22 Dekabr 2024, Bazar

Yəqin ki, bir çoxlarınız başqa diyarlardan doğma yurda qayıdanda hələ buludlar arasında olan təyyarə pəncərəsindən boylanıb doğulub boya-başa çatdığınız diyarı sonsuz bir səbirsizliklə görmək, qarşınızda açılan bənzərsiz təbiət mənzərələrini seyr etmək istəmisiniz. Başıqarlı zirvələri, dərələrdən şırıl-şırıl axan suları, al-əlvan çiçəklərlə örtülmüş yamyaşıl yamacları, qoynunda minbir ağaca,  cürbəcür canlılara yer vermiş meşələri görməyi, yer üzündə kiçik bir parça olan doğma yurdun torpağına tezliklə ayaq basmağı, onun təmiz havasını ciyərlərinizə çəkməyi arzulamış, bu arzunuzun yerinə yetməsini bütün varlığınızla istəmisiniz. Təyyarə qanadları bu məmləkətin üzərinə lap yaxından kölgə salanda, addımlarınızı astaca torpağa doğru atanda yaddaşınızda havadan gördüyünüz mənzərələr həkk olunub, sonralar gördüyünüz gözəlliklər gözləriniz önündən kino lenti kimi keçib, onlar hafizənizdə şirin bir xatirə kimi iz salıb, bu ecazkar gözəllikləri lap yaxından görməyə tələsmisiniz. 

 Tanrı bizə böyük xoşbəxtlik bəxş edib. Bu dünyanın elə bir nöqtəsində, elə bir yerində bir torpaq parçası hədiyyə edib ki, onun hər qarışında bir gözəllik, möhtəşəmlik var. Üzən adası, diş göynədən bulaqları, göz yaşı kimi dumduru suyu olan gölləri, sıx meşələri, yamyaşıl çəmənləri, minbir rəngli çiçəkləri ilə görənləri heyrətə gətirən, ana təbiətin bizə ən böyük ərməğanı yurdun gülüstanı, dillər dastanı olan Batabatdan, deyin, harada var? Bir çoxlarınız dünyanın müxtəlif yerlərinin mənzərələrini televiziya vasitəsilə izləmisiniz, hətta bəzilərinizə bu mənzərələri canlı görmək nəsib olub. Gəlin etiraf edək ki, gördüyümüz bütün bu mənzərələrdə bir sabitlik, monotonluq, dəyişməzlik var. Ya göz gördükcə uzanan meşələr var, ya sakit, lal axan çaylar, ya da sonsuz kimi görünən dənizlər. Ancaq yurdumun təbiəti bir başqadır. Hər şey dəyişkən, canlı, dinamikdir, hər addımda yeni təbiət mənzərələri ilə qarşılaşmaq mümkündür. Səhər tezdən dağları da görə bilərik, bir az sonra yamaclara sərilmiş meşələri də, kükrəyən dağ çaylarını da, yaşıl çəmənləri də. Bir az sonra isə çılpaq sıldırım qayalıqlar, sis-dumanın yuxuya getdiyi dərələr, quru tikanların yuvarlandığı çöllər, düzənlikdə sakit axan sular, sonra təkrarı-bənzəri heç yerdə olmayan dağlar, buz bulaqlar, göllər, şəlalələr, buludlardan nəm alan zirvələr, sapsarı günəbaxan tarlaları, qızılı zəmilər, çölün ortasında tənha qaraağaclar bizi qarşılaya bilər. 

Bəs torpaqlara həyat verən coşqun sulu Xan Araz, Arpaçay necə? Onları heç yaxından dinləmisinizmi? Sahillərində qara qanadlı leyləklərin, qağayıların, qarabatdaqların, qanadları minbir rəngə çalan yaşılbaş sonaların yuva saldığı, bəzən sakit, bəzən də kükrəyərək qara daşları qabağına qatdığı Tanrının sudan yaratdığı bu möhtəşəm abidələrə saatlarla sakitcə tamaşa etmisinizmi, daşların dibini özlərinə rahat yuva seçmiş balıqların, birdən-birə minbir çətinliklə çayyuxarı baş alıb getməsinin sirrini tapmağa çalışmısınızmı?
Yadınıza salın, axırıncı dəfə Haçadağa nə zaman yolunuz düşüb? Nə vaxt zirvələrdən qopub düşən daşların üzəri ilə addımlamısınız, dilini bilənə mülayim davranan, naşı olana sərt üzünü göstərən bu daşlardan birini götürüb üzərindəkı alın yazısına bənzər qırışlara, naxışlara tamaşa etmisiniz? Onları nə zaman öyrənməyə çalışmısınız, Günəşin qızdırdığı bu daşlarda yaradılışın sirrini axtarmısınızmı?
Dağ çayları və şəlalələr bu torpağın əbədi həyat nəğməsidi. Qaplançayın gurlayan səsi, qaynar həyat nəğməsi olan Pəzməri şəlaləsindən küləyin qopardığı zərrələr, görəsən, hansı vədə üzünüzü oxşayıb? Yamaclarındakı ağzı bıçaq təki iti daşlar arasından yüzlərlə dərman bitkisinin boylandığı bu məkanı görməyi, orada bircə saat da olsa, vaxt keçirməyi ildə bir dəfə çıxdığınız məzuniyyət zamanında xəyalınızdan keçirmisinizmi?
Uca dağların qovuşuğunda, əriyən qarların yaratdığı çeşmələrdən axan sulardan doğulub ərsəyə gələn, həyat tapan, sahillərini təbiət adlı rəssamın öz fırçasıyla isti, al-əlvan rəng­lərə boyadığı, dörd fəsli bir araya gətirməyə qadir olan Göy-gölün sahilində oturub Günəşin ətrafı nura boyamasına rəğmən, dağlardan əsən yellərdən heç üşüdüyünüz olubmu? Küləyin qırçın ləpələrə döndərdiyi suları əlinizlə nə zaman oxşamısınız?
...Doğulub boya-başa çatdığımız, uzaqlarda olanda onun üçün, necə deyərlər, burnumuzun ucunun göynədiyi müqəddəs torpağı, Vətən adlandırdığımız yurdu çox sevmək, ona bütün qəlbimizlə bağlanmaq üçün bizə candan əziz olan məmləkətimizin hər qarışını, daşını-qayasını, hər gülünü-çiçəyini, bu güllərin şeh damlayan ləçəyini yaxşı tanımalıyıq. Sizi inandırım ki, içi mən qarışıq belə gözəl yerlərə gedəndə, biş-düşdən, yemək-içməkdən vaxt ayırıb, səssiz bir guşəyə çəkilib təbiətin səsinə qulaq asmağa, bu gözəlliklərin fərqinə varmağa vaxt tapa bilmirik. Geri qayıtdıqda isə yadımızda qalan yamyaşıl çəmənlikdə bizim və ya bizdən öncəkilərin “yadigar” qoyduğu qapqara ocaq yeri və kabab tüstülü, dumanlı, bişmiş ət qoxulu, qarmaqarışıq səs-küylərdən ibarət xatirələr olur. Görəsən, niyə biz həmişə ana təbiətlə görüşə ancaq kabab bişirmək, ağaclara adımızın baş hərfini bıçaqla “nəqş etmək”, dağ zanbaqlarının kökünü qazıb dibçəyə əkmək üçün evə gətirmək, bir sözlə, mütləq şəkildə orada bir “iz” qoymaq üçün getməliyik? Sizi inandırım ki, yalnız bircə dəfə bu adətimizə xilaf çıxsaq, onda hər şey başqa cür olacaq, çantamıza bir parça yavanlıq və su qoyub pay-piyada cığırların yolunu tutsaq, yorulub nəfəsimiz tükənəndə yüksək bir qayada oturub keçdiyimiz yola təkrar nəzər salsaq, getdiyimiz yerlərin hər daşını, hər qayasını tanımağa, Yaradanın bizə bəxş etdiyi gözəllikləri, sözün həqiqi mənasında, dərk etməyə vaxt tapa, bu gözəlliklərə bütün varlığımızla bağlana biləcəyik. Məncə, sınamağa dəyər. Bəs sizcə?

 Səbuhi Hüseynov

Əli Xudiyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR