22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunun Çalxanqala kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib. Qeyd edək ki, bundan əvvəl analoji tədbirlər muxtar respublikanın Kükü, Ərəfsə, Bist, Çənnəb, Gümüşlü, Tivi, Keçili, Gənzə kəndlərində təşkil edilib.

Kənd sakinlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məhərrəm Əliyev açıb. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Kəngərli rayonunun Çalxanqala kəndinin turizm potensialı” mövzusunda çıxış edib. Tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verilib və bildirilib ki, muxtar respublikada kənd turizmini inkişaf etdirmək üçün geniş imkanlar və şərait mövcuddur. Kəngərli rayonunun səfalı kəndlərində də belə imkanlar var.
Turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdıran Piri Nağıyev deyib ki, kənd turizmi bir çox hallarda daxili turizm növünə aid edilir.

Qeyd edilib ki, kənd turizmi üçün o qədər də güclü reklam və təşkilatçılıq tədbirlərinə ehtiyac duyulmur. Turistlər üçün lazım olan saf iqlim və su ehtiyatı, yaşıllıq, abad kənd şəraiti, insanı cəlb edən təbiət mənzərələri, şəhərdə olduğu kimi, burada da infrastrukturun yüksək səviyyədə olması və qonaqpərvərlik bu sahə üçün hazır ehtiyatlardır. Təcrübə göstərir ki, bir çox ölkələrdə turizmin inkişafı kənd yaşıl turizmi ilə başlayıb. Kənd yaşıl turizminin inkişafı yerli sakinlərin təşəbbüskarlığı və qonaqpərvərliyindən də asılıdır. Bu sahənin sosial inkişafın təmin edilməsində üstünlükləri çoxdur. Bunlardan əhalinin maddi rifahının yaxşılaşdırılması, kənd əhalisinin istehsal etdikləri məhsulların satışı, insanlar arasında ünsiyyət və yaxınlaşma, bölgənin adət-ənənəsi, məişətinin öyrənilməsi, təbliği və sairi qeyd etmək olar.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ayaz Əliyev çıxışında bildirib ki, kənd turizminin inkişafı kəndlərin sosial-iqtisadi inkişafında, əhalinin iş yerləri ilə təminatında, ərazilərin təbii-iqtisadi potensialından səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynaya bilər.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova “Turizm İnformasiya Mərkəzinin kənd yaşıl turizminin təbliğində rolu” mövzusundakı çıxışında muxtar respublikanın kənd­ləri, təbii mənzərələri, tarixi abidələri və görməli yerləri haqqında danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR