22 Dekabr 2024, Bazar

Birləşmiş Ərəb Əmirliklərinin rəsmi dövlət qəzeti olan “Əl-İttihad”da müəllif Nəsrin Durzinin “Naxçıvan… Müalicə və əyləncə turizmi üçün istiqamət” sərlövhəli məqaləsi dərc edilib. Qəzetin çap variantının Naxçıvana həsr edilən səhifəsində isə muxtar respublikanın turizm imkanlarını əks etdirən fotoşəkillər yerləşdirilib.
Məqalədə Azərbaycan Respublikasının tərkibində olan, ərazisi 5502 kvadratkilometr, əhalisi isə 435,5 min olan muxtar respublikanın coğrafi mövqeyindən, onun Ermənistan, Türkiyə və İran ilə həmsərhəd olmasından danışılıb. Yazıda “Naxçıvan” sözünün mənşəyi barədə də ətraflı söhbət açılıb. Müəllif bu barədə xalq etimologiyasına və tarixi qaynaqlara əsaslanaraq “Naxçıvan” sözünün “Nəqşi-cahan”, yəni “dünyanın naxışı”, “dünyanın bəzəyi” sözlərindən əmələ gəldiyini, ancaq xalq arasında geniş yayılmış rəvayətə görə, toponimin Nuh Peyğəmbərlə, daha doğrusu, “dünya tufanı” ilə bağlı olduğunu, bununla da, “Nuhçuvan” – “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” mənasını verdiyini oxucuların diqqətinə çatdırıb.

N.Durzi 1924-cü ildə muxtariyyət statusu verilən Naxçıvanın sistemləşdirilmiş yazılı mənbələrə, muxtar respublika ərazisində arxeoloji qazıntılar zamanı əldə olunan materiallara, eləcə də məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələrə görə beş min ilə yaxın yaşı olduğunun ehtimal edilməsini önə çəkib, respublikanın nadir təbii üstünlüklərindən söhbət açıb. Bu xüsusda 11 iqlim qurşağından 7-nin Naxçıvanın ərazisindən keçdiyi, flora və faunanın zənginliyi xüsusi qeyd edilib, bır sıra statistik məlumatlar təqdim olunub. Qeyd edilib ki, bu diyarda 400 böyük və kiçik çay, 200-dən çox mineral su bulağı, üç minədək bitki, 373 heyvan və 226 quş növü, o cümlədən onlarla dağ zirvəsi yerləşir. Naxçıvanın Azərbaycan Respublikası ərazisinin cəmi 6,2 faizini təşkil etməsinə baxmayaraq, flora və faunanın növ müxtəlifliyi ölkə üzrə göstəricinin müvafiq olaraq 60 və 56 faizini təşkil edir. Həmin amillər, habelə 58-i dünya, 455-i ölkə və 649-u yerli əhəmiyyətli olmaqla, Naxçıvanda mövcud 1162 tarixi-mədəniyyət abidəsi nəzərə alınaraq bu qədim diyarda ənənəvi və müalicəvi turizmin inkişaf etdiyi önə çəkilib, bu barədə geniş söhbət açılıb.
Müəllif ənənəvi turizm sahələrinə toxunaraq ziyarətçilərin Əshabi-Kəhf mağarasını, Gəmiqaya ərazisini, Nuhun qəbrini və sair ziyarət etmək imkanına malik olduqlarını oxucuların diqqətinə çatdırıb. Son dövrdə aparılmış araşdırmaların “Qurani-Kərim”də adıçəkilən Əshabi-Kəhf mağarasının Naxçıvan ərazisində yerləşdiyi və bunun xristianlıqla heç bir əlaqəsinin olmadığını ortaya çıxardığı yazıda xüsusi qeyd edilib, mağaranın müfəssəl şəkildə təsviri diqqətə çatdırılıb. Vurğulanıb ki, mağaranın sonunda olan məscidin mehrabında kitabə var. İri mərmər lövhədən (145x35 sm) ibarət kitabənin mərkəzi hissəsində, çərçivələr içərisində “Qurani-Kərim”in Əshabi-Kəhf hadisəsindən bəhs edən “əl-Kəhf” surəsindən 9-12-ci, 17-18-ci ayələri həkk edilib.
Nuh Peyğəmbərin qəbri barədə söhbət açan N.Durzi dünya tufanı zamanı Həzrəti Nuh Peyğəmbərin gəmisinin Naxçıvan ərazisindəki Haçadağa toxunduğunu, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər saldığını və həmin yerin Gəmiqaya adlandırıldığını bildirib. Həmçinin Nuhun qəbrinin Naxçıvanda olması haqqında fransalı İvan Şopenin, isveçrəli Dyubua-de Monperenin, rusiyalı Konstantin Nikitinin və digər tədqiqatçıların məlumatları oxucuların diqqətinə çatdırılıb. Həzrəti Nuh Peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun bacısının da məzarının Naxçıvan şəhərində olduğu barədə məlumat verilib.
Naxçıvanın müalicə turizmi sahəsində imkanlarından bəhs edərkən müəllif Darıdağ Balneoloji Müalicəxanasını və Duzdağ Fizioterapiya Mərkəzini misal çəkib, bu müəssisələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Darıdağ arsenli termal suyunun xüsusiyyətləri onu nəinki Qafqazda, hətta bütün dünyada olan arsenli sular içərisində birinci yerə çıxarır. Belə ki, eynitipli sular içərisində dünyada ən məşhuru İtaliyadakı Rençeko və Leviko, Fransadakı Lya-Bur-Bul adlı mənbələrdir. Darıdağ suyu onlarla müqayisədə çox fərqlidir. İtaliyanın Rençeko mənbəyində arsenli mineral suyun tərkibində arsenin miqdarı Darıdağdakından çoxdur. Lakin onun tərkibi qələvi deyil, orqanizmdə kifayət qədər sorulmur və lazımi müalicə effekti vermir. Darıdağ ərazisində hazırda beynəlxalq standartlara cavab verən iki yeni müalicəxana korpusundan istifadə edilir. Korpuslarda tibbi yardım göstərməyə geniş şərait və imkan var. Korpuslarda bir saat ərzində 25-30 xəstə qəbul etmək mümkündür.
Qeyd olunub ki, beynəlxalq standartlara uyğun olan yeraltı və yerüstü hissələrdən ibarət 100 çarpayılıq Duzdağ Fizioterapiya Mərkəzi 1980-ci ildə fəaliyyətə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin göstə­rişinə əsasən, mərkəz 2008-ci ildə yenidən qurulub. Bu müalicə ocağında müasir texnologiyalar əsasında bronxial-astma və digər allergik xəstəliklərin müalicəsi aparılır.
Həmçinin Naxçıvan Muxtar Respublikasının zəngin təbii ehtiyatlarından birinin də onun şəfalı bulaqları, mineral sularının olduğu diqqətə çatdırılıb. Muxtar respublikada mövcud olan Sirab, Vayxır, Badamlı, Gülüstan, Darıdağ, Əshabi-Kəhf kimi şəfalı mineral su bulaqlarından müxtəlif daxili orqan və oynaq xəstəliklərinin müalicəsində istifadə olunduğu bildirilib. Sirab, Badamlı və Gülüstan mineral sularının süfrə suyu kimi istehsal edildiyi vurğulanıb.
Məqalənin yekununda N.Durzi Azərbaycan hökumətinin 2015-ci ilin noyabrından etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üçün giriş vizasının respublikamızın beynəlxalq hava limanlarında verilməsi haqqında qərarının bu ölkədən Naxçıvan, Gəncə kimi şəhərlərə turist axınının kəskin artmasına səbəb olduğunu bildirib. Müəllif Azərbaycan kimi qədim ölkənin BƏƏ turistlərinin potensial turizm istiqaməti siyahısında özünəməxsus yer tutduğunu qeyd edib. O, Dubay-Bakı birbaşa aviareyslərinin mövcudluğunu və bəzən normadan artıq yükləndiyini nəzərə alaraq Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Naxçıvana müntəzəm uçuşlar təsis etməsinin zəruriliyini diqqətə çatdırıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR