Naxçıvanın qədim tarixə malikliyini indi kiməsə sübut etməyə ehtiyac yoxdur. Bu diyarın köksündə özünə əbədi yurd-yuva salmış tarixi abidələr Naxçıvanın min illərboyu ulu tarixə şahidliyinin nəticəsidir. Müxtəlif dövrlərdə bu və ya digər səbəblər üzündən bu tarixi abidələr dağıdılsa da, onları tarixin və təbiətin qoynundan silib atmağa heç bir qüvvənin gücü çatmayıb. Yüz illər, qərinələr keçsə də, tarixin canlı şahidi olan abidələrimiz indi özünün əsl qiymətini alıb, xalqın yaddaşında ən yüksək mənəvi yerini tutub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra muxtar respublikada 1200-dən çox tarix və mədəniyyət abidəsi qeydə alınaraq pasportlaşdırılıb, onların əksəriyyəti əsaslı şəkildə bərpa edilərək yenidən yaşamaq haqqı əldə edib. Bu abidələrin içərisində qalaların özünəməxsus yeri vardır.
Muxtar respublikada aparılmış tədqiqatlar göstərir ki, Naxçıvan qalatipli yaşayış yerləri ilə zəngin bir diyardır. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yazır ki, Naxçıvanda qalatipli yaşayış yerləri eramızdan əvvəl III minillikdə yaranıb, sonrakı dövrlərdə bu tip yaşayış yerlərindən geniş istifadə edilib. Orta əsrlərdə qalatipli yaşayış yerləri Azərbaycan xalqının işğalçılara qarşı mübarizəsində mühüm istinad nöqtələrindən olub, yerli əhali özünü qorumaq üçün müdafiə qalaları yaradıb. Belə qalalar, adətən, təbii qayalar üzərində qurulub. Bunlara misal olaraq, Əlincəqala, Oğlanqala, Çalxanqala, Berdiqala, Qalacıq, Qazançıqala, Vayxırqala, Nəhəcir qalası, Ordubad qalası və başqalarını göstərmək olar. Ümumilikdə götürsək, aparılan tədqiqatlara görə, Naxçıvan ərazisində 80-ə yaxın qala müəyyənləşdirilib. Ərazisi o qədər də böyük olmayan muxtar respublikada bu qədər qalanın mövcudluğu cox ciddi tarixi faktlardan xəbər verir. Birincisi ona görə ki, qalalar yadelli hücumlardan qorunmaq üçün inşa olunsa da, sadəcə, özünümüdafiə xüsusiyyəti daşımayıb. Qalalar, ilk növbədə, ilkin yaşayış məskənlərinin göstəricisidir. Digər tərəfdən bu kimi tarixi abidələr xalqların öz daxili tələbatının, hərbi və iqtisadi qüdrətinin nəticəsi olaraq meydana çıxıbdır. Tarixi mənbələr göstərir ki, Naxçıvan qalaları uzaq keçmişdən burada yaşayan əcdadlarımızın həyat tərzini, dini inanclarını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq sənətini özündə yaşadaraq müasir dövrümüzədək gəlib çatıb. Muxtar respublikada qalatipli yaşayış yerlərində ən çox diqqətçəkən amillərdən biri də ərazidə qala-şəhərlərin mövcudluğudur. Arxeoloji tədqiqatlar göstərir ki, qala-şəhərlərin formalaşması beş min il bundan əvvələ gedib çıxır və bu cür tikililər, əsasən, çay vadilərində, ticarət və sənətkarlığın daha sıx yerləşdiyi ərazilərdə salınıb. Bu fakt özlüyündə dünya, o cümlədən Şərq sivilizasiyasının əsas ocaqlarından biri kimi Naxçıvan torpağının möhtəşəm keçmişindən xəbər verir. II Kültəpə, Naxçıvan, Şahtaxtı, Qızqala, Qızılburun, Qazançıqala kimi qədim qala-şəhərlərin mövcudluğu haqqında bu gün əlimizdə tutarlı faktlar var. Bu faktlar isə Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqazın və Yaxın Şərqin tarixi-mədəni keçmişinə işıq tutmaqda əvəzolunmaz rol oynayır. Daha çox öyrənilmə və təbliğolunma nöqteyi-nəzərindən bu kimi abidələr Naxçıvanın turizm potensialında müstəsna əhəmiyyətə malikdir. Mədəni turizmin inkişafı da dünyada məhz bu cür zəngin potensiala malik regionlara xasdır.
Qeyd etmək lazımdır ki, mədəni turizm, əsasən, intellektual insanların maraq dairəsini özündə cəmləşdirən bir istiqamətdir. Digər kütləvi turizm növlərindən fərqli olaraq bu sahəyə maraq göstərən turistlər üçün tarixi kitablarda yox, reallıqda hiss etmək daha maraqlı sayılır. Hazırda dünya turizminin 10 faizini dağ və piyada turizmi tutur. Bu turizm növləri müəyyən mənada mədəni turizmlə oxşarlıq təşkil etsə də, ikincidə elitar kütlə və yaxud bu sahəyə həvəsi olanlar çoxluq təşkil edir. Hətta hazırda dünyanın bir çox antik mədəni abidələri olan ölkələrdə elmi konfrans və simpoziumların həmin bölgələrdə təşkil olunması turist axınına xeyli imkanlar açır. Bu tipli səyahətlərdə qədim sivilizasiyaya yaxın olmaq, “keçmişlə fotoşəkil çəkdirmək” turistləri daha çox razı salan məqamlardandır.
Ötən yazılarımızın birində muxtar respublikada arxeoloji turizm üçün kifayət qədər münbit potensialın olduğunu vurğulamışdıq. Xüsusilə son illərdə Oğlanqala yaşayış yerində aparılan tədqiqatlar bu diyarın zəngin tarixi dövrlərə şahidlik etdiyini göstərir. Ən qədim qala tikililərinə xas olan Oğlanqala, Naxçıvanqala, Qalacıq, Azad Kiran kimi ərazilər Azərbaycanın əsas siyasi və mədəni mərkəzləri olmaqla yanaşı, həm də dövlətçilik ənənələrinin formalaşdığı yerlər olub. O yerdə ki dövlətçilik ənənələri olub, demək ki, həmin ərazilər sivilizasiyanın əsas hədəfinə çevrilib. Məhz belə zəngin tarixi potensialı qorumaq və təbliğ etməyin ən əlverişli yolu bu tipli obyektlərin turizmlə əlaqələndirilməsidir. Muxtar respublikada son illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər hər birimiz üçün qürurvericidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, mühüm tarixi abidələrdən olan və Naxçıvan şəhərinin ərazisində yerləşən Naxçıvanqalada əsaslı bərpa işləri həyata keçirilib, muzey yaradılıb. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində son dövrlərdə ictimai iaşə xidmətlərinin təşkil edilməsi, əl işlərindən ibarət mağazaların açılması, eyni zamanda həmin məkanın bir sıra kütləvi-mədəni tədbirlərin təşkili üçün seçilməsi buranı ziyarət edən turistlərin sayının artmasına təsir göstərib.
Uzun illər yaddaşlardan silinməyəcək hadisələrdən biri də Əlincəqalanın istifadəyə verilməsidir. Orta əsrlər Azərbaycan tarixinin ən mühüm siyasi hadisələrinə şahidlik etmiş, xalqımızın mübarizlik simvoluna çevrilmiş Əlincəqala dövlətçilik ideyalarının qorunduğu, hərbi-strateji və iqtisadi-siyasi mövqeyi ilə seçilən abidələrdəndir. İki min ildən artıq tarixə malik Əlincəqala bu gün öz qapılarını turistlərin üzünə açıb. İndi bura üz tutan turistlər təkcə məğrur qala divarları ilə deyil, həm də xalqımızın qəhrəmanlıq ruhu, torpağa, yurda bağlılıq sevgisi ilə qarşılaşırlar. Əlincə qalası bu gün ədəbiyyatçılar üçün qəhrəmanlıq dastanı, rəssamlar üçün möhtəşəm təbiət mənzərəsi, tarixçilər üçünsə sirri tam açılmayan keçmişdir. Bu keçmişin öyrənilməsinə marağı olan çoxsaylı turistlər, səyahətçilər, elm və mədəniyyət insanları var.
Naxçıvan qalaları min illərboyu bu torpaqlarda xalqımızın mübarizlik ənənələrinin rəmzinə çevrilib. Qalaların yenidən həyata qaytarılması tarixi keçmişimizə hörmət və ehtiramın bariz nümunəsi, daş yaddaşımızın bərpasıdır.
Səbuhi Həsənov