Ətraf mühitin mühafizəsi istiqamətində qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 10 yoxlama-reyd keçirilmişdir. Bu sahədə 3 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbirlər görülmüşdür.
Sədərək Rayon Su Monitorinq Laboratoriyasında fevral ayı ərzində Araz və Arpaçayın muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxından” hər birindən 8 su nümunəsi olmaqla, ümumilikdə, 24 su nümunəsi götürülmüş və 360 analiz aparılmışdır. Analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır.
Hesabat dövründə Darıdağ Arsenli Su Müalicəxanasının ətrafındakı yamaclarda 5,5 hektar sahədə həmərsin, yemişan, badamça, alça toxumları ilə əkin işləri aparılmış, Naxçıvan-Şahbuz avtomobil yolunun sol kənarı, Uzunoba Dövlət Meşəsi ərazisində 2 hektar sahədə təmizləmə işləri görülmüş, ərazidə 1623 qovaq və iydə çiliyi, 650 göyrüş, alça, qarağac tingləri və 70 qızılgül kolu ilə əkin aparılmışdır.
Muxtar respublikanın kənd təsərrüfatı əkinləri üçün yararsız torpaq sahələrində, həmçinin maili yamac və dağətəyi zonalarda 2020-ci ilin yaz əkin mövsümündə əkin-bərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə ərazilərə baxış keçirilmiş və sxem-planlar tərtib olunmuşdur.
Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarında 2 hektar, Əshabi-Kəhf ziyarətgahına gedən yolun və Naxçıvan-Şahbuz avtomobil yolunun sol kənarlarının, hər birində 2 hektar, həmçinin Uzunoba Dövlət Meşəsi ərazisində 2 hektar sahədə texnika vasitəsilə torpaq hazırlığı işləri aparılmış, su arxları çəkilmişdir.
Hesabat ayında Kəngərli rayonu ərazisində yerləşən püstə bağında, Uzunoba Su Anbarının yuxarı ətrafında salınmış yeni meyvə və üzüm bağlarında, Əshabi-Kəhf ziyarətgahına gedən yolun sol tərəfindəki meyvə bağında biotexniki tədbirlər keçirilmişdir. Bu işlər təbiət ərazilərində davam etdiriləcəkdir.
Qeyd olunan dövrdə kameral və ümumi xarakterli işlər çərçivəsində geoloji axtarış və kəşfiyyat işləri də davam etdirilmişdir. Naxçıvan şəhərində inşa ediləcək “Asan xidmət” Mərkəzi və Şahbuz şəhərində inşa ediləcək yaşayış binası sahələrində buruq qazma işləri yerinə yetirilmişdir. Toydaş sahəsi üzrə 2014-2019-cu illər ərzində yerinə yetirilmiş çöl işlərinin ilkin çöl geoloji sənədləri kameral şəraitdə hərtərəfli araşdırılmış, yekun hesabat hazırlanaraq elmi-texniki şurada müzakirə olunmaq üçün nazirliyə təqdim edilmişdir.
Ekologiya könüllülərinin Ordubad Dövlət Təbiət Yasaqlığı ərazisinə yürüşü təşkil edilmiş, burada nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bezoar dağ keçiləri, muflonlar və digər heyvan növlərini müşahidə etmiş, onlara bu növlər haqqında ətraflı məlumat verilmişdir. Bununla yanaşı, hamiliyə verilmiş ixtisasların tələbələrinin və könüllülərin iştirakı ilə hidroloji məlumatların alınması və sistemləşdirilməsinə dair seminar-məşğələ keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti