Naxçıvan Muxtar Respublikasında əhalinin sosial güzəranının yüksəldilməsi istiqamətində atılan əməli addımların nəticəsi olaraq yeni-yeni iş yerləri açılır, insanların məşğulluğunun təmin edilməsi istiqamətində mühüm işlər görülür.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamına uyğun olaraq həyata keçirilən tədbirlərin nəticəsidir ki, proqram qəbul edilən gündən bu günə 11 min 524 yeni iş yeri, o cümlədən 2019-cu ildə 3250 yeni iş yeri açılıb. Ötən il muxtar respublikada iqtisadi fəal əhalinin 99,9 faizini iqtisadi sahədə məşğul olanlar təşkil edib. Təbii ki, yeni iş yerlərinin açılması insanların sosial rifah səviyyəsinin və ümumilikdə, muxtar respublika iqtisadiyyatının inkişafına təkan verir.
Müvafiq dövrdə aidiyyəti dövlət orqanları ilə birlikdə aparılan monitorinq və yoxlamaların nəticəsi olaraq 2016-cı ildə 424 hüquqi və fiziki şəxsdə 218 yeni əmək müqaviləsinin bağlanılmasına, 1066 şəxsin əməkhaqqının real əməkhaqqı səviyyəsində göstərilməsinə, 2017-ci ildə 573 hüquqi və fiziki şəxsdə 443 yeni əmək müqaviləsinin bağlanılmasına, 1475 şəxsin əməkhaqqının real əməkhaqqı səviyyəsində göstərilməsinə, 2018-ci ildə 676 hüquqi və fiziki şəxsdə 511 yeni əmək müqaviləsinin bağlanılmasına, 1811 şəxsin əməkhaqqının real əməkhaqqı səviyyəsində göstərilməsinə, 2019-cu ildə 355 hüquqi və fiziki şəxsdə 620 yeni əmək müqaviləsinin bağlanılmasına, 582 şəxsin isə əməkhaqqının real əməkhaqqı səviyyəsində göstərilməsinə, o cümlədən ölkədə minimum əməkhaqqı məbləğinin yüksəldilməsi ilə əlaqədar 539 şəxsin əməkhaqqının minimum əməkhaqqı səviyyəsinə yüksəldilməsinə nail olunub.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatı 2020-ci ilin müvafiq aylarında da davam etdirilib. Belə ki, yanvar və fevral aylarında Dövlət Vergi Xidmətinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 7 publik hüquqi şəxs, 7 kommersiya hüquqi şəxs və 3 qeyri-kommersiya hüquqi şəxs, həmçinin yerli vergi orqanları tərəfindən 518 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 71 faizi muxtar respublika rayonlarının payına düşüb.
Muxtar respublikada həyata keçirilən sosial siyasətin əsas məqsədi əmək ehtiyatlarından daha effektiv istifadə etmək və əhalinin səmərəli məşğulluğuna nail olmaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin
mətbuat xidməti