Ömrümüzdən ötüb keçən günləri adilikdən sıyıraraq unudulmaz edən, tarixə çevirən qəhrəmanlardır şəhidlər. Bu dünyada hər birimizə bəxş olunan bir ömür payını Vətənə fəda etməklə həyata ən gözəl şəkildə əlvida deməyin adıdır şəhidlik!
Övladı, həyat yoldaşı, yaxınları şəhid olanların, sağlamlıqlarını torpaqlarımız uğrunda mübariz döyüşlərdə itirən insanların doğmaları başlarını dik tutub, məğrurcasına düşmənə gözdağı olsalar da, müəyyən məqamlarda onlara təsəlli olacaq diqqətə, qayğıya ehtiyacları var. Günümüzdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı hərbi xidməti vəzifəsini yerinə yetirərkən, həmçinin 20 Yanvar və Çernobıl hadisələri zamanı sağlamlığını itirmiş vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onlara mütəmadi olaraq yeni mənzillərin, avtomobillərin verilməsi, bu mənada, təqdirəlayiqdir. Ölkə Prezidentinin bu istiqamətdə imzaladığı müvafiq sərəncam və fərmanlar xalqımız tərəfindən insan amilinə yüksək qayğı kimi dəyərləndirilir. Qürurla deyə bilərik ki, doğma diyarımızda da bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bütün bunların nəticəsidir ki, cari ildə müvafiq kateqoriyalı 157 şəxsin bərpa mərkəzlərində müalicələri təşkil edilmiş, 35 şəxsə müalicə müəssisələrinə göndəriş verilmiş, 4 ailəyə fərdi yaşayış evləri və mənzillər, 11 nəfərə minik avtomobilləri təqdim olunmuşdur.
Mart ayının 14-də – Novruz bayramı ərəfəsində muxtar respublikamızda bir şəhid ailəsinə və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlıq imkanlarını qismən itirmiş şəxsə yeni mənzillərin verilməsi onlara ikiqat bayram sevinci yaşatdı. Biz də bu sevincə şərik olmaq üçün həmin mənzillərə üz tutduq.
Qonağı olduğumuz ilk ünvan şəhid İbrahim Salmanovun anasına verilmiş mənzil oldu. Evin ilk qonaqlarını qarşılayan Firəngiz ana oğlunun 19 illik bir ömrə sığmayan həyat yolundan danışdı: – Bəzi hissləri sözlərlə ifadə etmək mümkün olmur. Bəzən sözlər hisslərin ifadəsində gücsüz olur, aciz qalır. Eynilə İbrahim haqqında danışmaq kimi. Oğlum hələ Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə təhsil aldığı illərdə müəllimlərinin və yoldaşlarının sevimlisi olmuşdu. Orta məktəbi başa vurduqdan sonra Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində operator kimi fəaliyyətə başlamışdı. Elə həmin dövrdə də hərbi xidmətə çağırılıb və hər bir azərbaycanlı gənci kimi, o da Vətənin müdafiəsini mənəvi borc bilərək xidmətə yola düşmüşdü. Ordubad rayonunda xidmət edən İbrahim 2000-ci ilin iyul ayında şəhid oldu.
Firəngiz ana onu da qeyd etdi ki, oğul itirmək nə qədər ağrılı-acılı olsa da, bu gün diyarımızda sakitlik, əmin-amanlıq şəraitində yaşayan insanları gördükcə qürur duyuram. Axı İbrahim kimi oğullarımız məhz xalqımız firavan yaşasın, Vətənimizə düşmən ayağı dəyməsin, – deyə öz canlarından keçiblər. Onlar bir xalq qəhrəmanı kimi zülmətləri yarıb, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan, əbədiyyətə qovuşan bəxtiyar insanlardır. Heç nə övladlarımızı əvəz etməsə də, onları geri qaytara bilməsə də, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bizə böyük təsəlli, yaramıza məlhəm olur. Bu günlərdə şəhərimizin görkəmli yerlərindən birində gözəl, ikiotaqlı mənzillə təmin olunmağımız ailəmə, əzizlərimə ikiqat bayram sevinci yaşatdı. Bu sevinc həm də qəlbimdə bir minnətdarlıq hissi yaradıb. Çünki bu qayğı dövlətimizin hər an öz vətəndaşının yanında olduğundan xəbər verir. Buna görə ailəm adından minnətdarlığımı bildirirəm.
Qonağı olduğumuz digər ev Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş Sədrəddin Əsədova məxsusdur. Üç övlad atası olan müsahibim onlara yaradılan şəraitdən ağızdolusu danışır və deyir ki, bizə üçotaqlı, hər cür şəraitlə təmin olunmuş mənzil hədiyyə edilib. Dövlətimizin bu diqqət və qayğısı biz qazilərin də böyük sevincinə səbəb olur. Bütün bunlar gənclərimizə vətənpərvərlik hisslərini aşılamaqla bərabər, səngərdə döyüşən hər bir hərbçidə də əminlik yaradır. Bu gün torpaqlarımızı qoruyan qəhrəman oğullarımız əmindirlər ki, Vətən uğrunda canlarını fəda etmələri lazım gələrsə, ailələri dövlət qayğısı ilə əhatə olunacaqlar. Çünki dövlətimiz hər zaman şəhidinin, sağlamlığını itirənlərin, Milli Ordumuzun hər bir əsgərinin, zabitinin, ümumiyyətlə, hər bir vətəndaşının arxasındadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün şəhid ailəsinə, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını qismən itirmiş şəxsə yeni mənzillərin verilməsi Azərbaycanda dövlətçiliyin möhkəm təməllər üzərində qurulduğunu göstərir. O yerdə dövlətçilik haqqında danışmaq olar ki, həmin ölkədə dövlət-xalq birliyi olsun. Dövlətin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş, vətənpərvərlik göstərmiş şəxslərə, şəhid ailələrinə diqqət və qayğısı digər vətəndaşlar üçün də nümunədir”.
İki ailənin timsalında yurdumuzda Vətən uğrunda canından, sağlamlığından keçənlərə göstərilən qayğının, onların Vətənə əmanət etdikləri ailələrin göz bəbəyi kimi qorunmasının, himayə edilməsinin şahidi olduq.
Bu təkcə indi belə deyil, dünən də belə idi, sabah da belə olacaq. Çünki bütün bunlar ulu öndərin doğma Azərbaycanımızın müstəqilliyinin, əzəli torpaqlarımızın erməni qəsbkarlarının işğalından qorunması uğrunda əsl qəhrəmanlıq, şücaət göstərənlərə həssas və qayğıkeş münasibətinin davam etdirilməsinin, bu siyasi kursa sadiqliyin bariz nümunəsidir.
Telli Məmmədova