21 Dekabr 2024, Şənbə

Mənalı istirahətə fürsət tapanda, şübhəsiz, hər fəsildə bunun öz gözəlliyi vardır. Adamların bir çoxu ilin məzuniyyət dövründə istirahətə yollansa da, qışda edilən səyahətlər öz yaddaqalanlığı ilə təəssüratlarda yaxşı xatırlanır. İş-gücü çox olub, yayda uzaq səfərlərə macal tapa bilməyənlər qışda yaşadığı doğma diyarında – evin lap içində yaradılmış gözəl istirahət-rekreasiya mərkəzlərinin xidmətlərindən istifadə edə bilirlər. İşdir, şaxtalı havanın bu nəfəs kəsən vaxtında yolunuzu Ağbulaq İstirahət Kompleksinə salsanız, qalın qarın, çən-dumanın da adamı adi iş mühitindən uzaqlaşdırıb yorğunluğunu çıxaran əla bir fürsət olduğuna inanarsınız.

Ardını oxu...

27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə dünən Naxçıvan Dövlət Universitetində ali təhsil ocağı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  birgə təşkil etdiyi “Qədim yurda gənc baxış” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov Ümumdünya Turizm Gününün təsis edilməsi tarixindən danışmışdır.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək demişdir ki, zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru bu gün sürətlə inkişaf edir. Ölkədə turizmin inkişafına dair birinci dövlət proqramının reallaşdırılması müstəqilliyin ilk illərində tənəzzülə uğramış bu sahənin dirçəlməsinə əsaslı stimul olmuşdur. Bu proqram həmçinin beynəlxalq turizm bazarına inteqrasiyanın təməlini qoymuş, milli turizm kompleksinin rəqabətədavamlılığı yüksəlmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq həyata keçirilən çoxsaylı layihələr ölkədə bu sahənin inkişafına yeni töhfələr verməkdədir.

Ardını oxu...

Cəmiyyət inkişaf etdikcə, yaşayış səviyyəsi yüksəldikcə insanların həyat tərzində, sosial-mədəni tələbatlarında mühüm keyfiyyət dəyişiklikləri yaranır. Yaxşı yaşayan və öz yaradıcı əməyinin məhsulunu daha çox mənəvi zənginləşməyə, dünyagörüşünün artırılması və digər mədəniyyətlərlə tanışlığa sərf edən insanların sayının hər il artması turizm adlanan fenomenin – yeni dünyanın yeddi möcüzəsindən birinin gücünü ortaya qoymaqdadır. Artıq turizm bütün dünyada inkişaf edən bir sahə kimi informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə birgə neft və avtomobil biznesindən sonra dünyada 3-cü və 4-cü yerləri tutmaqdadır.

Turizm və müasir insan
Bir vaxtlar böyük səyyahlar haqqında oxuyanda, sonra da müəyyən işlərlə əlaqədar ezamiyyətə, yaxud çox da komfortlu olmayan kurort və sanatoriyalara istirahətə gedəndə turizm haqqında bu qədər geniş məlumatımız yox idi. Həmin dövrdə turizm səfərləri ən yaxşı halda uşaq və gənclərin ekskursiya və yürüşləri kimi tərif olunur, yaxşı işləyən zəhmətkeşlərə verilən mükafat zərfi kimi qəbul edilirdi. Amma halbuki qədim Roma dövründəki varlı insanlar belə, Aralıq dənizi sahilləri boyunca sırf istirahət və əyləncə məqsədli səyahətlər etmiş, onların istifadə etdyi marşrutların izləri günümüzə qədər gəlib çatmışdır. Daha sonralar çoxsaylı Asiya, Amerika və Okeaniya səfərləri də insanları gələcəkdəki kütləvi səyahətlərə cəsarətləndirən, turizmi bir məşğuliyyət halına gətirən faktlar kimi yadda qalmışdır.

Ardını oxu...

İqtisadiyyatın xidmət və istehsal sferaları arasında aparılan tənzimləmə öz nəticəsini real sektorun inkişafı, səmərəli məşğulluq və əhalinin pul gəlirlərinin artırılmasında göstərir. Yaradılan şəraitdən və bazar imkanlarından bəhrələnmə baxımından bu sferalarda təşkil olunan kiçik biznes yaxşı səmərə verir. Rekreasiya və sosial-mədəni xidmətlərin üstünlük təşkil etdiyi turizmdə də kiçik biznes cazibədar olub, turistlərin seçdiyi regionun iqtisadi imkanlarına və xüsusiyyətlərinə görə dəyişir. 

Turizm və biznes mövzusu genişdir. Səyahət etmək istəyi hər bir insanda olsa da, turizmin inkişafı yalnız ölkənin iqtisadi inkişaf səviyyəsindən, cəmiyyətin sosial-mədəni tələbatlarının ödənilməsinə yönəldilmiş mühüm xidmət sahələrinin mövcud vəziyyətindən çox asılıdır. Başqa sözlə, turizm dedikdə insanların nəyə görə öz yaşayış yerindən səfərə çıxaraq yüz və hətta min kilometrlərlə məsafədəki yerlərə səyahətlərinin əsl motivləri axtarılarsa, bu, insanların rekreasiya və mədəni tələbatlarının ödənilməsinə yönəlmiş iqtisadi fəaliyyət, gərgin zəhmət və turizm sənayesinin bacarıqla idarəolunmasından başqa bir şey deyildir. Ona görə də turizmi bu sahənin fəaliyyəti ilə sıx inteqrasiya olunan sənaye, kənd təsərrüfatı, rabitə, nəqliyyat, tikinti, habelə təhsil və səhiyyənin də inkişafı naminə irəli aparmaq lazımdır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində turist xidməti obyektlərinin və turist firmalarının nümayəndələri ilə görüş keçirilmişdir. Mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək demişdir ki, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında muxtar respublikanın turizm potensialından səmərəli istifadənin təmin edilməsi, turizmin müxtəlif sahələrinin inkişafı ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi nazirlik qarşısında qoyulan əsas vəzifələrdən biri olmuşdur.
Qeyd edilmişdir ki, nazirlik bu işlərin görülməsi üçün turist obyektləri və turist firmaları ilə əlaqələri düzgün qurmalı və mövcud potensialdan düzgün istifadəyə səy göstərməlidir. Son illər muxtar respublikanın turizm potensialını təbliğ edən 50-dən çox buklet, açıqca, məlumat xarakterli çap materialları nəşr olunmuşdur. Turist obyektləri və turist firmaları bu çap məhsullarının, xəritələrin yayılmasına maraq göstərməlidirlər.
“Muxtar respublikanın mədəni-tarixi irsi, müalicə-sağlamlıq obyektləri, dini ziyarətgah yerləri də turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır”, – deyən nazir vurğulamışdır ki, turist marşrutlarının təşkil edilməsində turist firmaları da öz təkliflərini verməli və bu marşrutların hazırlanmasında fəal iştirak etməlidirlər.
Görüşdə nazirliyin Turizm şöbəsinin müdiri Gülbuta Babayeva, Naxçıvan Turizm-İnformasiya Mərkəzinin direktor əvəzi Nurlan Fətəliyev, “Nəqşi-Cahan” Holdinq Şirkətlər Qrupunun nümayəndəsi Hüseyn Sosun və başqaları çıxış edərək muxtar respublikada turizmin inkişafına töhfə verə biləcək təklif və fikirlərini bildirmişlər.

Xəbərlər şöbəsi

İnsanların asudə vaxtının düzgün təşkil olunması onların yaradıcı enerjisindən daha səmərəli istifadəyə, məşğul olduğu işindən möhkəm yapışmağa və həyatdan zövq almağa imkan verən ən sınanmış vasitələrdəndir. Bu baxımdan muxtar respublikamızda da regionun zəngin turizm-rekreasiya ehtiyatlarından istifadə olunaraq fəal istirahətin təşkili məsələləri hazırda dövlətin diqqətində olan sahələrdəndir. Regionda təşkilati turizmin yaradılması və turizmin bir çox növlərinin gizli qalmış potensialının üzə çıxarılması istiqamətində atılan addımlar bu sahədə ilk bəhrələrini verməyə başlamışdır. Naxçıvan-Şahbuz turizm marşrutunun Şahbuz-Ağbulaq qolu üzrə səyahətə çıxan turistlər bir anda təbiət gözəllikləri ilə insan əli möcüzələrinin vəhdətinin, insan rifahına xidmət edən bütöv bir rekreasiya-istirahət kompleksinin cazibəsinə düşürlər. Doğrudan da, Şahbuz dağları ilin bütün fəsillərində gözəldir!

Ardını oxu...

İlin bu isti dövrlərində iş-gücdən bir az uzaqlaşıb, təbiətlə dostcasına yaşıl bir guşədə ailəlikcə istirahət etmək təklifi çoxları üçün lap göydəndüşmədir. Əgər bu günlərdə şəhərli dostlarımız məzuniyyət ərəfəsindədirsə, onda bir ay müddətində Naxçıvanın axşamları havası adamı bir az üşüdən dağ kəndlərinin birində, sərin-səfalı, bal-qaymaqlı bir istirahət turu – kənd turizmi onların yolunu gözləyir.
Çoxları turizmin təşkili yollarını axtaranda zəruri turizm infrastrukturu, nəqliyyat, servis kimi məsələlər və bunların həlli üçün lazım olan peşəkar kadrların tapılması çətinliyi ilə üzləşirlər. Müasir turistlərin komfort standartlarına olan tələbatlarına, xüsusən xarici turistlərin milli xüsusiyyətlərinə uyğun xidmətlər təklif etmək kifayət qədər mürəkkəb məsələdir və bir çox hallarda istirahət məkanlarında turistlərə göstərilən servislər zamanı bu, özünü göstərir. Bununla yanaşı, kənd turizmi kimi elə sadə istirahət növləri də vardır ki, bu zaman bir aylığa da olsa, dincəlmək üçün gəlmiş qonaqlara nə yer tapmaq, nə qida servisi, nə də mənalı istirahət proqramı təşkil etmək çətinlik yaradacaqdır. Çünki buradakı müştərilər – bir çoxu da tanış-bilişimiz olan yerlilərimiz, onların yerləşmə yeri evimizin onlar üçün ayrılmış hissəsi, qidalanması anamın hazırladığı dadlı yeməklərdən olub, istirahət proqramları da həyətdəki böyük alma ağacının altındakı nərd masasından tutmuş dağdakı baldırğan gözəsinin buz bulaqlarına qədər hər yerdə təşkil oluna bilər.

Ardını oxu...

Turizm marşrutları mövcud turizm ehtiyatları əsasında yaradılır. Turizm ehtiyatları isə rekreasiya cazibədarlığı baxımından praktik olaraq tükənməzdir. Ancaq inanc və dərketmə tələbatı baxımından uzaq səfərlərə yollanmaq tarixən ən qədim səyahət növlərindən biri olmuşdur. İnsanlar min illərdən bəri yaddaşlarında əbədiləşən müqəddəs ziyarətgahlara etdikləri səfərlərlə dünyadakı ən savab işlərdən onlara da pay düşdüyünə inanmışlar. Naxçıvanın dünyaca tanınmış müqəddəs Əshabi-Kəhf ziyarətgahı marşrutu üzrə hərəkət edən zəvvarların əsl qazancı budur. Əgər duaların Allaha çatdığı yerdə, Peyğəmbər ayağının toxunduğu torpaqda öz inanclarını daha da dərinləşdirib Uca Yaradana bir addım daha yaxın bir yerdən xitab etmək istəyənlər varsa, Naxçıvan–Əshabi-Kəhf turizm marşrutu bütün turistlərin yolunu gözləyir.

Naxçıvanın turizm ehtiyatları arasında Əshabi-Kəhf ziyarətgahının öz yeri vardır. Bu, turizm marşrutları qarşısında qoyulan ümumi tələblər və onların elmi-nəzəri və metodoloji cəhətdən əsaslandırılması baxımından Naxçıvan–Əshabi-Kəhf turizm marşrutuna da öz təsirini göstərir. Daş mağarada haqqın ədalətinə sığınıb ondan mərhəmət gözləyənlər kimi, sonsuzluq qavramını da kainatın dərinliklərində deyil, elə yaşadığı şəhərin lap yaxınlığındakı təbiət möcüzəsində axtaranlar üçün qədim Naxçıvanın müqəddəs məkanları, onun Əshabi-Kəhf ziyarətgahı hamının axtardığı bir yerdir.

Ardını oxu...

Çox zaman turizmin cazibəsinə qapılıb onun gücündən istifadə etmək yollarını axtaranda ya təkcə turizm ehtiyatları, ya bacarıqlı menecment haqqında fikirlər söylənilir, ya da ki məsələnin, sadəcə, turistlərin səxavətindən asılı olması qənaətinə gəlinir. Amma halbuki turizm elə sahələrarası inteqrasiya gücünə malikdir ki, o, başda iqtisadiyyat olmaqla digər sosial-mədəni xidmət sahələri ilə birgə bütöv bir turizm sənayesini formalaşdıraraq ölkəyə turizm gəlirləri imkanı yaradır. Əlbəttə ki, burada təkcə rekreasiya xidmət sahələrində deyil, bütün turizm sənayesinə aid olunan sahələrdə öz funksiyasını yerinə yetirə bilən kadrlardan çox şey asılıdır. 

Turizmdə kadr deyəndə çox vaxt turistlərə xidmət göstərən gülərüz, peşəkar xidməti işçilər başa düşülür. Mehmanxana, restoran, nəqliyyat və ekskursiya xidmətləri zamanı belə işçilər bilavasitə servislə əlaqədar olduğundan onların işinə də müvafiq qiymət verilərək göstərdikləri xidmətin səviyyəsinə görə bəxşiş alıb, bəzən də şikayət olunurlar. Ancaq turizm sənayesində rol alan və turistlərlə heç zaman üz-üzə gəlməyən çoxlu sayda sahələr vardır ki, onların fəaliyyətinin son nəticəsi regiona xas olan turizm məhsulunu formalaşdıran bir amil kimi özünü göstərir.

Ardını oxu...

Təbii gözəlliklər və tarixi zənginliklərlə eyni məkanda tanış olmaq üçün  Naxçıvan turistlərin ən sevimli təyinat yerlərindəndir. Naxçıvan şəhərindən üzü Şərqə doğru getdikcə ucalan dağların sehrinə qapılanlar bunu yaxşı bilirlər. Tarix boyu heç bir yadelliyə boyun əyməmiş qalalarında sirlər barındıran, gursulu çayları, qayaları, gül-çiçəyi ilə insanı valeh edən Naxçıvan torpağının hər qarışı buraya səfər edən turistlərdə unudulmaz təəssürat yaradır. Əgər qonaqlarınıza Naxçıvandan Əlincə istiqamətinə səyahət etməyi təklif edirsinizsə, onda bu təəssüratın daha da zəngin olacağına əvvəlcədən inana bilərsiniz. Qarşıda bizi rəngarəng təbiət və insan əli möcüzələri ilə tanışlıq gözləyir! 

Tanışlıq-dərketmə əksər turizm növləri üçün əsas motivlərdən hesab olunur. Ona görə də Əlincə istiqamətinə turist qrupu aparmağı planlayarkən marşrut boyunca yol və zaman seçimi düzgün hesablanmalıdır. Ümumiyyətlə, Əlincəyə istər Naxçıvan şəhərindən, istərsə də muxtar respublikamızın giriş qapılarından biri – Culfa şəhərindən olan məsafə çox da uzaq olmadığından birgünlük ekskursiya zamanı kifayət qədər rekreasiya ehtiyatları ilə tanışlıq mümkündür. Naxçıvan şəhərindən cəmi 30 kilometr məsafədə yerləşən unikal təbiət və insan əli abidələri, landşaft-rekreasiya məkanları planlı və düzgün tərtib olunmuş marşrutda, şübhəsiz, dərhal öz qiymətini tapacaqdır. Ona görə də bu istiqamətə təşkil olunmuş səyahət zamanı yetərincə tarix, iqtisadiyyat və coğrafiya təhsili almış turizm mütəxəssisi öz bələdçi məharəti ilə elə ilk andaca turistlərin diqqətini cəlb edə bilər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının rəngarəng turizm ehtiyatları əsasında turizm marşrutları hazırlamaq məqsədilə silsilə yazılar təqdim edirik. Növbəti səfərimiz Şahbuz rayonu istiqamətinədir. Naxçıvanda özünün təbii iqlim şəraiti, landşaft gözəllikləri və canlı təbiəti ilə təkcə muxtar respublikamızın deyil, həm də ölkəmizin ən füsunkar guşələrindən hesab olunan Şahbuzun yaxın gələcəkdə həm yay, həm də qış turizmi həvəskarlarının sevimli istirahət və əyləncə yeri olacağı gözlənilir. 

Şahbuza qonaq dəvət edəndə adamların təsəvvüründə ilk olaraq təbiət gözəli Batabat canlanır. Bu marşrutun təsvirinə də Batabatla başlamaqla işimizin uğur qazanacağına inanırıq. Əvvəlki yazılarımızda da qeyd etdiymiz kimi, Batabat Naxçıvanın Ordubad və müqəddəs Əshabi-Kəhf ziyarətgahı kimi hələ onilliklər əvvəl insanların təsəvvüründə yer tutaraq, bir növ, turizm markası halına gəlmişdir. Batabat, onun müasir turizm imkanları haqqında müasir dövrün imkanlarına görə az yazsaq da, bir vaxtlar bu yerlərin gözəllikləri dillər əzbəri nəğmələrin nəqəratı olmuşdur. Bununla yanaşı, yeni işə başlayan turizm təşkilatçısı, savadlı turizm mütəxəssisi Şahbuza gələn qonaqlarına təqdimat sıxıntısı çəkmədən onları dərhal Batabata aparmağa tələsməməli, bu marşrut üzərində onlarla digər görməli yerlərin ardıcıllıq metodologiyasını yaxşı mənimsəməlidir. Dünya turizm praktikasında tətbiq olunan belə tövsiyələrin nəzərə alınması bu marşrutun da daha sevilən və qazanc gətirən olmasına imkan verəcəkdir. Necə deyərlər, marşrutun ən maraqlı nöqtəsi onun finalı olmalıdır.

Ardını oxu...

Turizm və iqtisadi inkişaf. Bu, müasir dövrdə turizmin inkişafına maraqlı olan dövlətlərin və beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Məqsəd turizm resurslarını iqtisadi dövriyyəyə cəlb edərək onları cəmiyyətin iqtisadi və humanitar inkişafına yönəltməkdir. Bu baxımdan ölkə­nin beynəlxalq aləmdə tanıdılması üçün turizm informasiya resurslarının yaradılması və onların təbliğ olunmasının mühüm əhəmiyyəti vardır.
Sürətli və yetkin informasiyanın müasir dövrdəki əhəmiyyəti hər kəsə məlumdur. İqtisadi və mədəni həyatda məhz informasiya mübadiləsi vasitəsi ilə cəmiyyətin əldə etdiyi nailiyyətlər bölüşülür, yaradılan resurslar hesabına yeni məhsul və xidmətlər istehsalı üçün ilkin tələb formalaşır. İnkişaf edən bir xidmət sahəsi kimi turizmin müasir dünya iqtisadiyyatında tutduğu yer və onun informasiya resursları ilə qarşılıqlı inkişaf əlaqələri də bu məsələyə daha fərqli yanaşma tələb edir. Çünki öz xüsusiyyətlərinə görə turizm və informasiya resursları bir-birinin inkişafını qarşılıqlı olaraq şərtləndirən iki sahədir. Belə ki, turizm infrastrukturu formalaşdırılması işində vacib məsələlərdən biri kimi turistlərdə region haqqında ilkin məlumatları formalaşdıraraq onlarda səyahət motivləri yaradacaq hər cür məlumat bazasının yaradılması mühüm praktik əhəmiyyət daşıyır. Buna görə də muxtar respublikamızda gəlmə turizmin inkişafına xidmət edən mühüm qurumlardan biri kimi 2010-cu ildə yaradılmış Naxçıvan Turizm-İnformasiya Mərkəzinin də qarşısında mühüm vəzifələr dayanır.

Ardını oxu...

Turizm marşrutu regiona səyahət edən turistlərin ərazi ilə tanış ola bilməsi üçün müəyyən bir istiqamət üzrə əvvəlcədən tərtib edilmiş bütöv bir tədbirlər planıdır. Belə bir marşrut regiona turistlərin cəlb olunmasına maraqlı olan firma və ya müəssisələr, bunlar olmadığı halda isə turistlərin özləri tərəfindən də işlənib hazırlana bilər. Turistlərin səyahət güzərgahı bəzən yerli əhalinin istifadə etdiyi yollarla eyni olsa da, turizm marşrutu adi sərnişindaşıma marşrutu anlayışından tamamilə fərqlənir. Turizmin əsas motiv, tələb və xidmət standartları baxımından özünəməxsus xüsusiyyətləri vardır. Muxtar respublikamızın zəngin turizm ehtiyatları və turistlərin müxtəlif istiqamətlərdə hərəkəti üçün yaradılmış mövcud imkanlar əsasında təşkil oluna biləcək Naxçıvan-Ordubad turizm marşrutu ilə tanışlıq məqsədilə yola çıxdıq. 

Ardını oxu...

Hörmətli oxucular, “Yurdumuzu tanıyaq və tanıdaq” rubrikasında təqdim olunacaq silsilə yazılarla Naxçıvan Muxtar Respublikasının, əslində, çoxlarımızın yaxşı tanıdığı, ancaq bəzi məqamlarda onları lazımınca təqdim və təbliğ etməkdə çətinlik çəkdiyimiz zəngin turizm ehtiyatları ilə sizi tanış edəcəyik. Turizm ehtiyatlarımızın rəngarəngliyi, onlardan məqsədli istifadə, bu sahədə müxtəlif informasiya resurslarının yaradılması və tanıdılması məsələlərinə baxış əsas məqsədlərimizdəndir. Bu yazımızda turizm marşrutları haqqında ilk təsəvvürləri oxucularımızla bölüşəcəyik.

Ardını oxu...

Müasir dövrün sosial-iqtisadi inkişaf göstəriciləri arasında turizm  xüsusi yer tutmaqdadır. Ölkələr sahib olduqları turizm ehtiyatlarından maksimum səmərə ilə istifadə etməklə onun davamlılığına nail olmaq, bununla da, təbiət, cəmiyyət, iqtisadi inkişaf və ekoloji vəziyyət arasında dayanıqlı əlaqələr yaratmağa çalışırlar. Ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsinə yönəlmiş təbii və mədəni ehtiyatlardan istifadə prioritetləri turizm sahəsində də dayanıqlı inkişafa nail olmaq üçün əlverişli məqam yaratmışdır. Bu istiqamətdə məqsədlərə çatmaq üçün qarşıya konkret vəzifələr qoyulmuşdur. 

Təbiət insan fəaliyyətinə çox həssasdır. İnsanın yaxşı yaşamaq üçün təbii sərvətlərə, təbiətin hazır nemətlərinə ehtiyacı olduğu kimi, təbiət də eyni qayğıya möhtacdır. Başqa sözlə, təbiətin özünü daimi olaraq yeniləyib tənzimləməsi kimi, insanlar da öz fəaliyyətlərində, xüsusilə turizmin inkişafı zamanı davamlılığı təmin etməyə, turizm ehtiyatlarının uzun illər boyu tükənmədən insanlara xidmət etməsinə çalışmalıdırlar.

Ardını oxu...

Müasir dövrdə turizmin cəmiyyətin iqtisadi və mədəni inkişafındakı rolundan və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən çox danışılır. İndi turizm təkcə bir xidmət sahəsindən əlavə, mühüm bir sosial-iqtisadi inkişaf göstəricisinə çevrilmişdir. Hər il dünyada təqribən 1 milyard səyahətçini əhatə edən və 1 trilyon ABŞ dolları gəlirlərlə bütöv bir sənaye halına gələn turizmin ayrı-ayrı ölkələrdə özünəməxsus inkişafı mövcud ehtiyatların istifadəsi ilə mümkün olmuşdur. Bu baxımdan, ilin müəyyən günlərində yaranan mövsümi turizm tələbinin düzgün qiymətləndirilməsi ilə göstərilən pullu turizm servisləri iqtisadiyyatın digər sahələrində də canlanma yaradaraq, ümumi sürətləndirici effektini ortaya qoyur.
Turizmin növləri çoxdur. Bir çoxlarına da yaxşı tanış olan eko­turizm, tanışlıq, dini ziyarət, idman, işgüzar turizm növlərindən başqa, çoxlu miqdarda “bilinməyən” səyahət növləri də vardır ki, bunlardan düzgün istifadə edildikdə iqtisadi gəlir və ölkənin tanıdılması baxımından böyük səmərə əldə oluna bilər. Region üçün hansı turizm növünün daha sərfəli olduğundan danışarkən, bilməliyik ki, bunun əsasında da regiona məxsus nadir turizm ehtiyatları və onların qiymətləndirilə bilinməsi üçün lazımi infrastruktur şəraiti durur. Bu baxımdan, ilin müəyyən tarixi günlərində, əsasən, etnik turistlərdən ibarət qrupların səfərlərinin təşkil olunduğu ərəfə turizminin perspektivləri həm muxtar respublikamız, həm də ölkəmiz üçün çox əhəmiyyətlidir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik kabinəsi açılıb. Sosial idarəetmə və hüquq fakültəsinin nəzdində yaradılan kabinənin açılış mərasimində çıxış edən Bələdiyyə və turizm kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Hafiz Hüseynov muxtar respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, bu qayğının sürətlə böyüməkdə və inkişaf etməkdə olan Naxçıvan Dövlət Universitetinin timsalında daha aydın hiss olunduğunu vurğulayıb.
Gələcəkdə turizm və otelçiliyin ayrıca kabinələr şəklində fəaliyyət göstərməsinin əhəmiyyətindən danışan universitetin rektoru, akademik İsa Həbibbəyli kabinənin işinə uğurlar arzulayıb. Rektor 2013-cü ildə TEMPUS proqramı çərçivəsində universitetin yeni layihələrə imza atacağını vurğulayıb. “Müəllimi inkişaf etdirmədən universiteti inkişaf etdirmək olmaz”, – deyən rektorun sözlərinə görə, bu ali təhsil ocağında turizmyönlü proqramlar da həyata keçiriləcək. Bunun üçün müəllim və tələbələr beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə mütəmadi olaraq xarici ölkələrə göndəriləcək.
Rektor otelçilik kabinəsinin açılmasının vacibliyini də bildirib.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR