22 Dekabr 2024, Bazar

Daun sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Həmin gün aidiyyəti orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları bu istiqamətdə bir sıra tədbirlər həyata keçirirlər.

Qeyd edək ki,  “Daun” adı ilk dəfə 1866-cı ildə bu sindromun əsas fiziki xüsusiyyətlərini qeyd edən həkimin – Con Lenqdon Daunun şərəfinə adlandırılıb. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsi hal hesab olunur. Daun sindromu genetik bir təsadüfdür, anomaliyadır və bu cür uşaq hər bir ailədə doğula bilər. Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür.

Ölkəmizdə də məhdud fiziki imkanlı şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əsası qoyulan bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahənin qanunvericilik bazası təkmilləşdirilir. Cəmiyyətin ümumi inkişaf prosesindən irəli gələn yeniləşmə, təkmilləşmə tendensiyasına müvafiq olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır.

Muxtar respublikamızda da sosial-iqtisadi sahədə həyata keçirilən davamlı islahatlar nəticəsində məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Proqramın icrası, sağlamlıq imkanları məhdud olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradır. Hazırda bu qəbildən olan uşaqlar təhsil müəssisələrində, ümumtəhsil məktəblərində, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən uşaqlar isə distant tədris prosesi vasitəsilə təhsilini davam etdirirlər. Tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud uşaqlar məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin edilirlər. Sağlamlıq imkanları məhdud  uşaqların asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə dövlət proqramının icrasına uyğun olaraq onların muzeylərə, tarix-memarlıq abidələrinə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil olunur, sağlamlıq imkanları məhdud uşaqlar üçün tamaşalar nümayiş etdirilir. Eyni zamanda məhdud fiziki imkanlı şəxslərin sosial reabilitasiyası məqsədilə müxtəlif kateqoriyalı idman tədbirləri təşkil olunur.

Təbii ki, həyata keçirilən bu tədbirlər daun sindromlu şəxsləri də əhatə etməklə, onların tibbi və sosial reabilitasiyasında mühüm rol oynayır.  Bu gün muxtar respublikada, 52-si 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq olmaqla, ümumilikdə 95 nəfər daun sindromlu şəxs qeydiyyatdadır. Bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyalarını təmin etmək məqsədilə muxtar respublikada Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində və Bərpa Mərkəzlərində müvafiq xidmətlər yaradılıb, mərkəzlər bu istiqamətdə bütün zəruri avadanlıqlarla təchiz edilib. Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, nitq məhdudiyyəti olan, zehni inkişafın ləngiməsi, autizm və daun sindromlu uşaqlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmək məqsədilə Şərur və Ordubad rayonlarında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin filialları təşkil edilib.

Məhdud fiziki imkanlı şəxslərin tibbi reabilitasiyasından əlavə, onların istedadlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin inkişafı məqsədilə də tədbirlər təşkil olunur, onlar arasında şeir, bilik, mütaliə, braylyazı, rəsm və əl işləri üzrə müsabiqələr təşkil edilir, onların iştirakı ilə hazırlanan tamaşa nümayiş etdirilir, idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir. Bütün bu tədbirlərlə yanaşı, sağlamlıq imkanları məhdud, o cümlədən daun sindromlu şəxslərlə, bu kateqoriyadan olan uşaqların valideynləri ilə mütəmadi maarifləndirici görüşlər keçirilir, bu istiqamətdə zəruri tədbirlər təşkil olunur. Həmçinin, məlum olduğu kimi muxtar respublikada əlamətdar günlərdə məhdud fiziki imkanlı şəxslərin iştirakı ilə tədbirlərin keçirilməsi də artıq ənənə halını alıb. Bu il də “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” münasibətilə müvafiq kateqoriyalı şəxslər evlərində ziyarət edilib, sosial könüllülərin də iştirakı ilə onlara sovqatlar təqdim olunub.

Muxtar respublikada sosial-iqtisadi sahədə dinamik inkişafın təmin olunması bundan sonra da məhdud fiziki imkanlı şəxslərin rifahının daha da yaxşılaşmasına imkan verəcəkdir.

 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin

Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR