Daha bir bahar bayramının astanasındayıq. Yurdumuzda ilıq nəfəsini duyuran yazın gəlişi əsrlər boyunca xalqımız tərəfindən bayram əhval-ruhiyyəsi, Novruz ənənələri ilə qarşılanır. Novruzun özünəməxsus adət-ənənələri və simvolları həyat tərzimizə, məişətimizə hopub, bu gün də qorunub yaşadılır.
Təbii ki, Novruz bayramı dedikdə ilk ağıla gələn məhz səmənidir. Elə ki novruzqabağı çərşənbələr mübarək qədəmini yurdumuzun bərəkətli torpaqlarına basdı, nənə-analarımız, qız-gəlinlərimiz qışdan seçib saxladıqları buğdanı bir nimçədə cücərdərlər. Bir neçə həftə ərzində boy atan, qırmızı lentlə bəzədilmiş yamyaşıl səməni bayram xonçasının tən ortasında öz yerini alar. Baharın yurdumuza qədəm qoyduğu ərəfədə hara üz tutsan, hansı qapıdan içəri girsən, səni ilk qarşılayan səmənili xonça olacaq.
Novruz şənlikləri başa çatdıqdan sonra saralmış səməniləri natəmiz yerə atmaz, axar suya axıdar, həyət-bacadakı toyuq-cücənin qarşısına qoyarlar. Evlərimizin yaraşığı olan minlərlə səməninin bayramdan sonrakı “həyatı” beləcə başa çatar.
Ulularımız isə səmənilərdən təkcə süfrələrin bəzəyi kimi yox, həm də ləziz təamı kimi istifadə ediblər. Bəlkə də gənclərimizin bir çoxuna bu ad tanış deyil, amma səməni halvası bayram süfrələrinin ən dadlı və faydalı qidası kimi ulularımızdan bizə yadigar qalıb. Bəs səməni halvası necə hazırlanır və onun nə kimi faydaları vardır?
Qədim adət-ənənələrimizin ən çox qorunub saxlanıldığı Ordubad rayonunda bu təamın sorağına düşdük. Tivi kənd sakini, 90 yaşlı Tutu Quliyeva bildirdi ki, bu yaşıma gəlmişəm, yaz nemətlərinin heç birinə bənzəməyən o dad, hələ də damağımdadır. Ona görə də səməni halvasının ocağımızdan itib-batmasını istəməmişəm. Qızlarıma, gəlinlərimə bu ləziz təamın hazırlanmasını öyrədib aşılamışam ki, bu gözəl ənənəmiz itib batmasın.
Tutu nənə onu da dedi ki, səməni hər ocaqda göyərməz. İnanca görə, səməni halal ruzi ilə açılan süfrələrdə boy atar. Fevral ayının sonlarında, yəni Boz ay başlayanda buğdanın ən yaxşısını seçib tər-təmiz yuyuruq. Sonra bir nimçənin üzərinə yayıb üstünə təmiz tənzif çəkərək Günəş hənirtisi dəyən yerə, pəncərələrin qabağına qoyuruq. Hər gün tənzifin üzərinə su çiləməklə onu cücərdirik. Artıq martın əvvəlində buğda çırtıb göyərir. Süfrəmizin bəzəyi olacaq səmənini becəririk ki, daha da boy atsın.
Halva bişirmək üçün yenicə cücərmiş səmənidən istifadə edirik. Buğdalar çox yaşıllaşmamış onu həvəngdəstədə yaxşıca əzib suyunu çıxardırıq. Tənziflə süzülən həlimi və şirəni qazana tökür, üzərinə soyuq su, buğda unu əlavə edib bulayaraq unu açırıq. Şirə bərkiyəndə üzərinə qaynar su töküb, bişənə yaxın qapağı örtüb ocağı söndürürük. Hazır olan qırmızı rəngli şirəyə el arasında səməni hörrəsi deyirlər. Səməni halvası məhz bu hörrədən hazırlanır.
Səməni halvasının müqəddəs nemət hesab edildiyini dilə gətirən Tutu nənə dedi ki, səməni hörrəsini nəzir edib bişirərdilər. Bişəndən sonra qazanın qapağını örtür, üzərinə güzgü, daraq və başqa bəzək əşyaları qoyardılar. İnanca görə, Həzrəti Fatimeyi-Zəhra gəlib saçını darayacaq, özünə bəzək verəcək, nəzir edənə xeyir-dua edəcək ki, bu qazan bərəkətli olsun. Deyirlər, bu qazan Fatimeyi-Zəhradan qalıb. Halva hazırlanarkən mərasimə qohum-əqrəbalar, qonşular, tanışlar da dəvət olunurlar. Qazanın qapağını açanda salavat çevirirlər. Kənddə xəstə varsa, ilk növbədə, bu hörrədən ona da pay tuturlar.
Elə ki səməni hörrəsi hazır oldu, ona un əlavə edilərək xəmir yoğurulur. Xəmirdən hissə-hissə kəsərək teştdə və ya böyük tavada qaynar yağın içinə salınır və tez-tez qarışdırılır. Bulama işini gərək heç dayandırmayasan, yoxsa dibi yanar. Azacıq qazmaq tutan kimi onu çevirib tikələrə parçalamaq lazımdır. Ta ki tamam ovulanadək. Daha sonra qazan odun üzərindən götürülür, ona doşab, istiot, zəncəfil, mixək, razyana, darçın kimi ədvalar vurulub qarışdırılır. Soyuyanda bir də Naxçıvanın dillər əzbəri olan cəviz ləpəsi əlavə edilir. Əsrlərin yadigarı, bayram süfrəsinin dadlı neməti və can dərmanı səməni halvası beləcə hazırlanır.
Bir az da səməni halvasının faydalarından söhbət açaq.
Xalq təbabətində deyilir ki, əsl səməni halvası qan dövranını yaxşılaşdırır, insanın əhval-ruhiyyəsini yüksəldir. Müasir tibdə də qeyd edilir ki, toxumlar cücərməyə başladıqda onlarda güclü həyat enerjisi oyanır. Bioloji aktiv maddə, vitamin, mikroelementlərlə zəngin olan cücərtilər insan orqanizmi üçün çox faydalıdır. Bu baxımdan cücərdilmiş buğdanın və müxtəlif bitki toxumlarının qida kimi qəbul edilməsi orqanizmin ümumi gümrahlığına səbəb olur, tonusu artırır, ürək-damar, əsəb, mədə-bağırsaq sisteminin fəaliyyətini gücləndirir. Belə cücərtilərdən ibarət dieta artıq çəkidən xilas olmağa, orqanizmi gücləndirməyə, dişləri və damaqları möhkəmləndirməyə kömək edir. Cəmi bir neçə gün cücərdildikdən sonra toxumların vitamin tərkibi dəyişir, infarktla mübarizədə aparıcı qüvvə kimi vacib olan vitaminlərlə zənginləşir.
Əziz oxucularımız, Novruz süfrələrinin ləziz təamı, dadlı, bərəkətli və orqanizmə faydalı səməni halvası milli mətbəximizin yaddan çıxan, az istifadə olunan təamları sırasındadır. Gəlin onun faydalarını və milli təfəkkürümüzdəki yerini daha geniş təbliğ edək. Həm milli mətbəximizin bu gözəl adəti qorunub saxlanılsın, həm də canımız sağlam və gümrah olsun.
Gülcamal TAHİROVA