Ölkədə vahid sığorta-pensiya sisteminin qurulması ilə əlaqədar ümummili liderimiz Heydər Əliyevin əsasını qoyduğu islahatlar bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. İslahatların nəticəsi olaraq ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin ödənilmiş sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada bütün sahələrdə davam etdirilən islahatlar sosial müdafiə sisteminin də inkişafına geniş imkanlar yaradıb. Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxs və onun yerli orqanları müasir standartlara cavab verən yüksək maddi-texniki baza ilə təchiz olunub. İdarəetmədə operativliyi təmin etmək məqsədilə lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. Nəticədə, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılıb. Bütün bunlar əmək pensiyaçılarına, sığortaedənlərə və sığortaolunanlara göstərilən xidmətlərin keyfiyyətinin xeyli yaxşılaşdırılmasına səbəb olub.
Muxtar respublikada sığorta-pensiya sisteminin aparıcı tərkib hissəsi olan fərdi uçot sisteminin tətbiqinə 2006-cı ildən etibarən başlanılıb. Fərdi uçotun yaradılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasıdır. Yəni ödənilən məcburi dövlət sosial sığorta haqları fondda fərdi uçot sistemində açılan fərdi şəxsi hesablara işlənilir ki, gələcəkdə pensiya təyinatı aparıldıqda həmin hesabda olan məlumatlar əsas götürülür.
Qeyd etmək lazımdır ki, fondun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özünün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdirlər. Bunun üçün Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az), Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nmr.az) internet səhifəsinə və e.sosial.az saytına daxil olmaqla, “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə, hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları, həmçinin illər üzrə fərdi pensiya kapitalını izləmək mümkündür.
Fond tərəfindən qarşıya qoyulan başlıca vəzifələr muxtar respublikada bütün sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotunun aparılması, bu sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və vətəndaşların maarifləndirilməsinə nail olmaqdan ibarətdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin mətbuat xidməti