22 Dekabr 2024, Bazar

İlıq bir nəfəs evlərimizin pəncərəsini döyüb, qapılarımızı taybatay açıb bizə qonaq olur. Gəlişin həyatımıza yenilik, qəlbimizə sevinc, ətrafa gözəllik, təbiətə canlanma, elimizə şadlıq, Vətənimizə isə xalqımızın sevimli bayramı – Novruzu gətirir. Təbiət min rəngə çalır, al-əlvan naxışlarla bəzənir, quşlar öz yuvalarına qayıdır, hər yerdə onların ürəkləri riqqətə gətirən nəğmələri ruhumuzu oxşayır.

Bütün canlıların yuxulayıb yenidən oyanması kimi, bu da təbiətin oyanışıdır ki, baharı bizə gətirir, onun gəlişisə, həyatımıza yeni ahəng verir. Artıq Günəş də sabah erkəndən dağların arxasından böyük sevinclə boylanır, daha hərarətlə şəfəq saçır, işığını ətrafa səpələdikcə çəmənlər yaşıllaşır, güllər-çiçəklər torpaqdan baş qaldırır, ağacların tumurcuqları çırtlayıb çiçək açır, ətraf əlvan rəngə boyanır. Dağlarımızın bəyaz libasını atması, çöllərimizin yaşıllığa qərq olması ilə oyanan, Günəşin qızıl, ilıq şüalarının isitdiyi zərif, xoşətirli novruzgülü, bənövşə, nərgiz, lalə hər yeri gözəlləşdirir. Gözümüzü, könlümüzü oxşayan zərif yarpaqlı, incə saplaqlı çiçəklər, çəmənlərin otu, dağ və dərələrdə bitən min bir dərdin dərmanı olan bitkilər ətir saçır. Onlardan yayılan rayihə təkcə insanları yox, təbiətin möcüzəsi olan arıları da özünə cəlb edir. Bu gözəl yaz günlərində pətəklərdə qərar tutmayan arılar bağçalara pərvazlanıb çiçəkdən-çiçəyə qonur, güllərin-çiçəklərin şirəsini, şəhdini toplayır, sağlamlıq üçün faydalı olan təbii bal hazırlayırlar. Uşaqlar, cavanlar üz tuturlar bənövşə ətirli bağçalara, dərələrə, yamaclara, bulaqların ətrafına... Min bir rəngli, min bir ətirli çiçəklərdən çələng hörməyə. Bənövşədən dəstə tutub analara, bacılara hədiyyə etməyə, bahar nəfəsli şən mahnılar oxumağa. Gecələr səmada ətrafı işıqlandıran, qaranlıqda yaşıl bağ-bağçaları xüsusi sehrlə bizə göstərən Ay da səni müjdələyir, gözəl Bahar.

Nazlı bahar, gəlişinlə təbiətə özünəməxsus bir gözəllik verirsən. Bütün təbiət Günəşə boylanır. Havanın isinməsi ilə dağların başındakı, dərələrin yamacındakı qarı əridib çaylara qatırsan. Bolsulu çaylar, həzin səslə çağlayan bulaqlar xoş zümzüməsi ilə ətrafda sakitlik yaradır. Uzun qışdan sonra insanların əhval-ruhiyyəsinə nikbinlik gəlir, dodaqlara təbəssüm qonur. Yurdumuz səninlə ilhama gəlir. Canlı təbiətin bir parçası olan heyvanlar qış yuxusundan ayılır, köçüb getmiş quşlar geri dönürlər. Ağac budaqlarında, evlərin damında, eyvanlarında şanapipik, qaranquş, hacıleylək, alacəhrə, sərçə kimi quşların gözəl cəh-cəhi, civiltisi – nəğməsi eşidilir. Bir insan üçün hər səhər oxuyan quşların səsinə oyanmaq, göy çəmənlərdə oynayan uşaqların şən gülüş səslərini eşitmək necə də xoşdur.
Bahar torpaqdan boy göstərən nanə, quşəppəyi, qazayağı, cincilim, gicitkən, çiriş, yemlik, yarpız kimi insan sağlamlığı üçün faydalı bitkilərin də nəfəsinə yenilik, təzəlik gətirir. Arabir yağan yağışlar isə onların boy atmasına kömək edir. Analarımız, nənələrimiz təbiətin bizə bəxş etdiyi naz-nemətlərdən toplayır, mətbəximizin ləziz təamlarından olan göyərti qutabı – kətə bişirirlər. Onların müxtəlif göyərtilərdən hazırladıqları çoxçeşidli, dadlı, vitaminlərlə zəngin yeməklər damaq zövqümüzü oxşayır. Təbiətin canlanması ilə birlikdə təbii sərvətimiz, insanların əsas məşğuliyyət sahəsi olan torpaq da əzizlənir, adamlar əkinə başlayırlar. Bununla da bahar gələcək məhsul bolluğunun, firavanlığın göstəricisi kimi həyatımızda mühüm rol oynayır.
Bahar həm də azərbaycanlıların ən müqəddəs bayramı olan Novruzun xəbərçisi, tariximizin, milli yaddaşımızın təzələnməsidir. Təbiətin, həyatın oyanması da məhz elə Novruzdan – “yeni gün”dən başlanır. O Novruz ki gur tonqallar, al-əlvan xonçalar, təbiətin oyanışını öz ruhunda əks edən insanların sevinci, şadlığı ilə səciyyələnir. Xalqımızın 70 illik imperiya “caynağı”ndan qopararaq xilas etdiyi, yasaqdan çıxardığı milli dəyərlərimiz, ənənələrimiz üzərində ucalan bayramımızı hər kəs sevinclə qeyd edir. Yurdumuzun hər yerində, hər bir ailədə bayrama hazırlıq işləri görülür. Süfrələrimiz təbiətin bizə bəxş etdiyi ən ləziz təamlarla bəzədilir. Bahar gözəli səməni isə həm Novruzun simvolu, həm də bolluq-bərəkət rəmzi kimi təbiətin oyanışını və yazın gəlişini özündə təcəssüm etdirir, süfrələrimizi bəzəyir. İlin son çərşənbəsinin axşamı hər bir həyətdə çatılan tonqalların istisi də təbiətə yeni nəfəs verir. İnsan ağırlığını-uğurluğunu od-alova tapşıraraq, saf, çağlayan sulardan keçərək yenidən gənc­liyinə qayıdır sanki.
Novruzla birgə həyatımıza, ruhumuza yenilik gəlir, təzə ilin necə keçəcəyi məhz bu bayramla təyin olunur. Qoy təzə ilimiz xoş, firavan keçsin, hər yeni günə olan ümidlərimiz daha canlı, parlaq, bayram niyyətlərimiz hasil olsun.
Gəlin bir daha deyək: – Yurdumuza, təbiətimizə xoş gəlir Bahar, xoş gəlir Novruz. Biz isə ən əsası ömrümüzün baharını qoruyaq. Qoruyaq ki, Vətənimiz də həmişə bahar təravətli, bahar ovqatlı olsun, üzümüzdən gülüş, şənlik əskik olmasın. Bahar bayramınız mübarək olsun!

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR