22 Dekabr 2024, Bazar

Kənd turizmi bu gün dünyada ən geniş yayılmış və kifayət qədər gəlir gətirən turizm növüdür. Bu turizm növünün inkişaf etdirilməsində əsas məqsəd turistləri kənd həyatında müvəqqəti yaşamağa cəlb etmək və bunun vasitəsilə pul qazanmaqdır. Müasir dövrdə kənd turizmi Avropanın bütün ölkələrində mövcuddur. Lakin Şərqi Avropa ölkələrindən fərqli olaraq, qərb ölkələrində daha geniş inkişaf edib. Fransa, Almaniya, İngiltərə, İtaliya, İspaniya, Hollandiya, Avstriya və İsveçrədə kənd turizmi öz dinamik inkişafı ilə seçilir. Rəqəmlərə diqqət edək: 10 il bundan əvvəl Avropada kənd evlərində və kiçik kənd otellərində 40 milyona yaxın adam istirahət edib. İndi isə bu rəqəm 4 dəfə artıb. 

Ümumdünya Turizm Təşkilatı 2020-ci ildə turizm gəlirlərinin 2 trilyon dollar olacağını, bunun da 20 faizə qədərinin kənd turizminin payına düşəcəyini proqnozlaşdırır. Ancaq nəzərə alaq ki, kənd turizminin inkişaf etdiyi ölkələrdə bu turizm sahəsi ölkə ərazilərinin hər yerində eyni səviyyədə inkişaf etməyib. Bunun səbəbi kəndlərin iqlim xüsusiyyəti, relyefi və ayrı-ayrı rayonların coğrafi mövqeyidir. Məsələn, dünyanın ən inkişaf etmiş ölkə­lərindən sayılan İsveç və Norveçdə kənd turizmi həmin ölkələrin yalnız cənub regionlarında inkişaf edib, şimal regionlarında isə iqlimin sərt olması bu inkişafı əngəlləyir. Yaponiya və Çində isə bu turizm növü daha çox “Bir kənd, bir məhsul” siyasətinə uyğun olaraq aparılır. Yəni bu ölkələrdə turistlərin cəlb edilməsi üçün hər kəndin əhalisi yalnız bir növ məhsulun istehsalı ilə məşğul olur və onun məhsullarını turistlərə, eyni zamanda bazara təklif edir.

Turistlər səfər etməzdən əvvəl öz maraqlarını, səfər proqramlarını müəyyənləşdirir, çay, bambuk və başqa məhsullar yetişdirilən kənd­lərdən birini seçirlər. Butipli səfərlərin məqsədi bir məhsulun becərilməsi, yığılması və satışı ilə tanış olmaq, bir kənddə qalmaq və istirahət etməkdən ibarətdir. Məsələn, kənd­lərdən bəzilərində əhali yalnız çay istehsalı ilə məşğul olur, əkin sahələrində müasir çay muzeyləri təşkil edir, çay məhsullarının satışı üçün xüsusi mağazalar açır. Bir çox kənd­lərdə hətta turistlər üçün çay festivalları təşkil olunur və xeyli gəlir əldə edilir. Kənd turizminin formalarından biri turistlərin kənd təsərrüfatı məhsullarının becərilməsi ilə tanış olması və bu prosesdə iştirakıdır. Turizmin belə forması kənd turizminin bir növü olan aqroturizm də adlanır. Turistlər səfər dövründə kənd yerlərində tarlalara, əkin sahələrinə və digər kənd təsərrüfatı obyektlərinə gedərək kənd təsərrüfatı məhsullarının əkilməsi, becərilməsi və məhsulların yığılması proseslərində birbaşa iştirak edirlər. Və yaxud ev heyvanlarının saxlanılması, onlar üçün yem tədarükü, sağım, heyvandarlıq məhsullarının istehsalı və sair aqroturizmi daha maraqlı edib. Bu işlər təcrübə qazanmaq, kənd təsərrüfatı məhsulları istehsalının sirlərini öyrənmək, təbiətə yaxın olmaq və ya asudə vaxtı dəyərləndirmək məqsədilə icra olunur.
Təbii ki, bu misalları çəkməkdə məqsədimiz dünyada kənd turizminin inkişaf mənzərəsi haqqında müəyyən məlumatlar verməkdən ibarətdir. Və bu məlumatlar bizə rəngarəng iqlim qurşaqlarının mövcud olduğu Azərbaycanda, xüsusilə muxtar respublikamızda kənd turizminin inkişafı üçün çox münbit potensialın olduğunu göstərir. Muxtar respublikada son iki onillikdə kənd yaşayış məntəqələrində aparılmış infrastruktur quruculuğu tədbirləri isə bu potensialın perspektivlərini daha da genişləndirir. Aydın məsələdir ki, ömrünü şəhər həyatında davam etdirən hər bir insan üçün kənd həyatı maraqlıdır. Ancaq bunun üçün kəndlərdə müəyyən infrastrukturun olması da vacibdir. Çünki bu turizm növünü seçən turistlər kənd həyatını dadmaqla yanaşı, müvafiq xidmətlərin olmasını da istəyirlər. Bura yolların rahatlığından tutmuş rabitə xidmətlərindən istifadəyə, tibbi xidmətdən tutmuş təhlükəsizlik amilinədək çox şey daxildir. Bu sadaladığımız imkanları abadlaşan kəndlərimizin hər birində əldə etmək mümkündür. Məsələnin digər tərəfi isə kənd sakinləri tərəfindən turistlərə lazımi xidmətlərin göstərilməsidir. Bu cür xidmətlərə turistlərin qalacaqları kənd evlərində lazımi şəraitin olması, həyət-bacanın səliqə-sahmanı, ev sahibinin gülərüzlüyü, sakitliyin təmin olunması, bələdçilik, tərcüməçilik və sair amillər daxildir.
Bir faktı qeyd etmək lazımdır ki, kənd turizminin inkişafında ənənəvilik mühüm amillərdən sayılır. Nəzərə alaq ki, bu turizm növünü seçən turistlərin əksəriyyətini ənənəvi mədəniyyət daha çox maraqlandırır. Çünki burada əsas məqsəd kənd həyatına, yüzillər boyu yaşadılan dəyərlərə, adət-ənənələrə yaxın olmaqdır. Heç bir halda müasir dəbi sevməyən kənd turizmi milliliyin təbliği baxımından unikal imkanlar yaradır. Qonşu Türkiyə Respublikasında son illər kənd turizmində diqqət yetirilən məqamlardan biri əcnəbilərin kənd toylarında iştirakını təmin etməkdir. Toy prosesində əvvəldən sonadək iştirak edən turistlər bu cür dəyərlərin sonradan əsl təbliğatçılarına çevrilirlər. Buna görədir ki, həmin kəndlərlə işləyən turoperatorların qeydiyyatında kənd toylarının planlaşdırılması da öz əksini tapır. Bəs turistlər kənd turizminə niyə bu qədər üstünlük verirlər?
Nəzərə alaq ki, müasir dövrdə istənilən ölkədə şəhərdə yaşayan əhali kəndlərdə yaşayanlardan dəfələrlə çoxdur. Şəhər həyatı isə insanlara daha çox müasir meyilləri təbliğ edir. Kənd həyatına o qədər marağı olmayanlar belə, sakit guşə axtarışında kəndlərə üstünlük verirlər. Kənd həyatı isə özünün spesifik xüsusiyyətləri ilə seçilir. Çünki burada qida məhsulları yetişdirilir, təbiət sənayeləşmədən uzaqda qalır, şəhər həyatına xas gərginliyə, çirklənməyə rast gəlinmir, dəyərlər deformasiyaya uğramır, sakinlər bir-birlərini tanıdığından xarakter fərqliliyi uçurum yaratmır və sair. Bu tərəflər isə şəhərdə yaşayanlara hər zaman maraqlı olur. Buna görə də turistlər, xüsusilə şəhər həyatından müvəqqəti ayrılmaq istəyənlər otellərdə qapalı şəkildə qalmaq istəmirlər, daha çox kəndlərə üz tuturlar. Onlar yerli sakinlərlə ünsiyyət qurmaq, yerli məişətlə, adət-ənənələrlə tanış olmaq istəyirlər. Turistlərin kənddə ilk tanışlığı müvəqqəti yaşayacaqları evin sahibləri ilə olur. Sonra isə bu tanışlıq və ünsiyyət təsərrüfatla məşğul olan sakinlərdən tutmuş burada müxtəlif sahələrdə çalışan insanlaradək davam edir. Və təbii ki, fərqli mədəniyyətin daşıyıcısı kimi həmin əcnəbilər kəndə xas bir çox xüsusiyyətləri öyrənməyə çalışırlar. Bu zaman isə görüb öyrəndiklərini bu və ya digər şəkildə sonradan getdiyi ölkədə yaymağa çalışır, necə deyərlər, bu işin təbliğatçısına çevrilirlər. Turistlər şəhər yerlərindən fərqli olaraq, kəndlərdə yaşayan insanlarla daha çox ünsiyyətdə olurlar. Ünsiyyətdə olduqları insanlar isə sadə vətəndaşlar olduğundan kənd turizmi burada ictimai diplomatiya vasitəsinə çevrilir. Məhz sadə kənd əhalisi turistlərlə münasibətdə gündəlik yaşam tərzindən tutmuş sahib olduğu dəyərlər, adət-ənənələr, məişət qayğıları və sair haqqında informasiya daşıyıcısına çevrilir. Bu amil isə bir kəndin timsalında istənilən ölkənin və xalqın xoş simasının təbliğində mühüm rol oynayır. Bu cür yerlərdə verilən informasiya müasir media vasitələri ilə yayılan informasiyalardan daha güclü təsirə malik olur və informasiyanın mənbəyi rolunu birbaşa vətəndaşlar oynayır. Həmin amil isə regionun təbliğat mexanizmində ictimai diplomatiya funksiyasını yerinə yetirir.

Təcrübədən də məlumdur ki, turistlər onlar üçün maraqlı olan hər bir dəyəri yaymaqda həvəsli olurlar. Daha doğrusu, sosial media bu həvəsi indi həyat tərzinə çevirib. Bütün bunları yekunlaşdıraraq deyə bilərik ki, kənd turizmi tariximizin, milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliğində mühüm rol oynayır. Kənd turizminin inkişafına öz töhfəsini verə biləcək kənd yaşayış məntəqələrində əhalinin maariflənməsi isə bu diplomatiyanın əsasını təşkil edir.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR