22 Dekabr 2024, Bazar

İsveç Krallığında fəaliyyət göstərən “AviFauna” quş və təbiət turizmi şirkətinin təşkilatçılığı ilə 12 nəfərlik qrup 2016-cı il mayın 6-dan 14-dək Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Qrup üzvləri Naxçıvanda olduqları iki gün müddətində 44 quş növü müşahidə etmişlər. Qrup rəhbəri Tomas Haraldson Naxçıvana səfərlərinin yekunu ilə bağlı hesabat hazırlayaraq internetdə yaymışdır. Həmin yazını oxuculara təqdim edirik.

Mayın 12-də biz Naxçıvan Muxtar Respublikasında öz səyahətimizə başladıq. Naxçıvan şəhəri təmiz və səliqəlidir. Türkiyə və Azərbaycanın digər bölgələri ilə müqayisədə Naxçıvandakı yollar və evlər yüksək standartlara cavab verir. Burada iki gün keçirəcəyimiz üçün çox həyəcanlı idik.

Bizi aparan avtomobil şəhərin kənarındakı kolluqlu və qayalıqlı yamaclarda dayandı. Bu ərazi Azərbaycanla müqayisədə Şərqi Anadoluda olan ərazilərə daha çox bənzəyirdi. Həmin ərazidə qısabarmaq sərçə (Carpospiza brachydactyla), böyük qayalıq sittası (Sitta tephronota), qaraboyun çaxraqcıl (Oenanthe finschi) və ağrı qağayısı (Larus armenicus) gördük. Həmin ərazidən bir az aralandıqda isə səmada berküt qartalı (Aquila chrysaetos) və kiçik qartalca (Hieraaetus pennatus) müşahidə etdik, eyni zamanda bağ vələmirquşunu (Emberiza hortulana) teleskopla axtararaq tapdıq. Bu zaman qiymətli quş hesab olunan ağboğaz bülbül (İrania gutturalis) hamının diqqətini özünə çəkdi. Dağ vələmirquşu (Emberiza cia prageri) və aladöş çərənçi (Prunella ocularis) ayrı-ayrılıqda kolların üzərində dayanaraq oxuyurdular. Alasığırçın (Sturnus roseus) və qızlarquşlar (Meropidae) fəsiləsinə aid quş dəstələrini isə çətinliklə görə bildik.
Sonra biz dəniz səviyyəsindən 2200 metr yüksəklikdəki məşhur istirahət zonası Batabat yaylağına getdik. Hava yağışlı və çənli idi. Yerli bələdçimiz, ornitoloq bu ərazidə aladöş çərənçi (Prunella ocularis) görmüşdü. Kai və qrupun digər üzvləri yağış plaşlarını geyinərək əraziyə baxıb həmin quşu görmüşdülər. Qeyd edim ki, bu quşu görmək səfərimizin bonusu idi. Orada çöl sarı (Buteo rufinus), kiçik qartalca (Hieraaetus pennatus) və yaşılbaş ördəklər (Anas platyrhynchos) gördükdən sonra geri qayıtdıq.
Naxçıvan şəhərində buranın milli şirniyyatı olan paxlava ilə çay içdikdən sonra muxtar respublikanın cənub tərəfinə, İran istiqamətində olan yarımsəhra əraziyə yola düşdük. Qeyd edək ki, İranla həmsərhəd ərazi tamamilə başqa bir biotopdur. Burada qısabarmaq sərçə (Carpospiza brachydactyla), qayalıq vələmirquşu (Emberiza buchanani), səhra zəvzəyi (Hippolais languida), böyük qayalıq sittası (Sitta tephronota) quşlarına rast gəldik. Hörücülər fəsiləsindən olan vələmirquşu və çaxraqcıl quşları görmək istədiyimiz quş növlərindən ən mühümləri idi. Həmin ərazidə biz səmada əlavə olaraq çöl sarı (Buteo rufinus) , leşcil ağqartal (Neophron percnopterus) və saqqallı quzugötürən (Gypaetus barbatus), çöl torağayısı və səhra qarquşaoxşarı (Bucanetes githagineus) quşunu müşahidə etdik.
Növbəti gün qrup monqol qırmızıqanad hörüçüsü (Bucanetes mongolicus) quşunu görmək üçün yarımsəhra Nehrəmdağ ərazisinə səfər etdi. Nehrəmdağda qaya sərçələri, hörücülər fəsiləsindən olan dən daşıyan quşlar, xüsusilə monqol qırmızıqanad hörüçüsü (Bucanetes mongolicus) və səhra qarquşaoxşarı (Bucanetes githagineus) quşlarının yaşadığının şahidi olduq. Orada həmçinin tarla haçaqanadı (Anthus campestris) və qaraqarın bağrıqara (Pterocles orientalis) quşunu müşahidə etdik. Sonra biz Nuh Peyğəmbərin dağı – Haçadağ istiqamətinə yola düşdük. Dağın mənzərəsi çox gözəl idi. Burada görmək istədiyimiz ikixallı torağay (Melanocorypha bimaculata) quşunu tapdıq. Bununla da qrupumuz görmək istədiyi quşların hamısını Naxçıvanda tapdı. Lakin son dayanacaq nöqtəmiz İran sərhədi yaxınlığındakı Culfa dağları oldu. Bu ərazidə biz Naxçıvan regionunda geniş yayılmış oxuyan torağay və qayalıq vələmirquşunu (Emberiza buchanani) müşahidə etdik. Bu quş növlərinin sayının Naxçıvan Muxtar Respublikası ərazisində artması diqqəti cəlb edən bir haldır.
Turizm kampaniyasına Azərbaycanda keçirdiyimiz xoş səfərə görə təşəkkür edirik. Biz yenidən bu əraziyə səfər edəcəyik.
Qrupun Naxçıvan Muxtar Respublikasında
müşahidə etdikləri quş növləri
1. Qısabarmaq sərçə – Carpospiza brachydactyla
2. Qayalıq sərçəsi – Petronia petronia exigua
3. Dağ kətanquşu – Carduelis flavirostris brevirostris
4. Monqol qırmızıqanad hörüçüsü – Bucanetes mongolicus
5. Səhra qarquşaoxşarı – Bucanetes githagineus
6. Bağ vələmirquşu – Emberiza hortulana
7. Qayalıq vələmirquşu – Emberiza buchanani
8. Dağ vələmirquşu – Emberiza cia prageri
9. Tarla haçaqanadı – Anthus campestris
10. Aladöş çərənçi – Prunella ocularis
11. Mil qaratoyuq – Turdus viscivorus
12. Qızılquyruq çaxraqcıl – Oenanthe xanthoprymna chrysopygia
13. Ala çaxraqcıl– Oenanthe hispanica melanoleuca
14. Qaraboyun çaxraqcıl – Oenanthe finschii
15. Göy daşqaratoyuğu – Monticola solitarius
16. Ağboğaz bülbül – Irania gutturalis
17. Tuqay bülbülü – Cercotrichas galactotes
18. Boz pöhrəçil – Sylvia communis
19. Çərənçi pörrəçil – Sylvia curruca
20. Bağ pöhrəçili – Sylvia borin
21. Gizli qamışcıl – Acrocephalus schoenobaenus
22. Səhra zəvzəyi – Hippolais languida
23. Kölgəlik yarpaqgüdəni – Phylloscopus collybita
24. Böyük qayalıq sittası – Sitta tephronota
25. Kiçik qayalıq sittası – Sitta neumayer rupicola
26. Qayalıq dağqaranquşu – Ptyonoprogne ru­pestris
27. Qısabarmaq torağay – Calandrella brachydactyla
28. İkixallı torağay– Melanocorypha bimaculata
29. Quzğun – Corvus corax
30. Adi zığzığ – Garrulus glandarius krynicki
31. Qırmızıbaş alaçöhrə – Lanius senator
32. Qızılı qızlarquşu – Merops apiaster
33. Qaraqarın bağrıqara – Pterocles orientalis
34. Ağrı qağayısı – Larus armenicus
35. Adi tənbəlcüllüt – Gallinago gallinago
36. Otluq cüllütü – Tringa totanus
37. Çöl sarı – Buteo rufinus
38. Adi sar – Buteo buteo menetriesi
39. Berküt qartal – Aquila chrysaetos
40. Kiçik qartalca – Hieraaetus pennatus
41. Ağbaş kərkəs – Gyps fulvus
42. Leşcil ağqartal – Neophron percnopterus
43. Saqqallı quzugötürən – Gypaetus barbatus
44. Kəklik – Alectoris chukar

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR