Turizm müşavirəsində qarşıya qoyulan vəzifələr icra olunur
Bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmiş, aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Verilən tapşırıqların icrası məqsədilə tədbirlər planı hazırlanmış, turizmin inkişafı məqsədilə mühüm işlər görülmüşdür.
Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 91 dövlət orqanının saytında Naxçıvan portalının və Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilmiş və keçidlər verilmişdir. Bundan əlavə, muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Turizm İnformasiya Mərkəzinin əməkdaşları üçün seminar təşkil olunmuşdur. Hesabat dövründə Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsi 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yenidən işlənmiş, muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilmişdir.
Naxçıvanda müalicə turizmi üçün geniş imkanlar vardır. Bu sahədə reklam-informasiya materiallarının hazırlanması və təbliği mühüm əhəmiyyət daşıyır. Muxtar respublikanın müalicə turizmi ilə bağlı Naxçıvan televiziyasında məlumat verilmiş, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Naftalan və onun müalicəvi əhəmiyyətləri” mövzusunda seminar keçirilmişdir.
Səfər etdikləri yerlərdə turistlərin diqqətini daha çox cəlb edən sahələrdən biri də xalq sənətkarlığı sahələri və əl işləridir. Muxtar respublikada xalq sənətkarlığının müxtəlif sahələri inkişaf etdirilmiş, sənətkarlar üçün lazımi şərait yaradılmışdır. Ağacişləmə, misgərlik, papaqçılıq, dulusçuluq, xəttatlıq və digər sənət sahələri tarixən bu torpaqda böyük inkişaf yolu keçmişdir. Mədəniyyət və Turizm Nazirliyi muxtar respublika sənətkarları ilə müqavilələr bağlayaraq suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması və satışını təşkil etmişdir. Ötən dövrdə nazirliyin “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə 5460 manatlıq 410 əl işi satılmışdır. “Nахçıvаn Biznеs Mərkəzi” MMC tərəfindən isə sərgi-satış məqsədilə 192 adda 6639 manat dəyərində əl işi və sənət əsəri qəbul edilmiş, 77 adda 5663 manat dəyərində əl işlərinin satışı həyata keçirilmişdir.
Müşavirədə gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda böyüdülməsi əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Mədəniyyət və Turizm Nazirliyi Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə birlikdə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğuna və Batabat Astrofizika Rəsədxanasına, Əlincəqalaya, Ordubad rayonu ərazisindəki muzeylərə və tarixi abidələrə ekskursiyalarını təşkil etmişdir. Bundan başqa, Təhsil Nazirliyi tərəfindən sınaq imtahanlarında yüksək nəticə göstərmiş 315 şagirdin, 45 sağlamlıq imkanları məhdud və 45 aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil olunmuşdur. Həmçinin yay tətili dövründə gənclərin, o cümlədən idmançıların və Heydər Əliyev adına Hərbi Lisey kursantlarının Ağbulaq İstirahət Mərkəzində istirahətləri, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinin, Güləş, Boks, Basketbol, Şahmat, Futbol, Yüngül Atletika, Karate-do, Voleybol, Şərq Döyüşü Sənəti, Paralimpiya, Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyalarının idmançılarının muzeylərə gəzintiləri təşkil olunmuşdur.
Hesabat dövründə Mədəniyyət və Turizm Nazirliyi və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada taksi fəaliyyəti göstərən sürücülərin muzeylərdə seminar-məlumatlandırma işi davam etdirilmiş, sürücülər qrup şəklində muzeylərdə olmuş və maarifləndirilmişlər. Taksilərə muxtar respublikanın turizm yerləri, muzeyləri və milli mədəniyyət nümunələrini özündə əks etdirən turist xəritələri və bukletlər yerləşdirilmişdir. Ötən dövr ərzində turizm obyektlərinin, eləcə də otel və mehmanxana işçilərinin xidmət mədəniyyətinin yüksəldilməsi və onların maarifləndirilməsi işi də diqqətdə saxlanılmış, taksi sürücülərinə ikigünlük seminar-müşavirə keçirilmişdir.
Turizmin inkişafında əsas məsələlərdən biri də bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Müşavirədə bu məsələ ilə bağlı müvafiq tapşırıq verilmişdir. Ötən dövrdə İqtisadiyyat Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi “Naxçıvan Biznes Mərkəzi” MMC-də iaşə və mehmanxana obyektlərində fəaliyyət göstərən işçilərə xidmət mədəniyyəti ilə bağlı maarifləndirici seminar keçirmişdir. Eyni zamanda İran İslam Respublikasının Qərbi və Şərqi Azərbaycan vilayətlərinin iş adamlarının muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində biznes forumlar təşkil olunmuş, turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir. İyulun 15-də Bakı şəhərində keçirilmiş “Azərbaycan-Belarus Biznes Forumu”nda, sentyabrın 15-də “Azərbaycan-İran Biznes Forumu”nda muxtar respublikanın turizm imkanlarının təbliği ilə bağlı müvafiq materiallar iştirakçılara təqdim edilmişdir. Şahbuz rayonunun Batabat ərazisində perspektivdə çoxfunksiyalı turizm kompleksinin yaradılması üzrə Avstriya Respublikasının Ştiriya əyalətinin turizm kompleksi ilə müqayisəli layihə hazırlanmışdır.
7-9 aprel tarixlərində Bakı şəhərində keçirilən “XV Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ndə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan stendi ilə iştirak etmişdir. Sərgi çərçivəsində Bakı şəhərində yerləşən Ekspo Mərkəzində Naxçıvan stendi qurulmuş və muxtar respublikanın turizm potensialı haqqında təbliğat materialları nümayiş etdirilmişdir.
27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında keçirilən internet-aksiyada Mədəniyyət və Turizm Nazirliyi aid təşkilatlarla birlikdə 10 bölmə üzrə 1000-ə yaxın foto və 152 tanıtım videosu hazırlamışdır. Bu materiallar paylaşılmaq üçün Gənclər Fonduna, Gənclər və İdman Nazirliyinə, Naxçıvan Dövlət Televiziyasına, qəzet redaksiyalarına və informasiya agentliklərinə təqdim edilmişdir. Naxçıvan Turizm İnformasiya Mərkəzinin veb saytında “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlıqlı bölmə yaradılmış, hazırlanmış materiallar burada yerləşdirilmişdir. Ümumilikdə, aksiyada 1047 nəfər və 60 qrup iştirak etmişdir. Naxçıvanın tanıtımı ilə bağlı 273 sayta məlumat göndərilmiş, 41 saytda material dərc edilmiş, 55 minə yaxın paylaşım, 265 minə yaxın bəyənmə və 851 mindən çox izləyici sayı qeydə alınmışdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən hesabat dövrü ərzində muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxların hazırlanması və onların internetdə yerləşdirilməsinin təmin edilməsi məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, cari ilin ötən dövründə bu mövzuda 36 veriliş, 5 film, kəndlərin sosial həyatını əks etdirən 5 teleetüd efirə təqdim edilmişdir. 10-a yaxın videoçarx hazırlanaraq televiziyada yayımlanmış və internet saytında yerləşdirilmişdir. “Günaydın” səhər proqramında isə 54 süjet efirə təqdim edilmişdir. “Xəbərlər” proqramında müxtəlif səpkili materiallar hazırlanmış, təşkil edilən tədbirlərin işıqlandırılması ilə bağlı verilən süjetlərlə birgə hazırlanan materialların sayı 90-dan artıq olmuşdur. “Şərq qapısı” qəzetində turizmin təbliği ilə bağlı 12 məqalə dərc edilmişdir.
Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxların internetdə yerləşdirilməsi təmin edilmiş və mərkəzin Youtube kanalına 600-dən çox məlumat-videoçarx daxil edilmişdir. Ötən dövr ərzində 84957 baxış sayı qeydə alınmışdır. Həmçinin videoçarxlar “Facebook” və “Google+” səhifələrində də yayımlanmışdır. Mərkəzin “Facebook” sosial şəbəkəsinə 82, telefon vasitəsilə 190, elektron poçt ünvanına 13 müraciət daxil olmuşdur. Mərkəzə gəlmiş 1230 xarici ölkə vətəndaşının müraciəti cavablandırılmış, qonaqların mərkəzdə olan çap materialları ilə tanışlığı təmin edilmişdir. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 323 min 672 baxış olmuş, 1000 nəfər səhifəni bəyənmişdir. Mərkəzin saytında turist qəbul edən 37 kənd evi haqqında məlumat yerləşdirilmişdir.
Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə muxtar respublikanın turizm imkanları ilə bağlı materialların göndərilməsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 27-dən çox xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 150 turizm şirkətinə və bölgələrdə yerləşən 11 turizm informasiya mərkəzinə məlumatlar göndərilmiş, “Naxçıvan-Şahbuz-Batabat” və “Naxçıvan-Şahbuz-Ağbulaq” turist marşrutlarının hazırlanması ilə bağlı işlər davam etdirilmişdir. Ötən dövr ərzində muzeylərin internet saytlarının yaradılması da diqqət mərkəzində saxlanılmış, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin saytının hazırlanması istiqamətində iş yekunlaşdırılmış, “Əlincəqala”, “Parçı İmamzadəsi”, “Bəhruz Kəngərli Muzeyi”nin bukletləri hazırlanaraq çap etdirilmiş, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin, “Gülüstan” Tarix-Mədəniyyət Qoruğunun, Bəhruz Kəngərli Muzeyinin yeni bələdçi mətnləri hazırlanmışdır.
Naxçıvanda kənd yaşıl turizmi üçün geniş potensial vardır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2016-cı ilin aprel-avqust aylarında kənd yaşıl turizmin inkişafı ilə bağlı muxtar respublikanın 19 kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilmişdir. Sərhəd-keçid məntəqələrində, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanında quraşdırılan elektron məlumat lövhələrində turistləri maraqlandıran gömrük məlumatları, Naxçıvan Muxtar Respublikasının görməli yerlərinin fotoslaydları yerləşdirilmiş, infoköşklərdə Azərbaycan, rus və ingilis dillərində gömrük qanunvericiliyi barədə məlumatlar qoyulmuşdur. Həmçinin bütün gömrük orqanlarındakı infoköşklərdə muxtar respublikanın muzeyləri, tarixi abidələri və turizm obyektləri ilə bağlı videoçarxların nümayişi həyata keçirilməkdədir.
Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikaya gələn əcnəbilərin Azərbaycanın, o cümlədən muxtar respublikanın mədəniyyəti, incəsənəti, mətbəxi və turizm imkanları haqqında məlumatlandırılması, muzeylərə və tarixi yerlərə ekskursiyalarının təşkil edilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan və işləyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Azərbaycan xalqının mədəniyyəti və inkişaf tarixi”,“Azərbaycan xalçaları”, “Azərbaycanın Dövlət Bayrağı”, “Klassik Azərbaycan ədəbiyyatı”, “Azərbaycan rəssamlıq məktəbi”, “Naxçıvanın tarixi abidələri” mövzularında maarifləndirici tədbirlər və muzeylərə ekskursiyalar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti ilə birgə Turizm və otelçilik ixtisasının muxtar respublikanın turizm potensialı ilə bağlı hazırlanmış materiallarla təmin edilməsi, tələbələrin tarixi yerlərə və muzeylərə ekskursiyalarının təşkili istiqamətində bir sıra işlər görmüşdür. Nazirlik tərəfindən Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisasları muxtar respublikanın turizm potensialı ilə bağlı hazırlanmış materiallarla təmin edilmişdir. Tələbələrin Qarabağlar Memarlıq Kompleksinə, “Əlincəqala” tarixi abidəsinə ekskursiyaları təşkil edilmişdir. Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı və perspektivləri” mövzusunda dəyirmi masa, universitetin Turizm və otelçilik ixtisası üzrə II kurs tələbələrinin iştirakı ilə açıq dərs keçirilmişdir. “Naxçıvanı tanıyaq” layihəsi çərçivəsində universitetin turizm ixtisasında təhsil alan III kurs tələbələri muxtar respublikanın turizm potensialı olan yerlərində olmuş və videoçarx hazırlamışlar. “Naxçıvan” Universitetinin Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə may ayında taksi sürücüləri üçün “Turizmə yararlı peşəkar sürücü” kursu təşkil edilmişdir. “Naxçıvan” Universitetinin Turizm İnformasiya Mərkəzinin “Gənc turçu”ları tərəfindən Əshabi-Kəhfə səyahət testi təşkil olunmuşdur. Mayın 7-də Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycan turizmi: bu gün və sabah” mövzusunda keçirilən gənc tədqiqatçıların respublika elmi-praktik konfransında “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə II kurs tələbələri, 31 may-1 iyun tarixlərdə Bakı şəhərində “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda keçirilən beynəlxalq konfransda universitetin Turizm İnformasiya Mərkəzi iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən muxtar respublikaya gələn turistlərlə bağlı aylıq statistik məlumatlar hazırlanmışdır. 2016-cı ilin yanvar-avqust aylarında muxtar respublikaya 234 min 363 turist gəlmişdir. Cari ilin yanvar-avqust aylarında turistlərin sayı bir il öncəyə nisbətdə 4,5 faiz və ya 10 min 181 nəfər artmışdır. 2016-cı ilin ilk 8 ayı ərzində Naxçıvan Muxtar Respublikasına 174 min 38 xarici ölkə vətəndaşı gəlmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən turistlərin təhlükəsizliyinin qorunması ilə bağlı fəaliyyətin gücləndirilməsi işinə diqqət artırılmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən isə muxtar respublikaya səfər edən turistlərin gediş-gəlişi zamanı rahatlıqlarının təmin olunması məqsədilə sərhəd nəzarət məntəqələrində rəsmiləşdirilmə prosedurları sürətləndirilmişdir.
Turizm sahibkarlığının inkişaf etdirilməsi, turizmlə məşğul olan sahibkarlara müvafiq tövsiyələrin verilməsi, biznes-planların işlənilməsi və onların tətbiqinə nail olunması məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən aprelin 7-də “Naxçıvan Biznes Mərkəzi” MMC-də sahibkarlarla görüş keçirilmiş, onlara muxtar respublikada turizm sahibkarlığının inkişaf etdirilməsi istiqamətində yaradılmış şəraitlə bağlı geniş məlumat verilmişdir. Ötən dövrdə muxtar respublikada fəaliyyət göstərən 21 iaşə obyektində göstərilən xidmətlərin keyfiyyətinin və təqdim edilən menyularda milli yeməklərin çeşidinin artırılması istiqamətində maarifləndirici monitorinqlər aparılmış, müvafiq tövsiyələr verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı verilən tapşırıqların icrası aid qurumlar tərəfindən davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti