Naxçıvan Muxtar Respublikası Ali Məclisində ötən il martın 18-də muxtar respublikada turizmin inkişafı ilə bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən turizmin inkişafı ilə bağlı tədbirlər planı hazırlanıb. Həmin plana uyğun olaraq iyulun 14-də “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil olunub.
Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin əməkdaşı Tahir Məmmədli çıxış edərək bildirib ki, belə ekskursiyaların təşkilində məqsəd muxtar respublikanın tarixi abidələrinin və turizm məkanlarının tanıdılmasında, həmin məkanlar haqqında məlumatların və çəkilmiş fotoşəkillərin müxtəlif xarici dillərdə sosial şəbəkələrdə paylaşılmasında gənclərin fəallığını artırmaqdır.
Sonra Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Zülfiyyə Həsənova gənclərə mərkəz haqqında hərtərəfli məlumat verib. Bildirib ki, xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Mərkəzə allergik və bronxial-astma xəstəliklərindən əziyyət çəkənlərlə yanaşı, çoxlu turistin gəldiyini və buranın həm müalicəvi, həm də turizm baxımından çox əhəmiyyətli bir yer olduğu qeyd edilib.
Sonra gənclər mərkəzlə yaxından tanış olub, onları maraqlandıran suallar cavablandırılıb. Ekskursiyada 30 nəfər gənc iştirak edib.
Ceyhun MƏMMƏDOV