22 Dekabr 2024, Bazar

Orqanizmin bakteriya və viruslara, eləcə də koronavirus (COVID-19) infeksiyasına qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdıraraq onları məhv edir. Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından, eləcə də bağırsaq florasının funksiyasından asılıdır. Belə ki, qidadan alınan zülallar, karbohidratlar və yağlar qan, limfa düyünləri və mədə-bağırsaq sisteminin immun hüceyrələrinə təsir göstərir.

 Mikroelementlər dedikdə isə vitamin və minerallar nəzərdə tutulur, onların qida rasionunda azlığı orqanizmdə müəyyən infeksiyalara səbəb olur.

Qida Təhlükəsizliyi Agentliyinin ünvanladığı materialda mikroelementlərlə zəngin qidalar haqqında məlumat verilir və qeyd olunur ki, günlük qida rasionunda həmin məhsullardan istifadə edilməsi immun sistemini gücləndirir.

C vitamini: Sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor;

D vitamini: Tuna və qızıl balıq kimi yağlı balıqlar, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklər;

A vitamini: Treska balığı qaraciyər yağı, yumurta, sarı və narıncı meyvə və tərəvəzlər, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlər;

E vitamin: Bitki yağları (buğda toxumu, günəbaxan, zəfəran, qarğıdalı və soya yağları), gərzəkli meyvələr (badam, fıstıq), günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər;

B6 vitamini: Tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, tam taxıl, noxud;

B12 Vitamini: Qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıq;

Fol turşusu: Yaşıl yarpaqlı tərəvəzlər, qurudulmuş lobya və noxud, sitrus meyvə və şirələri;

Sink: Heyvan mənşəli proteinlərin tərkibində rast gəlinir. Mal və quzu əti balıqla müqayisədə daha çox sink ehtiva edir. Gərzəkli meyvələr, tam taxıl, paxlalılar və maya göbələklərin də tərkibində sink üstünlük təşkil edir.

Dəmir: Qurudulmuş lobya, quru meyvələr, yumurta (xüsusilə sarısı), yulaf, qaraciyər, qabıqlı dəniz məhsulları, quş və mal əti, qızıl balıq, tuna balığı, tam taxıllı bitkilər;

Mis: Qabıqlı dəniz məhsulları, taxıllı bitkilər, lobya, gərzəkli meyvələr (badam, fıstıq, qoz), kartof, heyvan içalatı (qaraciyər, böyrək), göyərtilər, qurudulmuş meyvələr (gavalı, qaysı), kakao, qara bibər, maya;

Selen: Bitki mənşəli məhsullar, balıq, qabıqlı dəniz məhsulları, qırmızı ət, yumurta, taxıl, toyuq əti, qaraciyər, sarımsağın tərkibində var.

Probiotiklərin və prebiotiklərin insanın qidalanma rasionuna daxil edilməsi bağırsaq florası üçün əhəmiyyətlidir. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə probiotiklər “lazımi miqdarda qəbul edildikdə orqanizmin sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərən canlı mikroorqanizmlərdir”. Prebiotiklər isə bağırsaqda mövcud olan bir və ya bir neçə bakteriya növlərinin böyüməsini və ya fəaliyyətini seçici şəkildə stimullaşdıran qida maddələridir. Bunlar çiy tərəvəz və meyvə (pomidor, qulançar, giləmeyvə, sarımsaq, soğan, yaşıl tərəvəzlər, paxlalılar, həmçinin yulaf, kətan toxumu, buğda) turşu, süd və süd məhsulları (qatıq, kefir və s.) şəklində istehlak edilə bilər. Bitki mənşəli bir çox lifli məhsullar - alma, banan, portağal, çiyələk, moruq, yerkökü, kartof, çuğundur və brokoli həzm olunmadan yoğun bağırsağa keçir və bağırsaqda yaşayan mikroorqanizmlər tərəfindən həzm edilir ki, bu da dolayı yolla immun sisteminin güclənməsinə aparıb çıxarır.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR