22 Dekabr 2024, Bazar

Naxçıvan Turizm İnformasiya Mərkəzində “Muxtar respublikamızı tanıyaq” devizi altında keçirilən fotomüsabiqənin yekun tədbiri olub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə malik olması, yüksək qonaqpərvərlik ənənələri, flora və faunası, müxtəlif iqlim qurşaqları və təbiəti, əlverişli infra­strukturu muxtar respublikada turizmin inkişafına geniş imkanlar açır.
Vurğulanıb ki, bu diyar tarix və mədəniyyət abidələri ilə zəngindir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən, Naxçıvan ərazisində 57 dünya və 500-ə yaxın ölkə əhəmiyyətli olmaqla, 1202 daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınıb və pasportlaşdırılıb. Son illərdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpa, təmir və konservasiya olunması da diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl işlər görülür.

Diqqətə çatdırılıb ki, muxtar respublika ərazisində “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin, digər pir və ziyarətgahların olması dini turizm həvəskarlarını buraya cəlb edir. Həmçinin Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası müalicə turizmin inkişafına şərait yaradır. Təmiz hava, ekoloji cəhətdən təmiz qida məhsulları, lazımi infrastruktur, həmçinin sabit və təhlükəsiz həyat isə turistlərin müasir dövrdə ən çox əhəmiyyət verdikləri amildir. Bunun nəticəsidir ki, keçən il muxtar respublikamıza gələnlərin sayı 403 mindən çox, bu ilin dörd ayı ərzində gələnlərin sayı isə 130 minə yaxın olub. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikasının çox geniş turizm imkanlarına malik olduğunu vurğulayan Natəvan Qədimova qeyd edib ki, bu ehtiyatlardan səmərəli şəkildə istifadə olunması üçün hər birimiz var gücümüzlə çalışmalı, muxtar respublikamızın dünyaya tanıdılmasında əlimizdən gələni əsirgəməməliyik. Turizmin inkişafında turizm potensialının mövcudluğu ilə yanaşı, reklam və təbliğat işi də mühüm əhəmiyyətə malikdir. Muxtar respublikanın turizm potensialının tanıdılması, gənclərin təbliğat işində fəallığının artırılması məqsədilə nazirlik tərəfindən “Muxtar respublikamızı tanıyaq” devizi altında fotomüsabiqə elan edilib.
Nazirliyin Turizm şöbəsinin müdiri Əkbər Novruzov çıxışında bildirib ki, fotomüsabiqə 1 yanvar 2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Muxtar respublikamızı tanıyaq” başlığı altında “Ən yaxşı Naxçıvanın təbiət fotoşəkli”, “Ən yaxşı memarlıq abidəsi fotoşəkli” və “Ən yaxşı mədəni irs nümunəsi fotoşəkli” nominasiyaları üzrə keçirilib. Müsabiqəyə 43 iştirakçı müraciət edib və üç nominasiya üzrə, ümumilikdə, 300 fotoşəkil təqdim olunub. Həmin fotoşəkillərin qiymətləndirilməsi, qaliblərin müəyyənləşdirilməsi məqsədilə 5 nəfərdən ibarət münsiflər heyəti yaradılıb və fotoların seçilməsi iki mərhələdə aparılıb. Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirilməsi nəticəsində əsas meyar kimi fotoşəklin müsabiqənin məqsədinə uyğunluğu, orijinallığı, asan qavranılması və keyfiyyəti nəzərə alınıb.
Tədbirdə fotomüsabiqənin qalibi Aytən İsgəndərli və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Rövşən Hüseynov çıxış ediblər.
Sonra müxtəlif nominasiyalar üzrə qaliblər I, II və III dərəcəli diplomlarla və fəxri fərmanlarla təltif olunublar. Müsabiqənin təşkilatçılarından üç nəfər isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının fəxri fərmanı ilə təltif edilib.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyası solistlərinin ifasında muğam və təsniflər səslənib və fotosərgiyə baxış olub.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR