Bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirədə Naxçıvanın zəngin turizm ehtiyatlarından səmərəli istifadə olunması və burada turizmin mümkün növləri üzrə geniş reklam-təbliğat işləri aparılması tapşırığı verilib.
Bu istiqamətdə görülmüş işlərlə əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata əsasən, muxtar respublikamızın geniş turizm potensialını əks etdirən elektron resursların yaradılması istiqamətində işlər davam etdirilir. Ötən müddət ərzində Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytı yenilənib, muxtar respublikamızın tarixi, təbiəti, onun şəhər və rayonları, burada inkişaf etdirilən turizm növləri, mövcud turizm marşrutları, turistləri maraqlandıran yerlər, onlara işgüzar xidmətlər təklif edən müəssisələr haqqında məlumatlar və fotoqalereya yerləşdirilib.
Mərkəzin saytında kənd turizmi ilə bağlı məlumatlar maraq doğurur. Belə ki, muxtar respublikamızda kənd turizminin inkişafı məqsədilə ecazkar kənd həyatının və yeniləşdirilmiş kənd infrastrukturunun imkanlarından istifadəyə üstünlük verilir.
Nazirlikdən aldığımız məlumatda kənd turizminin inkişafı məqsədilə aparılan maarifləndirmə tədbirlərinin faydalı olduğu bildirilir. Artıq muxtar respublikamızda bu tipli kənd evlərində ölkəmizin digər yerlərindən gəlmiş qonaqlar qalır və istirahət edirlər. Belə ki, mərkəzin saytında Şərur, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarındakı çox sayda fərdi kənd evinin fotoşəkilləri, habelə onların sahiblərinin adları, ünvanları və telefon nömrələri yerləşdirilib.
Qeyd edək ki, Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytındakı bütün bu məlumatlarla ingilis dilində də tanış olmaq mümkündür.
Əli Cabbarov