə nəfəs dərib qalanın təqdimatına başlayırıq. Naxçıvana gəlmiş turistlər bir daha tarixin açılmamış səhifələrində yaşayan ecazkarlığa şahid olacaqlar.
(Ardı var)
Əli Cabbarov