22 Dekabr 2024, Bazar

Dünyada geniş yayılan koronavirusa qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır. Bunun ən asan yolu isə sağlam həyat tərzi və düzgün qidalanmaqdır.

Orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdırır.

Qida rasionunda mikroelementlər, vitamin və mineralların azlığı orqanizmdə müəyyən infeksiyalara yol açır. Yabanı tərəvəz bitkiləri də bu elementlərlə zəngindir. Onların tərkibində  gündəlik qida rasionuna daxil olan C, A, E, B qrupu vitaminləri, fol turşusu, sink, dəmir, mis, selen var.

   Yabanı tərəvəz bitkilərinin qədim dövrlərdən istifadəsi haqqında bir sıra əsərlər yazılmışdır. Bunların əksəriyyəti şifahi etnobotanik sorğular və dildən-dilə olan məlumatlardır. Bu gün də yabanı tərəvəz bitkiləri əhali tərəfindən təzə, qurudulmuş, duza qoyulmuş və bişirilmiş halda istifadə olunur. Həmin bitkilər digər məqsədlər üçün, xüsusilə xalq təbabətində qədim dövrlərdə də istifadə edilirdi.

 Əhalinin saf, ucuz və keyfiyyətli ərzaq məhsullarına tələbatını ödəmək üçün yerli imkanlardan daha səmərəli istifadə etməyə böyük ehtiyac vardır. Bu imkanlardan biri də qida tələbatının bir hissəsinin yabanı flora hesabına ödəməkdən ibarətdir.

Orta cincilim Stellaria media (L.)Vill.

   Kimyəvi tərkibi. Bitkinin yerüstü hissələrində fenolkarbon turşuları və törəmələrindən vanillin, n-hidroksibenzoy, ferul, kofein, xlorogen, flavonoidlərdən luteolin, apigenin, genistein və visenin-2 vardır. Bitkinin tərkibi saponinlərdən hipsogen qlikozidləri ilə zəngindir. Onun yarpaqlarında 43- 44 mq% provitamin A, zoğunda isə 13,9-45,8 mq% C vitamini vardır.

   İstifadəsi. Tərəvəz bitkisi kimi o digər bitkilərlə –  quşəppəyi, əvəlik, quzuqulağı və sair ilə birlikdə istifadə olunur. Cincilimdən yerli əhali müxtəlif xörəklər – buğlama, şorba, kükü, sıyıq, qutab, dovğa, salat, göy borş və sair hazırlayır. Bundan əlavə onun ətli  qovurması və südlə bişirilməsi dadlı olur. Tərəvəz kimi aprel-may aylarında toplamaq lazımdır. Baharın erkən gəlişi ilə əlaqədar mart ayında da yığmaq mümkündür. Bu bitkinin əkinə yaramayan sahələrdə əkilib-becərilməsi vacibdir. O, kökümsovları və toxumları ilə sürətlə artır. İlk yazda və payızda toplanmış toxumları səpildikdə 6-12 gündən sonra cücərir.

   Tibbi əhəmiyyəti. Çiçək açan dövrdə yerüstü hissələri toplanaraq qurudulur. Xalq təbabətində qurudulmuş bitkinin çay kimi dəmləməsi qara ciyər xəstəliklərində, sinə ağrılarında, qanlı bəlğəm və qusmalarda, həmçinin babasil xəstəliyində içilir. Sulu cövhərindən ağrıkəsici vasitə kimi, həm də mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.

Ağımtıl tərə Chenopodium album L.

   Sinonimləri: unnuca, salmanca.

   Kimyəvi tərkibi.Bitkinin tərkibində üzvi turşulardan β-hidroksiyağ, terpenoidlər, steroidlərdən β-ekdizon, polipodin B, 20-hidroksi-24-metilenekdizon, fenolkarbon turşularından ferul, β-fenilasetat, aşı maddələri, antraxinonlar vardır. Bitkinin köklərində azotlu birləşmələrdən N-trans-feruloil-4-O-metildopamid, ali yağ turşularından palmitin, olein, linol, yarpaqlarında steroidlərdən spinasterin, stiqmasterin, 24α-etilsterin, toxumlarında C vitamini, karotin, lipidlərdən triqliseridlər və monoqliseridlərə rast gəlinir. Unnucanın toxumlarının tərkibində 6 faiz yağ, 38 faiz azotsuz maddələr, 87- 140 mq / faiz C vitamini, 100- 120 mq / faiz A vitamini var.

   İstifadəsi. Yarpaq və zoğları yeməklərdə ispanaq və qulançar kimi istifadə edilir. Bəzi ölkələrdə körpə,  təzə yarpaqlarından salat və borş hazırlanmasında istifadə edilir. Unnucadan dovğa, qovurma, buğlama və sair xörəklər hazırlanır. Onu qaynar suda 2-3 dəqiqə pörtlətdikdən sonra süzüb sıxır, yağ-soğanda qızardırlar. Sarımsaqlı qatıqla çox ləzzətli olur. Bərkiməmiş zoğlarından püre, kətə də hazırlanır. Yaşıl yarpaqlarından qida kimi mart ayından başlamış dekabra qədər istifadə etmək olar. Zoğlarını qurudaraq qışa tədarük edirlər. Tərələri istifadə üçün aprel-may aylarında toplayırlar. Bu bitki Fransa, Almaniya və İngiltərədə tərəvəz və toxum əldə etmək üçün əkilib becərilir.

   Tibbi əhəmiyyəti. Kök və yarpaqlarındandır. Çin, Hind və Tibet təbabətində qədimdən istifadə edilirdi. Xalq təbabətində işlədici, ağrıkəsici, sidikqovucu, bəlğəmgətirici vasitə kimi, eyni zamanda iflic, vərəm, həzm orqanları xəstəliklərinin müalicəsində tətbiq olunur. Dəmləmə və cövhəri qarqara, yaraların yuyulmasında, dəri xəstəliklərində qəbul edilir

   Dörderkəkcikli ispanaq Spinacia tetrandra Stev.

   Sinonimləri: şomu, somun, çöl ispanağı.

Kimyəvi tərkibi.Bitkinin yerüstü hissələrinin tərkibində A, B, C, D, K vitaminləri, selikli maddələr, üzvi turşular və onların törəmələri, fenol birləşmələri və fitoaleksinlərə rast gəlinir. Tərkibində vitamin və zülallarla yanaşı, kalsium və flor elementlərinin  birləşmələri  də vardır.

   İstifadəsi.Adətən bişirilmiş halda istifadə edilir. Ondan qovurma, sıxma, dovğa, qutab və sair hazırlanır.  Əvəliklərlə birlikdə borş, sup və müxtəlif tərəvəz yeməklərində istifadə olunur. Qurudulmuş ispanaq tərkibində olan zülalın miqdarına görə ətdən azacıq geri qalır. Bitkidən nəinki təzə halda, hətta konservləşdirilmiş və dondurulmuş şəkildə də istifadə edilir ki, bu zaman tərkibindəki bioloji aktiv maddələr dəyişmir. Aprel-may aylarında, havalar mülayim keçən illərdə martın axırıncı ongünlüyündə də  toplanıla bilir.  

   Qarağat rəvəndi Rheum ribes L.

   Sinonimləri: uşqun, qabalaq.

   Kimyəvi tərkibi.Bitkinin orqanlarında antraxinonlardan rein, aloe-emodin, 8-O-qlükozid fistsion, 8-O-qlükozid aloe-emodin, sennozid A, β-sitosterin vardır. Yerüstü hissələrində 2,5 faiz alma turşusu, 0,07 faiz C vitamini, fenolkarbon turşuları, 3,5 faiz flavonoidlər, 5,2 faiz  aşı maddələri və digər maddələrə rast gəlinir.

   İstifadəsi.Qədim zamanlardan Ərəbistan və İranda qida və dərman bitkisi kimi istifadə edilirdi. Yoğun çiçək saplaqlarının qabığı soyularaq çiy halda yeyilir. Cavan zoğları yazda əhali tərəfindən yığılaraq satışa çıxarılır. Zoğlarından sup, sıyıq, kükü, komport, piroq, mürəbbə, marmelad, şirələr və sair hazırlanır. Eyni zamanda zoğları qurudularaq qışda istifadə edilir.

   Tibbi əhəmiyyəti. Bitkinin istifadə orqanı kök və kökümsovlarıdır. Yeraltı orqanları büzüşdürücü və hemostatik xüsusiyyətə malikdir. Yerüstü orqanları böyrək, ginekoloji, limfangit və frunkulyoz xəstəliklərində istifadə olunur. Rəvəndı az dozada tətbiq etdikdə büzücü, yüksək dozada isə işlədici təsir edir. Başlıca olaraq güclü sakitləşdirici, iltihabsorucu, antiseptik, ödqovucu və möhkəmləndirici təsir göstərir. Orqanizmdə maddələr mübadiləsini artırır. Kök hissəsində antra və tannoqlükozid maddələri olduğuna görə ondan cövhər, dəmləmə hazırlayıb, bir sıra bağırsaq, sidik kisəsi və böyrək  xəstəliklərini  müalicə edirlər. Kökündən müalicə məqsədləri üçün beş min il bundan əvvəl istifadə olunması haqqında məlumatlara Çin tarixi mənbələrində rast gəlinir.   

Hündür tuşməzə Oxyria digyna (L.) Hill

   Sinonimi: quzuqulağı.

            Kimyəvi tərkibi. Bitkinin tərkibində C, PP və K vitaminləri, karotin, fenol karbon turşuları, flavonoidlər, antraxinonlar və aşı maddələri vardır. Onun şirəsində 36 faiz əvəlik turşusu, yarpaqlarında isə 200 mq C vitamini vardır.

   İstifadəsi.Turşməzənin yarpaq və zoğları turşməzə olub, təzə halda yeyilir. Yarpaqlarından qədim zamanlardan müxtəlif xörəklərin hazırlanmasında istifadə edilir. Dovğa, şorba, buğlama və sair xörəklərə quzuqulağı əlavə etdikdə çox ləzzətli olur. Yerli əhali onu yığıb qurudur, qış üçün tədarük edir. İstifadə üçün aprel-iyun aylarında toplanır.

   Tibbi əhəmiyyəti. Dişlərin iltihabına və sinqa xəstəliyinə qarşı istifadə edilir.

   Turşəngvari  əvəlik Rumex acetocella L.

   Sinonimi: Çöl quzuqulağısı.

   Kimyəvi tərkibi. Bitkinin tərkibində 1,3 faiz quzuqulağı turşusunun kalium duzu, 3,2-8 faiz aşı maddələri, flavonoidlər, antraxinonlar, saponinlər, C, K, PP vitaminləri vardır.

    İstifadəsi. Bitki turş dada malikdir. Yarpaq və gövdəsindən salat hazırlanır, aş  və kətə bişirilir. Zoğ və yarpaqları çiy halda yeyilir. Qurudularaq qışda xörəklərə əlavə edilir, zoğları duza qoyulub qışda istifadə üçün saxlanılır.

   Tibbi əhəmiyyəti. Bitkinin yerüstü hissələrindən şişlərdə, qeyri spesifik poliartritdə və yarasağaldıcı vasitə kimi, zoğ və yarpaqlarından hazırlanmış dəmləmələrdən isə diş qanaxmalarında, sidik tutulmalarında, bəd xassəli şişlərin müalicəsində, dizenteriyada, babasil, vərəm və digər  xəstəliklərin müalicəsində istifadə edilir.

   Adi əvəlik Rumex acetosa L.

   Sinonimləri: Ev əvəliyi, iri qoyunqulağı.

            Kimyəvi tərkibi. Bitkinin orqanlarında antraxinonlar, yerüstü hissələrində flavonoidlərdən orientin, izoorientin, avikularin, yarpaqlarında antraxinonlardan 1,8-dihidroksiantraxinon, aloe-emodin, suyunda 1,36 faiz quzuqulağı turşusunun kalium duzu və sərbəst quzuqulağı turşusu, yarpaqlarında  200mq faiz C vitamini, B1,B2, K, E və PP vitaminləri, karotin, 10-12 faiz aşı maddələri,  5 faiz flavonoidlər, fenol karbon turşuları və sair maddələr vardır.

   İstifadəsi. Yerli əhali bu bitkiləri çiçəkləməmişdən əvvəl may-iyun aylarında yığır və saç kimi hörüb, quradaraq qışa tədarük edirlər. Yarpaqları tərəvəz kimi istifadə olunur. Qurudulmuş əvəlikdən qış vaxtı müxtəlif xörəklər hazırlanır: əvəlikli aş, əvəlikli umac, əvəlikli qındı, əvəlikli sıyıq və sair. Xörəklər dadlı qida olmaqla yanaşı, müalicəvi əhəmiyyətə  malikdir. Əvəlikli aş və yaxud sıyıq aşağıdakı kimi hazırlanır: üç stəkan düyüyə bir litr su əlavə edilir. Su qaynayana yaxın quru əvəlik ovxalanıb tökülür. Suyu azalana yaxın xörək oddan götürülür. Hazır yeməyə duz əlavə edilir. Əvəlikli umac unla hazırlanır. Umac üçün müəyyən miqdar un götürülüb ələkdən keçirilir. Qazana su tökülüb qaynadılır. Qaynar suyun içərisinə 100 qrama qədər ovxalanmış əvəlik tökülür və qarışdırılır. Bir-iki buğum qaynadıqdan sonra onun üzərinə umac əlavə edilir. 5-10 dəqiqədən sonra əvəlikli umac hazırdır. Əvəlikli qındı hazırlanırkən su əvəzinə süddən istifadə edirlər. Əvəlik dovğaya, qutaba, şorbaya və sair xörəklərə qatılır. Yarpaqlarında C vitamini vardır.

   Əvəliklər toxum, kök pöhrələri ilə çoxalır. Toxumları yazda və payızda ətrafa səpilir. İkinci ildən başlayaraq yararlı yaşıl kütlə almaq mümkündür. Bir bitki eyni yerdə 8-12 il məhsulvermə qabiliyyətinə malikdir.

   Tibbi əhəmiyyəti. Bitkinin  yerüstü hissələrindən  qeyri spesifik poliartritdə, infeksion xəstəliklərdə, yaraların sağaldılmasında istifadə olunur. Bitkinin yerüstü hissələrindən alınmış şirə ödqovucu xüsusiyyətə malikdir. Bu hissələrdən hazırlanmış dəmləmələr daxili qanaxmalarda, sarğı kimi dəri xəstəliklərində, şişlərin müalicəsində, sidik tutulmalarında işlədilir. Yaşıl hissələrinin şirəsindən qızdırma, sinqa, qaşınma, revmatizm əleyhinə istifadə edilir. Meyvəsindən alınan cövhər büzüşdürücü, qankəsici vasitə kimi işlədilir. 

Quş qırxbuğumu Polygonum aviculare L.

   Sinonimi: qıppığan.

            Kimyəvi tərkibi. Bitkinin tərkibi efiryağları, vitaminlərlə zəngindir, onun yerüstü orqanlarında karbohidratlar, efir yağları, C, E vitamini, karotin, fenol karbon turşuları, kumarin, flavonoid və antraxinon vardır. Təkibində bir sıra müalicəvi əhəmiyyətli maddələr flavonoid qlikozidi, aşı maddələri, suda həll olan silisium turşusu, karotin, şəkər, qatran, zülalli birləşmələr və sair vardır.

   İstifadəsi.Qədim dövrlərdən başlayaraq insanların qida rasionunda özünə geniş yer tutan bu bitki yerüstü hissələri çiçəkləyənə kimi yığılır. Bitki çiy və bişirilmiş halda istifadə edilir. Ondan dovğa, buğlama, aş, kətə, salatlar hazırlanır. Gicitkənlə püresi bişirilir. Qırxbüğümun düyü ilə bişirilmiş aşı, sarımsaqlı qatıqla çox dadlı olur. Qırxbuğum aprel-may aylarında yığılıb qurudulur və qış üçün tədarük edilir. Qış aylarında ondan umac, səbzi (ət ilə qızartma) bişirilir. Qurudulub un halına salınmış kütləsindən sıyıq hazırlanmasında istifadə olunur

   Tibbi əhəmiyyəti. Dərman məqsədilə yerüstü hissəsindən istifadə olunur. Bitki çiçəkləyən dövrdə toplanıb, havası dəyişdirilən binalarda qurudulur. Xalq təbabətində qırxbuğum otundan hazırlanmış dəmləmə və cövhərlər mədə-bağırsaq xəstəliklərinin müalicəsində, ağrıkəsici və iltihabgötürücü vasitə kimi istifadə edilir. Yarpaqlarından çıxıq və sınıqlara, çiban tipli yaralara təpitmə qoyulur. Ondan hazırlanmış preparatlardan qızdırma, şiş və vərəm xəstəliklərinə qarşı istifadə olunur. Elmi təbabətdə qurudulmuş otundan daxili qanaxmalarda qankəsici kimi, ekstraktı isə sidikqovucu dərman kimi işlədilir.

   Adi quşəppəyi Capsella bursa-pastoris (L.) Medik.

   Sinonimləri: quşəppəyi, çoban çantası

   Kimyəvi tərkibi.Quşəppəyinin yarpağında 198 mq% C vitamini vardır. Eyni zamanda tərkibində A, B2, K, D vitaminləri, efir yağları, mikro və makroelementlər vardır.

   İstifadəsi.Erkən yazda (mart-aprel aylarında) toplanır. Xalq arasında qida kimi geniş istifadə olnur. Ondan buğlama, sıyıq hazırlanır və başqa göyərtilərə qatmaqla kətə bişirilir. Quşəppəyi cincilim, soğan və başqa yabanı göyərtilərlə birlikdə xırda-xırda doğranır. Doğranmış göyərtiyə düyü və turşu əlavə edilir. Sonra üstünə bir stəkan su tökülür. Zəif odda 30-45 dəqiqə bişirildikdən sonra bir qədər yağ qatılır. Bu cür hazırlanmış buğlama ətirli və dadlı olur. Onun cavan zoğları da duzla ovxalanıb yeyilir. Bitkidən qatqı kimi istifadə edib, sup, borş, püre və sair hazırlayırlar. İlk yazdan bazarlarda satılır.

   Tibbi əhəmiyyəti. Dərman məqsədi ilə bitki çiçəkləyən dövrdə yerüstü hissələri toplanıb, açıq havada qurudulur. Elmi təbabətdə qurudulmuş otundan spirtli ekstrakt və dəmləmə hazırlanır ki, o da uşaqlıq, həmçinin mədə-bağırsaq, böyrək və ağciyər qanaxmalarında qankəsici vasitə kimi işlədilir. Onda olan bu xüsusiyyət tərkibindəki K vitamini ilə əlaqədardır. Dəmləməsi başlıca olaraq mədə-bağırsaq traktı, ishal, öd, böyrəkdaşı və maddələr mübadiləsi pozğunluğu xəstəliklərində işlədilir.

 İkievli gicitkan Urtica dioica L.

   Sinonimi: gicitkan.

   Kimyəvi tərkibi.Yarpaqlarında vitamin K, C, B2,  karotinoidlər, pantoten turşusu, aşı maddələri, qarışqa turşusu, sterinlər və sair müalicəvi əhəmiyyətli maddələr vardır. Gicitkənin tərkibində dəmir, miss, manqan, bor, titan və digər mikroelementlər, yağ, protein, sellüloza, azotsuz birləşmələr vardır. Onun yarpaqları vitaminlərlə zəngindir. Bundan əlavə bitkinin tərkibində fenolkarbon turşuları, lektinlər, azotlu birləşmələr, ali yağ turşuları, flavonoidlər  və digər birləşmələrə rast gəlinir.

   İstifadəsi. Bu bitkidən müxtəlif xörəklər – borş, sup, kükü, salatlar, kətə, qutab və sair hazırlanır. İqlim və bitmə şəraitindən asılı olaraq onun yarpaqlarının formalaşması mart-aprel aylarında başlayır. Elə bu vaxt onu çiy halda yığıb duz ilə yemək olur. Yığılmış gicitkənlər  dağkeşnişi, göy soğan, quzuqulağı ilə birlikdə xırda-xırda doğranıb duzlanır. Sonra qazana bir qat düyü, bir qat göyərti yığılır, üzərinə 1-2 stəkan su əlavə edilib, buğlama hazırlanır. Zoğları duza qoyulur. Bitkidən kətə, püre, südlü şorba, salatlar və sair hazırlanır.

   Tibbi əhəmiyyəti. Yerüstü hissələrindən hazırlanmış dəmləmə və duru ekstrakt elmi təbabətdə qankəsici vasitə kimi ağciyər, babasil, böyrək, bağırsaq və qanaxmalarında istifadə edilir. Təzə dərilmiş yarpaqlarının şirəsindən, qurudulmuş yarpaqların dəmlənməsindən skorbut və başqa avitaminoz hipovitaminozlarda polivitaminli xammal kimi istifadə olunur. Yarpaqlarının çayından qanazlığında, ümumi zəiflikdə, aterosklerozda, mədənin həzm prosesinin yaxşılaşdırılmasında, ödqovucu kimi iltihaba qarşı  işlədilir. Xalq təbabətində quru yarpağın çayı şəkərli diabetdə, eləcə də babasildə qankəsici dərman kimi içilir. Quru yarpaq tozu ağız və burun qanaxmalarında, tozun kərə yağı ilə hazırlanan məlhəmi isə açıq və iltahablı yaraların, ekzemanın, yanıqların müalicəsində faydalıdır. Gicitkənin yarpaqları böyük at pıtrağının kökləri ilə qarışdırıb, sulu bişirmə hazırlanır və saçların tökülməsinin qarşısının alınmasında istifadə olunur.

Qızılı cacıq Chaerophyllum aureum L.

   Sinonimləri: cacıq, cacıx, ağca.

            Kimyəvi tərkibi. Bitkinin tərkibində vitamin C, kumarinlərdən umbelliferon, yüksək alifatik karbohidratlardantetrakozan, köklərində 0,05 faiz efir yağı, liqnanlardan kerofillin, makulatin, yerüstü hissələrində 0,087 faiz efir yağı, vitamin C, flavonoidlər və sair maddələr vardır.

   İstifadəsi.İlk yazda qar yenicə getmiş yerlərdən çıxan təzə cücərtilər yığılaraq suda pörtlədilib, yağda yumurta ilə qovrulur və ya qatığa qatılır. Kətə hazırlanmasında istifadə edilir. İyun, iyul aylarında cavan zoğları təzə halda soyularaq yeyilir. Eyni zamanda soyulmuş zoğları doğranaraq müxtəlif ət xörəklərinə əlavə edilir. Yazda kütləvi şəkildə yığılıb bazarlarda satıldığından təbii ehtiyatı azalmışdır.

   Adi qazayağı Falcaria vulgaris Bernh.

   Sinonimi: qazayağı.

   Kimyəvi tərkibi. Bitkinin tərkibi tsiklotollarla, efir yağları, vitaminlər, flavonoidlər və kumarinlərlə zəngindir. Tərkibində poliasetilen birləşmələrindən falkarinon, falkarinol, üzvi turşulardan asetat, efir yağları, vitamin C, karotin, fenolkarbon turşuları,onun törəmələri və digər maddələr vardır.

   İstifadəsi. Erkən yazda körpə  cücərtiləri yığılaraq suda pörtlədilib yağda, yumurta ilə qovrulur. Pörtlədilmiş qazayağı suyu sıxıldıqdan sonra qatığa əlavə edilərək qatıqlama hazırlanır. Bitkinin cavan zoğ və yarpaqlarından kətə, dovğa bişirilməsində istifadə edilir. Bir çox xarici ölkələrin kulinariyasında bitki toz halına salınıb, ət və tərəvəz xörəklərinə əlavə edilir. Qurudularaq qışa saxlanılır. 

         Tibbi əhəmiyyəti. Yerüstü hissələrindən hazırlanmış dəmləmə və cövhər böyrək xəstəlikləri və soyuqdəymələr zamanı istifadə edilir.

   Enliyarpaq təkəsaqqalı Scorzonera latifolia (Fisch. & C.A.Mey) DC.

   Sinonimləri: keçiyemliyi, yemlik.

   Kimyəvi tərkibi.Tərkibində karbohidratlardan inulin, kauçuk, alkoloidlər, aromatik birləşmələrdən  vanilin vardır. Onun köklərindən qəhvəni əvəz edən kofe-surroqat hazırlanır. Toxumlarının tərkibində 6,17 faiz yağ vardır ki, bu da yodla çox zəngindir.

   İstifadəsi.Bitki növlərinin əsasən yerüstü və yeraltı hissələri yeyilir. Təkəsaqqalının kökmeyvələrindən təzə, qurudulmuş və konservləşdirilmiş halda istfadə olunur. Yarpaq və kökmeyvələrindən salatlar, sup və şorba hazırlanır. Genişyarpaq təkəsaqqalının kəsilmiş halda yoğun köklərindən axan və sonradan bərkiyən süd şirəsi əhali tərəfindən (saqqız) kimi istifadə edilir. Kauçuk verən bitkidir, köklərində 1-2, yarpaqlarında 1-2,5, gövdələrində isə 1 faizədək kauçuk vardır. Kauçuk kök və gövdələrdə südlüklərdə, yarpaqlarda isə süngərvari toxumalarda toplanır.    

   Tibbi əhəmiyyəti. Bitkinin köklərindən istifadə edilir. Qədimdə kökündən hazırlanan məlhəmlə ilan sancmaları müalicə olunurmuş. Tərkibində insulin maddəsi olduğundan şəkər xəstəliyinə qarşı tətbiq edilir. Kök boğazından kəsildikdə sıxan südəbənzər maddədən alınan saqqız diş diblərinin möhkəmləndirilməsi və qanaxmaların dayandırılmasına müsbət təsir edir.    

   Zirehli yemlik Tragopogon marginatus Boiss.& Buhse.

   Sinonimləri: topalaq, yemlik.

            İstifadəsi. Bu bitkilərin kök və yarpaqları yapışqanlı, südlü və şirəlidir. Bir çox rayonlarda yemlikdən ğeniş miqyasda ciy və bişmiş halda istifadə olunur. Yarpaqları təzə halda ovularaq duzlanıb yeyilir. Adətən ilk yazda toplanır. Xalq arasında belə bir misal vardır, yemliyi baharda göy guruldadıqdan sonra yeyərlər. Bunun elmi izahı ondan ibarətdir ki, göy guruldadıqdan (şimşək çaxdıqdan) sonra yağış yağır, yağış suyu bitkinin toz-torpaqdan, zəhərli maddələrdən təmizləyir. Belə ki, yağış suyu ekoloji təmiz məhsul hazırlayır. Onu isə istifadə etmək mümkündür. Yemlikdən  buğlama, kətə, salatlar, yaşıl şorba, kartof supu, əvəlikli qarışıq və digər yeməklər hazırlanır.

   Kimyəvi tərkibi. Tərkibində kauçuk, flavonoidlərdən ornentin,izoornentin, luteolin, izoviteksin, tsiklitollardan izonnazit, karbohidratlardan D-mannit, triterpenoidlər və yüksək alifatik spirtlər vardır.

         Tibbi əhəmiyyəti. Bitkinin tibbi əhəmiyyəti eynilə enliyarpaq təkəsaqqalında olduğu kimidir.

Adi dəvədabanı Tussilago farfara L.

   Sinonimləri: əzmə-büzmə, ögey ana.

            Kimyəvi tərkibi.Bitkinin tərkibindəkarbohidratlardan rafinoza, saxaroza, mukopektin, kauçuk, steroidlərdən sitosterin, alkaloidlərdən senesionin, petazitetin, simfitin, karbohidratlardan inulin, efir yağları, vitamin C, aşı maddələri, yüksək alifatik karbohidrogenlər, seskviterpenlər və digər maddələr vardır. Yarpaqlarında qlikozidlər, polisaxaridlər, saponinlər, aşı maddələri, efir yağı, karotinoidlər, 21,3- 44,2 mq% C vitamini vardır (A.A.Qrossheym).

   İstifadəsi. Cavan yarpaqları pörtlədilərək yağ-soğanda qovrulur, dolma hazırlanmasında istifadə edilir. Yarpaqları həmçinin Qərb ölkələrində sup, şorba və ət xörəklərinə əlavə edilir. Çiçəkləri isə ət xörəklərinə qızılı sarı rəng vermək üçun istifadə edilir.  Bitkinin çiçəkləri mart -aprel, yarpaqları isə may-iyun aylarında toplanır.                                                                                                    

   Tibbi əhəmiyyəti. Bitkinin istifadə orqanı yarpaq və çiçəkləridir. Tərkibində iltihabsorucu, öskürəkkəsici, büzücü, sidik və tərqovucu maddələr vardır. Dəvədabanı bitkisi kəskin və xroniki yuxarı tənəffüs yolları xəstəliklərinin və qripin müalicəsində tətbiq edilir. Keyfiyyətli bəlğəmgətirici və ödqovucudur. Xalq təbabətinə əsasən qurudulmuş yarpaqları yandırıb, tüstüsündən quru öskürəyə və asmaya tutulmuş xəstələrdə inqalyasiya kimi istifadə olunur. Təzə dərilmiş yarpaqları, müxtəlif mənşəli yolxucu dəri xəstəliklərinin müalicəsində işlədirlər.

   Uzunyarpaq yarpız Mentha longifolia (L.) Huds.

   Sinonimləri: yarpız, nanə.

   Kimyəvi tərkibi. Bitkinin tərkibində steroidlərdən β-sitosterin, flavonoidlərdən luteolin, gövdə və yarpaqlarında fenol və törəmələrindən evgenol qlikozod və başqaları vardır.

   İstifadəsi.İlk yazda körpə yarpız yığılaraq təzə halda pendirlə, həmçinin soyutma yumurta ilə yeyilir. Muxtəlif yeməklərin hazırlanmasında, ətriyyatda, qənnadı məmulatları istehsalında yarpızdan istifadə edilir. Dovğa, kükü, göyərti qutabı və sair yeməklərdə hazırlanır. İyun ayında bitkinin cavan gövdələri toplanılıb, kölgədə qurudulur. Qışda quru kütlə müxtəlif xörəklərin hazırlanmasında istifadə olunur. Yarpız vitaminli və nektarlı bitkidir. Onun bir hektarından arılar 160 kq-dan çox bal toplayırlar.

   Tibbi əhəmiyyəti. Dəmləməsi və həlimi ürək-damar xəstəliklərində istifadə olunur. Bitkinin ekstraktı antibakterial, efir yağı antifunqal aktivliyə malikdir.

   Görkəmli çiriş Eremurus spectabilis Bieb.

   Kimyəvi tərkibi.Bitkinin yerüstü hissələri selikli maddələrlə çox zəngindir.  

   İstifadəsi.Əhali çirişdən tərəvəz kimi istifadə edir. Çiriş mart-aprel aylarında, yəni yarpaqlar 6-15 santimetr uzunluğunda olarkən toplanır. Havalar mülayim keçdikdə fevral ayının sonlarında da yığılır. O, torpağın 3-4 santimetr dərinliyindən kökboğazına yaxın yerdən kəsilir. Təzə çıxan yarpaqları  selikli yapışqanla zəngindir. Yarpaqlar duzlu suda pörtlədilib acı suyu alınır, sonra yağda soğanla qızardılır. Bundan başqa ondan kətə və qutab da hazırlanır. Bunun üçün çirişə soğan, dağ keşnişi və quzuqulağı əlavə edilir. Doğranmiş qarışığa azacıq duz  qatıb adi qaydada kətə, yaxud qutab bişirirlər. Bişmiş kətə qatıqla ləzzətlə yeyilir.

   Tibbi əhəmiyyəti. Çiriş tozu bal ilə birlikdə qaynadılır və qatılaşana yaxın götürülür. Sonra ondan xüsusi məlhəm  hazırlanır. Bu  məlhəm çıxıq, sınıq, çiban, dolama tipli yaraların müalicəsində işlədilir.

          Pont quşsüdü Ornithogalum ponticum Zahar. 

Sinonimi: xıncalaus.

   İstifadəsi.Soğanaqları yarpaqlarla birgə yağda soğanla birlikdə qızardılır. Eyni zamanda soğanaqlarından tutma qoyulur.

         Yuxarıda qeyd edilən bitkilər muxtar respublika biomüxtəlifliyində yabanı tərəvəz bitkilərini tam əks etdirmir. Gələcək yazılarımızda digər yabanı tərəvəz bitkilərindən də bəhs edəcəyik.

Daşqın QƏNBƏROV
Botanika kafedrasının müdiri Biologiya üzrə elmlər doktoru

Hilal QASIMOV
Botanika kafedrasının dosenti Naxçıvan Dövlət Universiteti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR