Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslər üçün videoportal (www.surdotv.az) istifadəyə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu qəbildən olan şəxslərin informasiya əldə etmək hüquqlarının təmin olunmasında bərabər imkanların yaradılması məqsədinə xidmət edən layihə xüsusilə indiki dövrdə xüsusi karantin rejimi, sosial izolyasiya tədbirləri ilə əlaqədar “#evdəqal” çağırışına bir dəstəkdir.
Maraqlı TV veriliş və proqramlar, 70-dən çox milli və xarici film, 7 cizgi filmi, eləcə də bir çox məlumatlandırıcı və əyləncəli videomateriallar, həmçinin koronavirusdan qorunma üsulları barədə məlumatlar surdo-tərcümə olunaraq www.surdotv.az video portalına yerləşdirilib. Bu da eşitmə və nitq qabiliyyəti olmayan şəxslərin internet üzərindən videoməlumat almasına, dolğun informasiyalar əldə edərək cəmiyyətə inteqrasiya olunmalarına zəmin yaradır.
Məlumatlandırıcı və əyləncəli videomaterialların müvafiq formatda hazırlanaraq saytda yenilənməsi də təmin edilir və həmçinin izləyicilər hansı film, serial və ya verilişi görmək istədiklərini sayta yaza bilərlər.