Xocalı... Bu qədim türk torpağının adı 1992-ci ilə kimi bəlkə də bir çoxlarına tanış deyildi taki o gecəyə kimi .... Həmin gecə bəşəriyyət indiyə kimi görmədiyi bir vəhşiliyə şahidlik etdi. Yüz illərdir ocağımızdan od, təknəmizdən çörək verdiyimiz xain qonşularımız xalqımızın başına tarixdə misligörülməmiş bir faciə açdı. 20 yanvar faciəsində cəmi iki il ötmüşdü ki, qarabaxtlı Qarabağımızda Xocalı soyqırımı törədildi.
Tariximizin qan yaddaşına əbədi həkk olunmuş həmin tarixdə əliyalın, silahsız insanlara-qocalara, körpələrə, qadınlara amansız vəhşiliklə, qəddarlıqla işgəncə verərək qətlə yetirən ermənilər öz məqsədlərinə çatmaq üçün XX əsrin sonlarında nələr etmədilər? Soyuq, şaxtalı qışın qaranlıq gecəsi onlarla soydaşımıza məzar oldu. Kimi erməni süngüsünə keçirilərək, kimisi isə soyuqdan donaraq həyatla vidalaşdı. Gecə yarı isti evindən əyaqyalın, başıaçıq erməni zülmündən qaçıb meşələrə sığınan neçə azarbaycanlı qadını övladını qorumaq üçün canını ona sipər etdi. Neçə körpə ana bətnindən zorla çıxarıldı. Neçə övladın gözünün qarşısında ata- anası paramparça edildi. Vəhşiləşmiş erməni quldurlarının əlindən qaçıb meşələrə sığnan neçə -neçə övladımız donaraq həyatla vidalaşdı. Biz bunu gördük. Görmək yox, yaşamağa məhkum olduq. Bu ilk deyildi bir əsrdə dəfələrlə qanlı faciələrlə rastlaşdıq. İşgəncələrə, təqiblərə, soyqırıma məruz qaldıq, yurd-yuvamızdan zorla qovulduq. Amansız qətliamlarla üzləşdik. Bütün bunlar isə insanlıq duyğularımızdan, humanistliyimizdən, qan tökmək istəməmədiyimizdən oldu.