22 Dekabr 2024, Bazar

Mənalı istirahəti hamı arzulayır. Asudə vaxt düzgün təşkil olunduqda istirahətini mənalı keçirmək istəyənlər üçün də yaxşı imkanlar açılır. Buna görə də yayda olduğu kimi, qışda da səyahətlərə yollanmaq üçün şərait varsa, bu, dəyərləndirilməlidir. Qış turizmi üçün vacib olan, vaxtında yağmış qar bu baxımdan aktiv istirahətə meyil edənlər üçün çox cazibədardır.

Qışda səyahətə yollanmaq çox vaxt çətin olsa da, maraqlıdır. Xüsusən bir çox insanlar üçün məzuniyyət dövrü məhz qış fəslinə təsadüf etdiyindən bu həm də faydalıdır. Ayrıca olaraq, məktəblilərin və tələbə-gənclərin, habelə bir sıra mövsümi işlərlə məşğul olanların tətil vaxtlarının mühüm bir hissəsi də qışın orta çağına təsadüf edir. Uşaq və gənclər aktiv səyahətlərə həmişə meyilli olduğundan qışda təşkil edilən səyahətlər onların böyük sevincinə səbəb olur. Odur ki, mövzu qış turizmi olduqda burada çox sayda maraqlı fikirlər yaranır.
Qar bolluq-bərəkət rəmzidir. Şübhəsiz, canlı təbiətin istirahət edib yenidən öz füsunkar yaz libası geyinməsi üçün qarlı qış vacibdir. Ancaq müasir turizmdə elə imkanlar vardır ki, qarlı qış günlərində də insanlar öz səyahətlərindən dolğun təəssürat ala bilərlər. Əgər insanların yaşayış səviyyəsi kifayət qədər yüksəkdirsə, onda qışın sərt şaxtasında da istirahət mərkəzlərində mənalı vaxt keçirmək mümkündür.

Turizmin müasir inkişaf səviyyəsində muxtar respublikamızda qış turizmi üçün yaxşı imkanlar vardır. Odur ki, qışda istirahətini mənalı keçirmək istəyənlər Naxçıvan şəhərindən çox da uzaqda olmayan məkanları seçirlər. Şahbuz, Culfa, Ordubad rayonlarının dağlıq və dağ­ətəyi yerlərindəki ecazkar qış mənzərələri qış turizminin keçirilməsi üçün əla fürsətdir.
Muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərindən, təqribən, bir-iki saatlıq yol məsafəsindəki bu ərazilərin qış mənzərələri elə bir təəssüratla yekunlaşır ki, qısa qış gününün necə keçdiyi belə, hiss olunmur. Ancaq əvvəllər qış gəldikdə insanların qayğıları birə-beş artar, adamlar evləri qızdırmaq üçün yanacaq təlaşına düşər, lazım olandan artıq şəxsi ərzaq ehtiyatı yaradardı ki, birdən qar yolları bağlarsa, uşaqlar ac qalmasın. Qışın qarı o zamanlar insanların gündəlik həyatı üçün müxtəlif çətinliklərdən başqa bir şeyə yaramırdı. Həmin vaxtlarda yağan qalın qar yalnız qartopu oynayan uşaqları sevindirərdi. İndi isə həmin dövrdəki çətinliklər haqqında, sadəcə, xatirələr qalıb. Yağmış qar daha çətinlik yaratmır, müasir texnika ilə bir neçə saatın içində yollar təmizlənir, qaz, elektrik, su və istilik təminatında, nəqliyyat və rabitədə heç bir problem meydana gəlmir. Başqa sözlə, ağappaq qarı asudə vaxt keçirmə vasitəsinə çevirmək üçün indi hər cür imkanımız vardır.
Qışda Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzinə çox sayda turist gəlir. Burada qış turizmi üçün əlverişli şərait vardır. Şahbuz şəhərindən, təqribən, 20 kilometrlik məsafədə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdəki bu istirahət mərkəzinin yerləşdiyi yer öz relyefinə və təbii iqlim xüsusiyyətlərinə görə qışda da çox sayda turistləri qarşılamağa imkan verir. Qışda Ağbulağa səyahət edən turistlər buranın gözəl təbiəti, təmiz havası və suyu ilə yanaşı, bölgəyə məxsus milli mətbəxi ilə də tanış olurlar. Qışın oğlan çağında kənddə bişirilmiş isti təndir lavaşının, yerli fermerlərin təsərrüfatında hasilə gəlmiş ləzzətli bal-qaymağın, qovurmalı əriştə aşının dadından kim doyar ki? Xülasə, yayda olduğu kimi, qışda da Ağbulaqda istirahət etmək istəyənləri maraqlı təəssüratlar gözləyir.
Qışda istirahətini xoş keçirmək istəyənlər üçün digər bir yer – Batabat yaylağı da çox cazibədardır. Adama elə gəlir ki, təbiət bu yaylaqlara nəhəng bir yorğan çəkib. Buradakı göllərə yaxınlaşdıqca bir anda gözqamaşdıran ağ qar örtüyünün sehri adamı özünə çəkir. Bu təkcə ağ rənglə işlənə bilən ən gözəl sənət əsəri kimi insanı valeh edir. Ətraf sanki yeni doğulmuş kimi tərtəmiz, əl dəyməmiş bir gözəli xatırladır. Gün qısa olsa da, qışda Batabata gələnlər burada qalmaq, dostlarla yaddaqalan gün keçirmək istəyirlər.
Muxtar respublikamızın digər dağlıq və dağətəyi bölgələrində də qış turizmi üçün yaxşı şərait vardır. Qeyd edək ki, belə bir istirahət üçün heç də müasir təchizatlı dağ-xizək kompleksi ən zəruri şərt deyildir. Əlbəttə, belə bir şərait gələcəkdə turizm sahəsindən əldə ediləcək gəlirlərin çoxalması ilə mümkün olacaqdır. Ancaq insanların fiziki fəallığının azaldığı qış fəslində istənilən məzmunda yürüş və gəzintilər çoxlarının şikayət etdiyi artıq çəkidən xilas olmağın, qrip kimi xəstəliklərə yoluxmamağın və orqanizmin möhkəmləndirilməsinin ən yaxşı yoludur. Çox zaman qışda ən sağlam insanlar belə, qrip, soyuqdəymə kimi xəstəliklərə tutulmasınlar deyə, açıq havadan qaçmaqla ev şəraitində qalmağa üstünlük verirlər ki, bu da elə həkimlərin də təsdiq etdiyi kimi tam əksinə, onların xəstəliklərə tutulma ehtimalını artırır. Ona görə də qışda asudə vaxt olduqca ailəlikcə həyata keçirilən gəzinti həm yaddaqalan, həm də sağlamlığı möhkəmləndirən ən yaxşı əyləncələrdəndir.
Qış turizminin digər faydalarından biri də, ümumən, ekoturizmə xas olan geniş tərbiyəvi xüsusiyyətidir. Bu, xüsusən uşaqlar üçün çox zəruridir. Sərt qışda xizək sürmək, çətin keçilən maneələri aşmaq çətinliklərə üstün gəlməyi, çətin hava və relyef şəraitində qarşıya qoyulmuş məqsədə çatmağı öyrədən ən önəmli yürüşlərdəndir. Doğrudur, yazda və yayda da insanların təbiətlə ünsiyyətdə olması, onun gözəlliklərindən zövq alması mümkündür. Ancaq gül-çiçəkli kənd yaşıl və buna bənzər digər ekoturizm səfərlərindən fərqli olaraq qışda hər yürüş daha ekstremal və yaddaqalandır. Gənclərin fiziki güc, çətin vəziyyətdən çıxa bilmək və hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından bu olduqca faydalıdır. Gələcəyin cəsur əsgərləri, polisləri kimi, Ordubadın Soyuğunda, Şahbuzun Salvartısında V­ətənin keşiyində dayanacaq gənc­lərin indidən sərt təbiət şərtlərinə alışdırılması qış turizminin bir başqa faydasıdır.
Odur ki, qışda sağlam olmaq, yaddaqalan təəssüratlar qazanmaq üçün daha çox qarda, təmiz havada olmaq, yürüşlər keçirmək, ecazkar qış mənzərələrini seyr etmək və muxtar respublikamızın ilin bütün fəsillərində nə qədər gözəl olduğunu görmək lazımdır.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR