“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ötən ildə də uğurla davam etdirilib.
İlin əvvəlində muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb və boş iş yerləri toplanılıb. Müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə 127-si dövlət, 99-u özəl olmaqla, ümumilikdə, 226 müəssisədə sorğular keçirilib. Sorğuların nəticələrinə əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə-Tədris Mərkəzində təşkil edilən peşə kurslarına 13-ü sağlamlıq imkanları məhdud şəxs olmaqla, ümumilikdə, 402 nəfər cəlb edilib.
Həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində 2019-cu il ərzində 4139 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, onlardan 3040-nı məşğulluq orqanları tərəfindən işə düzəldilənlər təşkil edir. Müvafiq dövrdə 378 işaxtaran müvəqqəti və mövsümi işlərə göndərilib, 241 nəfər sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilib ki, onun da 32-ni sağlamlıq imkanları məhdud şəxs təşkil edib. Eyni zamanda 2019-cu ildə keçirilən əmək yarmarkalarında 521 nəfər işlə təmin olunub. Bununla yanaşı, hərbi xidmətdən yeni tərxis edilən şəxslərin məşğulluğunun təmin edilməsi nəticəsində 22 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib.
Kənd xidmət mərkəzlərinin kadr təminatı ilə bağlı verilmiş tapşırıqların icrasına uyğun olaraq muxtar respublikanın bütün rayonlarında kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində monitorinqlər aparılıb, xidmət mərkəzlərində mövcud olan vakansiyalar üzrə çalışmaq istəyən şəxslər müəyyənləşdirilərək onların müvafiq peşə kurslarına cəlb olunması istiqamətində işlər davam etdirilib. Ötən il xidmət mərkəzlərində vakant yerlər üzrə 24 bərbər, 24 bərbər-manikürçü və 4 dərzi olmaqla, ümumilikdə, 52 nəfər işlə təmin olunub. Həmçinin milli və xalq tətbiqi sənət növləri üzrə peşə kurslarının təşkili məqsədilə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində daşduz üzərində oyma və xalçaçı kursları təşkil edilib və kurslara, ümumilikdə, 18 nəfər cəlb olunub.
Sözügedən dövrdə, həmçinin ailə üzvlərinin birgə əməyinə əsaslanan təsərrüfat növlərinin formalaşması istiqamətində atılan addımlar ailə təsərrüfatlarının sayının artmasına imkan verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün geniş imkanlar yaradıb. Bu istiqamətdə verilmiş tapşırıqların icrasına uyğun olaraq ötən il sosial qayğıya ehtiyacı olan 140 aztəminatlı ailənin fərdi təsərrüfatının inkişaf etdirilməsinə və özünüməşğulluğunun təmin olunmasına köməklik göstərilib. Həmçinin “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai işin təşkili üçün aparılmış təhlillərin nəticələrinə uyğun olaraq 5 xalçaçı müəyyənləşdirilib və ictimai işə cəlb edilib. Onlara xalça toxunması üçün müvafiq material və avadanlıqlar təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud qadınlarla bağlanmış müqavilələrə əsasən toxunmuş 3000 cüt yun corab və 400 ədəd yun şərf haqqı ödənilməklə təhvil alınaraq hərbi hissələrə təqdim olunub.
Ötən il ərzində qeyri-formal məşğulluğun qarşısının alınması da diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanmasına nəzarət üçün monitorinqlər aparılıb. Nəticədə, 355 sahibkarlıq obyektində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilən 620 işçi aşkar edilib. Əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün işəgötürənlərə xəbərdarlıq olunub.
Dövlət proqramının icrası istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti