29 Aprel 2024, Bazar ertəsi

(Əvvəli qəzetin 18 avqust 2016-cı il tarixli sayında)
Əlincənin zirvəsinə qədər gəlib çatmış turistlərdə qeyri-adi təsəvvürlər formalaşır. Bir çox hallarda əcnəbilərlə, ümumiyyətlə, Naxçıvana ilk dəfə gələn turistlərlə ünsiyyət zamanı belə hal müşahidə olunur. Şübhəsiz, Əlincənin əzəməti, nəhəng sal qayalar üzərində şahların səltənətinə meydan oxumuş qəhrəman qala müdafiəçilərinin ayaq izləri buraya gələn hər bir kəs üçün dərin maraq obyektidir. Tarixi mənbələrə görə, bu müdafiəçilərin sayı altı yüzdən artıq olub. Əgər qala ilə tanışlıq zamanı qanadlarını gərərək Əlincə səmalarında süzən dağ qartalları peyda olarsa, bu, həmin ekskursiyada iştirak edən turistlər üçün əla fotoovçuluq fürsəti olacaqdır.

2014-2015-ci illərdə Əlincəqala bərpa olunarkən onun ərazisindən tapılmış maddi-mədəniyyət nümunələri, məişət əşyaları burada uzun müddət ərzində formalaşmış insan məskənlərindən xəbər verir.
Qalanın quruluşu ilə tanışlıq turistlərin buraya daxil olduğu qərb girişindən başlayır. Tarixi mənbələrə görə, qalanın iki, bəzən isə üç giriş qapısı olması barədə fikirlər vardır. Tarixi mənbələrə görə, Xanəgah kəndi tərəfdə yerləşən şərq girişi qalanın əsas giriş yollarından biri olsa da, qərb yamacı boyunca çəkilmiş müdafiə divarları, onların bərpadan sonrakı görünüşü turistlərdə böyük maraq oyadacaqdır. Qalanın mərkəz hissəsinə daxil olan turistlər bir anda özlərini qədim bir Şərq şəhərindəymiş kimi hiss edəcəklər. Xüsusən qalanın gecə işıqlandırılması zamanı bu, daha möhtəşəm görünür. Qalanın ən böyük sahəsini tutan bu hissədə qədim qala sakinlərinin istifadə etdikləri yaşayış binaları turistlərin marağına səbəb olacaqdır. Belə ki, çox geniş olmasa da, qalanın mərkəzi hissəsində insanların yaşaya bilməsi üçün mövcud yerlərdən maksimum dərəcədə səmərəli istifadəyə çalışılıb. Xüsusən ekskursiya zamanı turistlərə yaşayış sahəsi kimi istifadə olunmuş yerlər, burada üzə çıxarılmış təndirlər, həvənglər, əl dəyirmanları maddi-mədəniyyət nümunələri kimi təqdim olunur. Yaşayış sahəsi kimi istifadə olunmuş birotaqlı mənzillər xalqımızın min il öncəsindəki həyat tərzini, yüksək mədəniyyətini göstərən mühüm maraq obyektidir. Turistlər bilməlidirlər ki, burada müdafiə olunmuş insanlar nə qədər ağır və ekstremal bir şəraitdə yaşasalar da, ümumi mədəniyyətdən kənara çıxmamışlar.

Əlincəqalanın turistlərdə maraqdoğuran digər mühüm hissəsi yerli əhali arasında “Şahtaxtı” da adlandırılan Əlincənin iç qalasıdır. Bura dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir və ora getmək üçün sıldırım qayadan keçilir. Odur ki buraya qalxmaq ekstremal yürüş həvəskarları üçün əsl fürsətdir. Şahtaxtına qalxmaq istəyən turistlər bilməlidirlər ki, bir zamanlar qalaya hökmranlıq etmiş şahların iqamətgahları məhz burada yerləşib. Şahtaxtıda turistlərin görmək istədiyi çox maraqlı yerlər arasında bir-biri ilə dar keçidlə əlaqələndirilmiş kiçik otaqlar və hovuzlar vardır. Bu hovuzlardan da biri həcminə görə Əlincəqalada mövcud olan ən böyük hovuzdur.
Əlincəqalada uzun illər müdafiə olunaraq ad-san çıxarmış insanların qəhrəmanlığı və onların bu sərt qayalıq şəraitində ərzaq və su təminatı istənilən səyahətçidə böyük maraq yaradır. Doğrudan da, çətin şərtlər altında yaşayan insanların, sözün əsl mənasında, necə daşdan çörək və su çıxara bildiyini göstərmək üçün Əlincəqaladan daha əyani nümunə ola bilməz. Ona görə də Əlincəqaladakı tarixi hidrotexniki qurğularla tanış olan turistlərin nəzərində mübarizə anlayışı haqqında tamamilə başqa bir təsəvvür yaranır. Əlincəqalada, habelə qalanın yuxarı hissəsindəki Şahtaxtıda inşa olunmuş su hovuzları və bunları doldurmaq üçün qayada çəkilmiş kanallar turistlərdə böyük maraq doğurur. Şübhəsiz, Əlincəqalanın sərt qayalarında primitiv baltalarla böyük səbir və zəhmətlə çapılmış su hovuzlarına, bunlara su gətirən və bəzilərinin uzunluğu 200 metrə çatan kanallara tamaşa etdikdə bunun arxasında nə qədər böyük yurd sevgisi dayandığını görməmək mümkün deyil. Bu qurğuların tikilməsi zamanı sərf olunmuş fiziki və yaradıcı əmək naxçıvanlıların ta qədimdən heç bir blokada ilə qorxudulmasının mümkün olmadığını göstərən ən böyük sübutdur. Həmin hidrotexniki qurğulara baxan turistlər bilməlidirlər ki, bunlar Naxçıvana səyahətləri zamanı onlara təqdim olunacaq müasir derivasiyatipli iri su elektrik stansiyalarının, əslində, qədim əcdadıdırlar. Beləliklə, Əlincəqalaya səyahət zamanı buradakı hovuzlar və kəhrizlərlə tanış olan turistlər tarixin müəyyən dövrlərində qalanın uzun müddət ərzində necə müdafiə olunduğunun sirləri ilə canlı tanış ola bilərlər.
Turizm təşkilatçılığı zamanı turistlərin motivlərinə görə onların səyahət marşrutlarının seçilməsi əsas məqamlardandır. Əlincəyə səyahət edən turistlər üçün əsas maraq tarix və mədəniyyət olduğundan buraya səfər edən hər kəs qalanın Azərbaycan xalqının, onun milli dövlətçilik tarixindəki əhəmiyyəti haqqında məlumatları böyük maraqla dinləyəcəkdir. Belə ki, Əlincəqala haqqında XIV əsrin sonları, XV əsrin əvvəllərinə aid dövrləri əhatə edən tarixi hadisələr geniş yayılsa da, daha qədim mənbələrdə qalanın yaranma tarixinin eramızın ilk yüzilliklərinə qədər gedib çıxdığı sübut edilib. Bu baxımdan qala ərazisindən tapılmış və hazırda buradakı muzeydə nümayiş etdirilən VII əsrə aid gümüş sikkə böyük maraq obyektidir. Şübhəsiz, Əlincənin Azərbaycan Atabəyləri dövlətinin hakimiyyəti dövründəki hərbi-strateji və iqtisadi-siyasi əhəmiyyəti ilə yanaşı, Cəlairilər, Qaraqoyunlular, Səfəvilər dövründə də mühüm əhəmiyyəti qeyd olunmalıdır. Məhz bu yolla orta əsrlər dövründə Səmərqənddən Bağdada, İstanbuldan Təbrizə qədər geniş bir ərazidə baş vermiş hərbi-siyasi və iqtisadi proseslərdə Əlincənin rolu izah olunduqca turistlərin Naxçıvan haqqındakı təsəvvürləri birə-beş artacaq, dünyagörüşləri dərinləşəcək.
Əlincəqala xalqımızın milli sərvəti, dünya mədəni mirasının mühüm xəzinəsidir. Yüzillər boyu bu möhtəşəm təbiət və insan əli möcüzəsi müxtəlif məqsədli maraq obyekti olub. Kimi burada dünyanı qorxuya salmış işğalçılara qarşı meydan oxuyub, kimi də son sığınacaq kimi Əlincəyə üz tutub. Ancaq bunlar hamısı tarixdə qalıb. Zaman öz sözünü deyir. Əlincənin müasir ünvanı isə inkişaf edən Azərbaycan, tərəqqiyə qovuşan Naxçıvan Muxtar Respublikasıdır. Bu gün Əlincənin tarixində yeni bir mərhələ, onun dünya mədəniyyətinə qazandırılması mərhələsi başlayıb. Qalanın tarixi bərpası onun sorağına gələnlərdə yeni maraq yaradıb. Bu dəfə Əlincənin zirvəsinə qalxanlar min kilometrlərlə uzaqlardan gəlmiş əcnəbi turistlər, ölkəmizin, muxtar respublikamızın ziyalıları, jurnalistlər, tələbələr, məktəblilərdir. Buraya səfərdən gözlənilən isə tarixi nostalji hisslərlə dolu təəssürat alıb mənəvi zənginliyə qovuşmaqdır. Bu təəssürat isə dolğun olacaq. Çünki Əlincəqala və ətrafı belə xəzinələrlə çox zəngindir.

(Ardı var)
Əli Cabbarov

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR