Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Ekskursiya işinin təşkilində qabaqcıl təcrübənin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.
Muxtar respublikada fəaliyyət göstərən bir neçə muzey əməkdaşının və Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının I kurs tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qumral Məmiyeva açıb.
Dəyirmi masada Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov, Hüseyn Cavidin ev-muzeyinin direktoru Bəhruz Axundov, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müdiri Məmməd Əliyev, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova və başqalarının iştirakı ilə muzey ekskursiyası işinin təşkili haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından sonra muzey işinin təşkilində canlanma müşahidə olunmaqdadır. Bu sərəncama uyğun olaraq, muzeyləri ziyarət edənlərin sayı xeyli artıb. Və bu, muzeylərdə bələdçi işinin yüksək səviyyədə təşkil edilməsi zərurəti yaradıb.
Vurğulanıb ki, bələdçi muzeyin simasıdır. Bu mənada, muzey bələdçisi muzey ziyarətçisini qarşıladığı andan muzeydən yola salana qədər onu müşayiət etməli, muzeyin yaradılma tarixi və buradakı eksponatlar haqqında müfəssəl məlumatlar verməlidir.
Tədbirdə muzey bələdçisinin xarici dil bilməsi məsələsindən də bəhs edilib. Qeyd olunub ki, muxtar respublikanın bugünkü sosial-iqtisadi, eləcə də elmi-mədəni inkişafının nəticəsi olaraq muxtar diyarımıza səyahət edən xarici turistlərin sayı ilbəil artmaqdadır. Təbii olaraq, 5 minillik şəhər mədəniyyətinə malik qədim Naxçıvana gələn əksər turistlər tariximizi, mədəniyyətimizi və ədəbiyyatımızı təbliğ edən muzeylərimizi ziyarətə üstünlük verirlər. Onlara muzeydəki eksponatlar haqqında dolğun və müfəssəl məlumatların verilməsi bu gün muzey işinin təşkili prosesində ən vacib məsələlərdəndir. Məhz bu məsələnin həlli məqsədilə muzey bələdçisinin xarici dil bilməsi vacibdir.
Dəyirmi masada muzey bələdçilərini və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda Naxçıvan Dövlət Rəsm Qalereyasında nümayiş etdirilən rəsm əsərlərinə baxış olub.
Xəbərlər şöbəsi