Muxtar respublikada sosial xidmət işçiləri və könüllülər zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq, sanitar-gigiyenik qaydalara riayət etməklə, tənha ahılların evlərində təmizlik işləri aparırlar.
Naxçıvan şəhərində sosial könüllülər yaşı 65-dən yuxarı olan tənha ahılları ziyarət edib, ahılların evlərində dezinfeksiya və təmizlik işləri aparıb, gətirdikləri tibbi profilaktik məmulatları ahıl vətəndaşlara təqdim ediblər.
Muxtar respublikada fəaliyyət göstərən özəl təşkilatlar da sosial məsuliyyətlərini uğurla icra edir, bu istiqamətdə görülən işlərdə dövlət qurumlarına dəstək olurlar. Sosial aksiyaya “Badamlı” mineral sular zavodu da qoşulub. Zavodun nümayəndələri könüllülərlə birgə ahılları ziyarət edib, onlara “Badamlı” mineral sularından ibarət sovqat təqdim ediblər.
Ahıl vətəndaşlardan Zenfira Adıgözəlova dövlətimizə və sosial könüllülərə onlara göstərilən diqqət və qayğıya görə ahıllar adından minnətdarlığını bildirib.
Qeyd edək ki, aksiya martın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqlara uyğun olaraq həyata keçirilir. Verilən tapşırıqlara əsasən 65 yaşdan yuxarı olan tənha ahıllara həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər tərəfindən müvafiq xidmətlər göstərilir.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Gənclər Fondunun birgə təşkil etdiyi aksiya digər şəhər və rayonlarda da davam etdirilir.