2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə qarşıya qoyulan tapşırıqların icrası məqsədilə aidiyyəti təşkilatlar tərəfindən birgə tədbirlər planı hazırlanmışdır. Tədbirlər planının icrası 2017-ci ilin birinci rübündə də davam etdirilmiş, bir sıra tədbirlər həyata keçirilmişdir.
Bu dövrdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə 2441 manatlıq 239 əl işi satılmışdır. “Nахçıvаn Biznеs Mərkəzi” MMC tərəfindən isə sərgi-satış məqsədilə 76 adda 2578 manat dəyərində əl işi və sənət əsəri qəbul edilmiş, 51 adda 913,5 manat dəyərində əl işlərinin satışı həyata keçirilmişdir.
Müşavirədə qarşıya qoyulan tapşırıqlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı ilə gənclərin Xatirə Muzeyinə və Naxçıvan Dövlət Tarix Muzeyinə gəzintiləri təşkil olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə “Naxçıvan Muxtar Respublikasında dini və sağlamlıq turizminin inkişaf imkanları” mövzusunda konfrans keçirilmişdir.
Bu il martın 7-dən 13-dək İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində Naxçıvan Muxtar Respublikasında istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı təşkil olunmuşdur. Tədbirdə 62 adda əl işlərinin sərgi-satışı həyata keçirilmişdir.
Turizm potensialını tanıdan əsas vasitələrdən biri də sosial şəbəkələrdir. Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxların internetdə yerləşdirilməsi təmin edilmiş və mərkəzin Youtube kanalına 120-dən çox məlumat – videoçarx daxil edilmiş, facebook sosial şəbəkəsindəki səhifəsində 326 paylaşım olmuşdur. Mərkəzə gəlmiş 400-dən çox xarici ölkə vətəndaşının müraciəti cavablandırılmış, saytda turist qəbul edən 4 kənd evi haqqında məlumat yerləşdirilmişdir. Bu dövrdə 30-dan çox xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 170 turizm şirkətinə və bölgələrdə yerləşən 13 turizm informasiya mərkəzinə muxtar respublikanın turizm imkanları ilə bağlı məlumatlar göndərilmişdir.
Sərhəd-keçid məntəqələrində, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanında quraşdırılan elektron məlumat lövhələrində turistləri maraqlandıran gömrük məlumatları, Naxçıvan Muxtar Respublikasının görməli yerlərinin fotoslaydları yerləşdirilmişdir. Həmçinin bütün gömrük orqanlarındakı infoköşklərdə muxtar respublikanın muzeyləri, tarixi abidələri və turizm obyektləri ilə bağlı videoçarxların nümayişi həyata keçirilməkdədir.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikaya gələn əcnəbilərin Azərbaycanın, o cümlədən muxtar respublikanın mədəniyyəti, incəsənəti, mətbəxi və turizm imkanları haqqında məlumatlandırılması, muzeylərə və tarixi yerlərə ekskursiyalarının təşkil edilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan və işləyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvanın memarlıq abidələri”, “Milli qəhrəmanlarımız və şəhidlərimiz”, “Naxçıvan xanlığı” mövzularında 3 maarifləndirici tədbir keçirilmiş, bir sıra muzeylərə, tarixi abidələrə ekskursiyalar təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən hesabat dövründə muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxların hazırlanması və onların internetdə yerləşdirilməsinin təmin edilməsi məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, ötən dövrdə bu mövzuda 11 veriliş, 1 film, muxtar respublikanın turizm potensialını əks etdirən 6 videoçarx efirə təqdim edilmiş, “Şərq qapısı” qəzetində turizmin təbliği ilə bağlı 7 məqalə dərc edilmişdir.
Görülən işlərin nəticəsidir ki, 2017-ci ilin birinci rübündə muxtar respublikaya 98,8 min turist gəlmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
mətbuat xidməti