22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayonunun Gənzə kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Qeyd edək ki, bu, nazirliyin kənd yaşıl turizmi ilə bağlı cari ildə keçirdiyi səkkizinci tədbirdir. Bundan əvvəl analoji tədbirlər Kükü, Ərəfsə, Bist, Çənnəb, Gümüşlü, Tivi, Keçili kəndlərində keçirilib.
Gənzə, Nüsnüs, Əndəmic kəndləri sakinlərinin iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Ordubad rayonunun Gənzə, Nüsnüs və Əndəmic kəndlərinin turizm potensialı” mövzusunda çıxış edib. Tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verilib və bildirilib ki, bu kəndlərdə kənd turizmini inkişaf etdirmək üçün geniş imkanlar və şərait mövcuddur. Son illər kəndlərimizdə infrastruktur yenidən qurulub, kəndə gələn yollar abadlaşdırılıb, burada xidmət obyektləri inşa olunub. Ordubad rayonunun səfalı kənd­lərində də müasir yaşayış evləri tikilib ki, bu evlərdəki otaqlardan birini turistlərə kirayə verməklə kənddə yaşayan sakinlər gəlir əldə edə bilərlər. Qeyd olunub ki, işin düzgün qurulması qədim diyarımızın tarixinin və coğrafiyasının, milli dəyərlərimizin təbliğ olunmasında əhəmiyyətli rol oynaya bilər. Zəngin təbiətimiz, ekoloji cəhətdən təmiz qida məhsullarımız, şəfalı sularımız muxtar respublikada ekoloji və kənd yaşıl turizminin inkişafını şərtləndirən əsas amillərdəndir. Turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşdüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Kənd sakinlərinə mart ayında muxtar respublika Ali Məclisində turizmin inkişafı ilə bağlı keçirilən müşavirə haqqında məlumat verilib.

Bildirilib ki, kənd turizmi bir çox hallarda daxili turizm növünə aid edilir. Müştərilərin əksəriyyətinin ölkəmizdən və muxtar respublikamızdan olduğunu nəzərə alsaq, kənd turizm növünün inkişaf yollarını mənimsəmək həm də gələcəkdə beynəlxalq turizmi inkişaf etdirmək baxımından əhəmiyyətli ola bilər. Qeyd edilib ki, kənd turizmi üçün o qədər də güclü reklam və təşkilatçılıq tədbirlərinə ehtiyac duyulmur. Turistlər üçün lazım olan saf iqlim və su ehtiyatları, yaşıllıq, abad kənd şəraiti, insanı cəlb edən təbiət mənzərələri, şəhərdə olduğu kimi, burada da infrastrukturun yüksək səviyyədə olması və qonaqpərvərlik bu sahə üçün hazır ehtiyatlardır. Təcrübə göstərir ki, bir çox ölkələrdə turizmin inkişafı kənd yaşıl turizmi ilə başlayıb. Kənd yaşıl turizminin inkişafı yerli sakinlərin təşəbbüskarlığı və qonaqpərvərliyindən də asılıdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov “Kənd yaşıl turizmi və bu sahədə gəlirlərin formalaşdırılması”, Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova “Turizm İnformasiya Mərkəzinin kənd yaşıl turizminin təbliğində rolu” mövzularında çıxışlar ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR