Təbiətin qoynuna üz tuturuq. Abad, rahat yollar, geridə qoyduğumuz füsunkar kənd mənzərələri bizi özünə məftun edir. Maraqlı söhbət uzun yola körpü saldığı kimi, insanın ruhuna qida verən ana təbiətin doyumsuz gözəllikləri də yolun uzaqlığını hiss etdirmir. Təbiət gözəli Qanlıgölə tələsirik. Nəhayət, Naxçıvanın dilbər guşəsi olan Şahbuz rayonunun Kükü kəndinə yetişirik. 2013-cü ildə Naxçıvan-Batabat magistralı, Ayrınc-Qızıl Qışlaq-Kükü avtomobil yolunun yenidən qurulması əlverişli iqlim şəraitinə, zəngin təbii bitki örtüyünə və təmiz dağ havasına malik olan Kükü kəndinin turizm imkanlarını xeyli artırıb. Qızmar yay günlərində istirahət üçün ideal məkan kimi bu kəndi seçənlər az deyil.
Sərhəd kəndi olan Küküdən sonra yaşayış məntəqəsi yoxdur. Birbaşa dolanbac yollarla dağlara qalxırıq. Arabir dayanır, zövq aldığımız təbiət mənzərələrindən kadrlar çəkirik. Gözoxşayan yamyaşıl yamaclar diqqəti cəlb edir. Sanki yerə yaşıl xalı sərilib. Əzəmətli dağlar – Sarı qaya, Qaya dibi, Qırmızı qaya, Səfər bəy səngəri və bu dağların zirvəsinə sığınan ağ buludlar. İlahi, təbiət bizə nələri bəxş etməyib? Sanki Uca Tanrı bu yerləri ancaq tamaşa üçün yaradıb. Adam ayağını belə, yerə qoymaq istəmir. Qeyri-ixtiyari olaraq istəmirsən ki, bu gözəlliklərə xələl gələ. İnsan təbiətlə vəhdətdə mənən böyüyür, rahatlıq tapır, ruhən qidalanır. Axı biz təbiətin bir parçasıyıq. Təbiətə təmas bizim mənəviyyatımızı təzələyir. Başımızın üstündə açıq səma, üzərində dayandığımızsa müqəddəs torpaq. Ana torpağa nə qədər sıx tellərlə bağlı olduğumuzu bu zaman daha yaxşı dərk edirik.
Yol bizi darıxdırmır əsla. Amma haqqında əfsanələr qoşulan Qanlıgölə də çatmağa tələsirik. Yüksəkliyə qalxdıqca təbiət sanki bütün cazibəsini bizə nümayiş etdirir. Bir tərəfdə yamyaşıl çəmənlərdən boylanan sarı çiçəklər, digər tərəfdə quşların bir-birinə qarışan nəğməsi. Bu gözəlliklərin sehri ilə daxil oluruq Qanlıgölə.
Möhtəşəm mənzərini seyr edərkən bizdə sual yaranır: nə üçün belə gözəl bir gölə “Qanlıgöl” deyirlər? Əfsanəyə görə, keçmiş zamanda bu ərazilər düzənlik və hava şəraiti əkin üçün əlverişli olduğundan adamlar bir araya toplaşaraq şum edirmişlər. Bu zaman torpağın altından çıxan su burada çalışanları ağuşuna almış, bir neçəsi suya qərq olmuşdur. O zamandan bəri bu göl “Qanlıgöl” adlandırılıb. Bu gölə hər hansı bir çay tökülmür. Göl tamamilə ətrafda çağlayan bulaq suları ilə qidalanır. Buna görə gölün suyu olduqca soyuqdur. Baxdıqca düşünürsən ki, belə gözəlliyə malik olan göl, yəqin ki, ancaq tamaşa etmək üçün yaranıb.
Qanlıgöl dəniz səviyyəsindən 2420 metr yüksəklikdə, Keçəldağın ətəyində yerləşir. Eyniadlı təbii gölün əsasında su anbarı yaradılıb. Kənd adamları bu dağların yamacındakı əkin sahələrini bu gölün suyu ilə suvarırlar. Qanlıgölün qarşısında XVI əsrdən başlayaraq bir neçə dəfə bənd tikilmiş, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış sularından yaranan sellərə davam gətirməyərək dağılmışdır. XIX əsrin ortalarında burada bənd tikilmişdir. İrihəcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir.
Yerli sakinlərin sözlərinə görə, Qanlıgölün ən mənzərəli çağı sentyabrın ilk ongünlüyüdür. Çünki bu zaman gölün içindəki bulaqlar suyun çəkilməsi nəticəsində ortaya çıxır. Bunun nəticəsində ideal mənzərə yaranır. Qanlıgölü qidalandıran bulaqların içində ən məşhuru Pünhan bulaqdır. Göz yaşı kimi dumduru, buz kimi soyuq bulaq özünü dağların qoynunda pünhan saxlamağa çalışsa da, obyektivimizdən yayına bilmir. Ana təbiət öz səxavətini bu yerlərdən əsirgəməyibsə, biz nədən bu gözəllikləri pünhan saxlayaq?
Bəli, Tanrı səxavətini ana təbiətdən əsirgəmədiyi kimi, ana təbiət də öz səxavətini insanlardan əsirgəmir. Burada təbiət sanki açıq əczaxanadır. Gölün ətrafındakı dağlardan insanlar şəfalı bitkilər – çobanyastığı, dihcə, baldırğan, kəklikotu, yarpız, solmazçiçək, səhləb yığır, faydasından yararlanırlar. Bu yerlərin saf havası ilə nəfəs aldıqca cürbəcür otların, çiçəklərin ətri hiss olunur. Buradan həm də yaylaq ab-havası duyulmağa başlayır. Qanlıgöl yaylağında illərdir ki, Kükü kəndi ilə yanaşı, ətraf kəndlərdən, həmçinin Kəngərli rayonunun Xok, Şərur rayonunun Mahmudkəndindən təsərrüfat sahibləri gəlib yurd salar, mal-qara, qoyun-quzu saxlayırlar.
Qanlıgölə səyahətimiz burada sona çatır. Buraların təbiəti o qədər al-əlvandır ki, vəsf etməklə bitməz. Gedib görmək lazımdır. Təbiət vurğunu olan Xalq şairimiz Səməd Vurğunun dediyi kimi:
Yenə də yamyaşıl geyinib dağlar,
Buz kimi durulub qaynar bulaqlar.
Əriyir güneylər döşündəki qar,
Yağış da isladır o gül çəməni,
Təbiət ilhama çağırır məni.
Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş redaktoru