“Naxçıvan” Universitetində yenicə yaradılmış Turizm informasiya mərkəzinin təşkilatçılığı ilə yeni bir layihə reallaşdırılaraq taksi sürücüləri üçün “Turizmə yararlı peşəkar sürücü” hazırlamaq məqsədilə kurs təşkil edilib.
Bununla bağlı olaraq kursu müvəffəqiyyətlə başa vuran sürücülərin mükafatlandırma mərasimi olub. Tədbiri giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirib ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. Bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin edirdi. Görkəmli dövlət xadiminin ölkəmizdə turizmin inkişafı üçün müəyyənləşdirdiyi siyasət bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, muxtar respublikamız yeraltı və yerüstü sərvətləri, təbiət və tarixi abidələri ilə turizm üçün ən gözəl məkanlardan biridir. Buna görə də regionumuzda bu sahənin inkişafına xüsusi diqqət yetirilir.
Tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Səfərli, Turizm informasiya mərkəzinin rəhbəri Şahnaz Məmmədova, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Ramin Qəhrəmanov tərəfindən turizmə yararlı peşəkar sürücülərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, kursun gedişatı zamanı sürücülərə muxtar respublikanın coğrafi mövqeyi, tarixi, əyləncə sektoru, milli mətbəxi və tanınmış ziyalıları haqqında geniş məlumat verilib. Bundan başqa, onlara ingilis və rus dillərində turistləri qarşılamaq məqsədilə terminoloji lüğət də öyrədilib.
Məlumat üçün onu da bildirək ki, sertifikat alan sürücülər haqqında məlumat və onların əlaqə nömrələri facebook sosial şəbəkəsinin “Gənc tur” səhifəsində yer alıb. Bu da, öz növbəsində, turistlərə onlara yararlı olan sürücülərlə əlaqə saxlamaq imkanı verəcəkdir.
Nuray ƏSGƏROVA