Yeni turizm marşrutlarının yaradılıb test edilməsi və onların turistlərin tələbatlarına uyğun şəkildə dizayn olunması turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada, Naxçıvan Muxtar Respublikasında çox sayda turizm marağı kəsb edən yerlər arasında Nehrəm kəndi istiqamətinə təşkil olunan turizm marşrutu da maraq doğurur.
Nehrəm Naxçıvan Muxtar Respublikasının iri kəndlərindən biridir. Bu kənd özünün qədim tarixi, xalqımıza məxsus yaxşı qorunub saxlanılmış adət-ənənələri və müasirliyi ilə tarix, mədəniyyət həvəskarları üçün maraqlı ekskursiya məkanıdır. Nehrəm həm də Naxçıvan şəhərinə yaxın olan ən iri yaşayış məntəqəsidir. Əhalisi artıq 15 min nəfərə çatmış bu yaşayış məntəqəsi Naxçıvan şəhərindən 9 kilometr, Babək qəsəbəsindən isə cəmi 4 kilometr məsafədə, Araz çayının sol sahilində yerləşir. Rayon mərkəzindən keçməklə Naxçıvan şəhəri ilə bütün gün ərzində hər 10-12 dəqiqədən bir müntəzəm sərnişin nəqliyyatı əlaqələri vardır.
Nehrəmin turizm cazibədarlığı onun maraqlı tarixi, müasir inkişafı, insanlarının məşğuliyyəti, torpağa bağlılığı ilə diqqəti cəlb edir. İlk olaraq, bu kəndin adı çoxlarına yaxşı tanış olan bir toponim kimi, ümumiyyətlə, Naxçıvanın qədim tarixi ilə də həmahəngdir. Tarixçi araşdırmaçılar tərəfindən Naxçıvan, Nuhçıxan, Nehrəm, Nəhəcir kimi adların bəşəriyyətin ikinci atası hesab edilən Nuh Peyğəmbərin adı ilə bağlı olduğunu göstərməsi bu yaşayış məntəqələri arasında Nehrəmə olan marağı da artırır. Görkəmli tədqiqatçıların əsərlərində də sübut olunduğu kimi, etimologiyası Nuh Peyğəmbərlə bağlı hesab olunan Nehrəmdə xalqımızın ən qədim mədəniyyətinin izlərinə rast gəlmək olar.
Nehrəm inkişaf etmiş yaşayış məntəqəsidir. Bu həm nehrəmlilərin təsərrüfat ənənələri, həm buradakı müasir infrastruktur şəraiti, həm də Nehrəmdəki tarixi-dini və mədəni sahədəki nailiyyətlərə aid edilə bilər. Kənddə son illər ərzində istifadəyə verilmiş sosial-mədəni obyektlər, tikilən yaraşıqlı fərdi evlər, çəkilən hamar yollar getdikcə böyüyən kəndin simasını daha da gözəlləşdirib. Nehrəmdə yaşadılan qədim el adətləri, qeyri-adi ənənələr, yaşlı insanların həyat tərzində qorunub saxlanılmış milli elementlər bu kəndə gəlmiş qonaqlarda böyük təəssürat yaradır. Nehrəmə gəlmiş turistlər burada XVIII əsrə aid memarlıq abidəsi olan İmamzadə binası və Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi ilə tanış olub, kənd üsulu ilə hazırlanmış daş küftəsi, yarpaq dolması, əriştə aşı, təndir lavaşı, çölmək pitisi, odunla bişirilən sac lavaşı, təndir kababı kimi milli yeməklərimizdən dadmaq imkanı əldə edərlər. Türk xalqlarına məxsus qış azuqəsi olan qara qovurmalı və çoban kirmidi ətirli bozbaş Nehrəmdə özünəməxsus şəkildə hazırlanır.
Nehrəm camaatı inanclarına sadiq insanlardır. Müstəqillik illərimizdə isə bu inamın yaşanması, milli və ümumbəşəri duyğuların təbliği üçün hər cür şərait yaradılıb. Nehrəmdə hazırda mövcud olan çox sayda məscid və bir imamzadə dindarların ixtiyarına verilib. Ötən il açılışı olmuş yeni məscid isə dindarları daha çox sevindirib.
“Nehrəm” deyəndə, şübhəsiz, yazıçı Cəlil Məmmədquluzadə yada düşür. Böyük ədibin hələ yüz il öncəsindən xalqımızın təhsili, maariflənməsi və müasirləşməsi yolunda bu kənddə həyata keçirdiyi illər xalqımızın maarifçilik tarixində mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə bu kəndə göstərdiyi diqqət və qayğı, xüsusən 1990-cı ildə Moskvadan Naxçıvana qayıdandan sonra Nehrəmlə əlaqələri, buradakı tanınmış adamlarla sıx münasibətləri, kənd adamları ilə keçirdiyi görüşlər Nehrəmin yaxın keçmişində öz izlərini qoymuş və bu xatirələr indi də nehrəmlilərin yaddaşından silinməyib. Xüsusən Naxçıvanın blokada illərində ulu öndərin tapşırıq və tövsiyələri Nehrəmdə o dövrdə mövcud olmuş çətinliklərin aradan qaldırılması üçün çox həyati olub.
Naxçıvanda kənd təsərrüfatı sahəsində brend səviyyəsinədək tanınan Nehrəm pendiri, Nehrəm qarpızı, tut doşabı, Nehrəm qovurması kimi məhsullar təkcə muxtar respublikada deyil, ondan kənarda da yaxşı tanınmaqdadır. Kənddə yüksəkkeyfiyyətli ərzaq məhsulları istehsal edən iri fermerlər var.
Nehrəmdə təkcə yerli əhalinin deyil, turistlərin də sosial tələbatlarının ödənilməsi üçün iri ticarət mərkəzi, məişət evi, geniş qapalı bazar kompleksi, elektron xidmətlər, 24 saat xidmət göstərən əczaxana və səhiyyə xidmətləri də yaxşı təşkil olunub. Son illər salınmış müasir standartlara uyğun Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu isə Nehrəmə gediş-gəliş üçün çox rahat şərait yaradıb.
Nehrəm kəndinin turizm potensialından istifadə onun yerləşmə mövqeyi, malik olduğu turizm ehtiyatları və yerli sakinlərinin qonaqpərvərliyinə əsaslanır. Bu baxımdan Nehrəm kəndinə təşkil olunacaq turların səmərəliliyini və onların tanışlıq-rekreasiya cazibədarlığını müəyyən etmək üçün test turları və bunların əsasında gələcəkdə Naxçıvan Muxtar Respublikasının bu yaşayış məntəqəsində turizmin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Turların əhəmiyyəti bir də ondan ibarətdir ki, Nehrəm kəndinə indiyə qədər sırf turizm məzmunlu turlar təşkil olunmadığından buradakı potensial istifadə olunmamış qalıb.
Nehrəm kəndinə təşkil olunacaq turlar arasında ilk olaraq tanışlıq məzmunlu turları göstərmək olar. Bu kənddəki qədim dini obyektlər, kəndin qədim tarixi küçələri, burada xalqımıza xas olan yaxşı qorunub saxlanılmış el adətləri, görkəmli ədib Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi ekskursiyaya gəlmiş turistlərdə böyük maraq doğurar. Bundan başqa, Nehrəmdə mövcud olan fermer təsərrüfatları ilə tanışlıq da turistlər, xüsusən tələbə-gənclər arasında maraqla qarşılanar.
Nehrəmə təşkil olunacaq turlar üçün gələcək perspektivlər kəndin, bütövlükdə, muxtar respublikanın daha yaxşı tanıdılması baxımından əhəmiyyətlidir. Kəndin Naxçıvana çox yaxın məsafədə olması, sakinlərinin qonaqpərvərliyi, əkinçilik və bostançılıq ənənələri burada maraqlı tanışlıq turları üçün imkanlar yaradır.
Şübhəsiz, hər bir layihənin çətinliyi vardır. Nehrəmə potensial turizm destinasiyası kimi baxdıqda kəndlə tanışlıq üçün ekskursiya xəritəsinin olmaması, kəndarası taksi xidmətinin çatışmaması, kənddaxili küçələrin, xüsusən qədim məhəllələrdə adların yazılmaması və ekskursiyalarda təcrübəsizlik faktorunu qeyd edə bilərik. Bununla yanaşı, Nehrəm kəndinə təşkil olunacaq turlar, ümumən, muxtar respublikamızın hər bir guşəsinə turizm marşrutlarının hazırlanması və əsaslandırılması baxımından əldə olunmuş təcrübəni genişləndirməyə imkan verir.
Bu il Naxçıvanda turizm mövsümü uğurla başlayıb. Görülən işlər, qəbul olunan mühüm qərarlar artıq öz bəhrəsini verməkdədir. Müxtəlif məqsədlərlə diyarımıza səyahət edən yerli və əcnəbi turistlərin sayı yüz minlərlədir. Önümüzdəki ildə isə Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimi tarix və mədəniyyət həvəskarı olan daha çox sayda turisti qəbul edəcək. Naxçıvanın yaxşı tanınmış digər turizm mərkəzləri kimi, Nehrəm kəndi də turistləri qarşılamağa hazırdır.
Əli CABBAROV