Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilməkdədir. Ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 17 yoxlama-reyd keçirilmiş, 6 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür.
Ay ərzində mühüm ekoloji tədbirlərdən biri kimi ekoloji monitorinqlərin aparılması diqqətdə saxlanılmışdır. Bu məqsədlə Babək, Şahbuz, Kəngərli, Sədərək, Culfa, Ordubad və Şərur rayonlarında monitorinqlər aparılmışdır. Sədərək Rayon Su Monitorinq Laboratoriyasında mart ayında Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxından” hər birindən 8 su nümunəsi olmaqla ümumilikdə 24 su nümunəsi götürülmüş və 360 analiz aparılmışdır. Aparılan analizlərdə həllolmuş oksigenin miqdarı, hidrogen ionlarının göstəricisi, elektrik keçiriciliyi, duzluluğu, codluğu, xüsusi müqaviməti, ağır metalların miqdarı və tritium izotopnun radioaktivlik dozası təyin edilmişdir. Analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır.
Hesabat ayında təsdiq olunmuş sxem-plan əsasında kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaq sahələrində yeni meyvə və üzüm bağları salanmış, şoranlaşmış və erroziyaya uğramış torpaqların müəyyənləşdirilərək əkin dövriyyəsinə qaytarılması üçün müvafiq tədbirlər görülmüş, meşə bərpa işləri aparılmışdır.Yaşıllaşdırma tədbirləri zamanı ümumilikdə 20,9 hektar sahədə meşəsalma tədbirləri həyata keçirilimişdir. Dövlət Meşə fondu torpaqlarında və ötən illərdə salınmış meyvə bağlarında bərpa işləri davam etdirilmişdir. Əkin-bərpa işlərində 7,5 hektar sahədə bərpa aparılmışdır. Ümumilikdə meşəsalma və meşəbərpa tədbirləri, yeni yaşıllıq zolaqlarının salınması zamanı 19 min 552 müxtəlif meyvə və meşə tingləri, 2450 üzüm kolu, 300 həmişəyaşıl, 3 min 850 qovaq qələmi, 500 sarağan qələmi, 320 qızılgül kolu əkilmişdir.
Ümumilikdə 32 hektar sahədə toxum üsulu ilə əkin aparılmış və 160 kq meyvə və giləmeyvə, həmçinin mədəni meyvə toxumlarından istifadə olunmuşdur. Eyni zamanda Xüsusi mühafizə olunan təbiət ərazilərində 950-dən çox müxtəlif meyvə ağaclarında alma, armud və alça şivləri ilə calaq işləri aparılmışdır.
Hesabat ayında tingçilik sahələrində 1 hektardan çox ərazidə müxtəlif növ meyvə toxumlarından ibarət toxmacarlıq, yerli üzüm sortlarından ibarət qələmkökləndirmə sahələri yaradılmışdır.
Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilmişdir. Hesabat ayında Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üzrə geoloji axtarış, kameral və ümumi xarakterli işlər yerinə yetirilmişdir.
Şahbuz rayonunda heyvandarlar və təsərrüfat sahibləri ilə ekoloji-hüquqi maarifləndirmə tədbirləri keçirilmiş, otlaqlardan səmərəli istifadə qaydaları haqqında geniş məlumat verilmiş, maarifləndirici broşürlər paylanmışdır. Ekoloji tədbirlər növbəti aylarda da davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikasının
Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidməti