Dünən Şahbuz rayonunun Keçili kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib. Qeyd edək ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin kənd yaşıl turizmi ilə bağlı cari ildə keçirdiyi yeddinci tədbirdir. Bundan əvvəl analoji tədbirlər muxtar respublikanın Kükü, Ərəfsə, Bist, Çənnəb, Gümüşlü, Tivi kəndlərində keçirilib.
Keçili kəndinin sakinlərinin iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Şahbuz rayonunun Keçili kəndinin turizm potensialı” mövzusunda çıxış edib. Tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verilərək bildirilib ki, Keçili kəndində bu sahəni inkişaf etdirmək üçün geniş imkanlar və şərait mövcuddur. Kənddə son illər infrastruktur yenidən qurulub, yollar abadlaşdırılıb, burada xidmət obyektləri inşa olunub. Keçili kəndində müasir yaşayış evləri tikilib ki, bu evlərdəki otaqlardan birini turistlərə kirayə verməklə kənd sakinləri gəlir əldə edə bilərlər.
Qeyd olunub ki, zəngin təbiətimiz, ekoloji cəhətdən təmiz qida məhsullarımız, şəfalı sularımız muxtar respublikada ekoloji və kənd yaşıl turizminin inkişafını şərtləndirən əsas amillərdəndir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov “Kənd yaşıl turizmi və bu sahədə gəlirlərin formalaşdırılması” mövzusunda çıxış edib.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova “Turizm İnformasiya Mərkəzinin kənd yaşıl turizminin təbliğində rolu” mövzusunda çıxışında mərkəzin muxtar respublikanın təbii mənzərələri, tarixi abidələri və görməli yerləri haqqında apardığı təbliğat işindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti