Turizmin inkişaf etdirildiyi ölkələrin təcrübəsi göstərir ki, kifayət qədər cazibə gücünə malik olan turizm ehtiyatları zəruri infrastruktur, yetkin kadr təminatı və düzgün təşkil olunmuş təbliğat-tanıtım mexanizmi olduqda öz səmərəsini verə bilər. Naxçıvanın zəngin turizm ehtiyatlarının bir potensial kimi istifadəyə cəlb olunması da bu baxımdan güclü təbliğat-tanıtım işləri tələb edir.
Turizmdə təbliğat-tanıtım işləri çoxşaxəli və daim üzərində diqqət tələb edən bir məsələdir. Bu, turizmdən yaxşı gəlir əldə edən, ümumi daxili məhsulda turizmə ən çox yer verilən ölkələrdə olduğu kimi, turizm sahəsini daha da inkişaf etdirmək istəyən ölkəmiz, həmçinin muxtar respublikamız üçün də eyni dərəcədə aktualdır. Məsələnin mahiyyəti isə turistlərin artan rekreasiya tələbatı, dünya iqtisadiyyatındakı dəyişikliklər və texnoloji yeniliklərlə birlikdə ortaya çıxan yeni tələblərdir. Başqa sözlə, dünən diyarımıza səyahət etmiş turistlər bu gün keyfiyyətcə yeni bir mənzərə ilə qarşılaşmaq istəyirlər.
Naxçıvan Muxtar Respublikası istər təbii, istər tarixi zənginliyi, istərsə də iqtisadi-mədəni sahədəki nailiyyətləri ilə dünyanın turizm xəritəsində özünəməxsus yer tutur. Naxçıvana bir dəfə səyahət etmiş və bir daha buraya gəlmək istəyən turistlərdə yaranan motivlər yaxın regionda rast gəlinəndən çox fərqlidir. Məsələn, bilirik ki, Naxçıvan tarixi İpək Yolu üzərində yerləşən çox mühüm regiondur. Şübhəsiz, bu dünya şöhrətli ticarət-turizm marşrutu boyunca səyahətə çıxan səyyahlar keçmişdə olduğu kimi indi də vardır. İpək Yolu üzərində hərəkət edən keçmiş səyyahlar kimi müasir turistlərin də əsas diqqəti bu səyahətin, necə deyərlər, ipək kimi yumşaq, yəni rahat olmasıdır. Haşiyə olaraq onu qeyd etmək yerinə düşər ki, bəzən bu marşrutun nəyə görə İpək Yolu adlandırılması diskussiyası olduqda bəziləri bu karvan yolu ilə məhz ipəyin daşındığı qənaətini bildirirlər. Ancaq bir çoxları isə bununla yanaşı olaraq həm də yolun təhlükəsizliyini əsas götürürlər ki, bu da keçmişdə olduğu kimi, indiki səyyahları da düşündürən əsas məsələlərdəndir. Ona görə də Naxçıvana səyahət edən turistlərdən ən yaddaqalan təəssüratlarını soruşduqda onların məhz rahat və təhlükəsiz səyahət edə bildiklərini, xidmət sahələrində səviyyəli xidmət, qonaqpərvərlik və dürüstlük gördüklərini, xalqımızın tolerantlığına heyran qaldıqlarını deyirlər ki, bunlar da tanıtım və təbliğat baxımından çox əhəmiyyətlidir. Göründüyü kimi, turizmin inkişafı üçün göstərilən xidmətlərin özü qədər bu xidmətlər əsasında formalaşan təəssüratlar da mühüm vasitədir.
Biz bu istiqamətlərdə müəyyən nailiyyətlər əldə etmişik. Ancaq gəlin görək vətəndaş olaraq bizim müxtəlif mətbuat və sosial şəbəkələr vasitəsilə Naxçıvanın tanıdılması istiqamətində apardığımız təbliğat qənaətbəxşdirmi? Axı indi 10-15 il bundan əvvəlkindən fərqli olaraq bu sahədə kifayət qədər maddi və elektron resurslar əldə edilib, təcrübə formalaşıb. Əldə olunmuş təcrübə isə onu deməyə əsas verir ki, qloballaşan dünyada gedən reytinq mübarizəsinin mərkəzində turizm sahəsi də artıq öz yerini alıb. Sirr deyil ki, internet resursları turistlərin səyahət yönü seçimində mühüm rol oynayır. Ancaq dünyanın ən geniş informasiya şəbəkəsi olan internetə baxdıqda turizm ehtiyatlarımız, eləcə də turizm infrastrukturu obyektlərimiz haqqındakı informasiyanın yaxın xaricdəki analoqlarla və yaxud həmin yerlər haqqında ingilis dilində olan məlumatların Azərbaycan dilində yerləşdirilmiş məlumatlarla müqayisədə hələ də az olduğunu görürük. Dünya isə inkişaf edir, yeni tələblər ortaya çıxır. Biz isə dünyada bənzəri olmayan abidə və qalalarımızın, təbiət guşələrimizin, xalq sənətkarlığı nümunələrimizin sanki dilə gəlib özünü tanıdacağını gözləyirik. Halbuki təkcə Şərur yallısı ilə Avropanı, dünyanı fəth edəcək, Azərbaycanı tanıdacaq gücümüz vardır. Müasir texnologiya, internet muxtar respublikamızın hər bir sakininə bu sahədə öz vətəndaşlıq borcunu yerinə yetirməyə imkanlar yaradıb. Amma, gəlin görək, bu gün Naxçıvan Muxtar Respublikasının bütün ərazisini əhatə edən Naxtel 4G mobil rabitəsinin istifadəyə verildiyi bir zamanda nə qədər sayda muxtar respublika vətəndaşı sosial şəbəkə hesablarında Naxçıvanın turizm imkanları, qonaqpərvərliyimiz barədə paylaşımlar və ya elektron resurslar yerləşdirir?
Doğrudur, son illər, xüsusən turizmin inkişafı ilə bağlı ötən ilin mart ayındakı müşavirədə qarşıya qoyulmuş vəzifələrlə əlaqədar xeyli işlər görüldüyü göz qabağındadır. Ancaq, görəsən, bu iş təkcə tələbə-gənclərin və ya bir qrup yaradıcı şəxslərin vəzifəsidirmi? Bəs digərləri Azərbaycan vətəndaşı, muxtar respublikamızın sakinləri deyillərmi? Reallıqdır ki, cəmiyyətdə nüfuzu olan şəxslərin sosial şəbəkələrdəki təbliğatı muxtar respublikaya səfərə gəlmiş yüksəksəviyəli bir qonağın müsbət təəssüratları qədər inandırıcı və maraqdoğurandır. Axı adi vətəndaşlardan fərqli olaraq onlar həm də daha geniş auditoriyada söz və nüfuz sahibi olan insanlardır.
Məlumdur ki, bu gün hətta dünyanın bir sıra tanınmış simaları belə, Facebook-un və Twitter-in fəal istifadəçiləridir. Bu, bizə həm də yeni imkanlar yaradır. Ancaq, gəlin görək, muxtar respublikamızda neçə ziyalı, yaxud turizmin tədrisi ilə məşğul olan neçə ali məktəb müəllimi və ya mədəniyyət sahəsində çalışanlardan neçə nəfər sosial şəbəkələrdə muxtar respublikamızı təbliğ edir? Axı Naxçıvana o ay olmaz ki, dünyanın hansısa bir ölkəsindən müxtəlifsəviyyəli qonaqlar, turistlər gəlməsin, gəzib, baxıb, görməsinlər, müxtəlif qurumlarımızda olmasınlar. Məgər onların təəssüratlarını ictimaiyyətə çatdırmaq vəzifəsi təkcə kütləvi informasiya vasitələrinin üzərinə düşür? Bu gün dünya sürətlə dəyişir. Və hər birimiz dövrün yeni tələblərinə cavab verməyə çalışmalı, necə deyərlər, qloballaşma pəncərəsindən baxmağı bacarmalıyıq. Bununla yanaşı, hər birimiz doğma Naxçıvanımızın mövcud turizm potensialını təbliğ etməli, eləcə də bu sahədə həyata keçirilən tədbirlərə dəstək olmalı, töhfəmizi verməliyik.
Əli Cabbarov