Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztekin rəhbərliyi ilə Türkiyədən gəlmiş elm adamlarından ibarət nümayəndə heyətinin və azərbaycanlı tarixçi alimlərin iştirakı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, eyni zamanda Vətən uğrunda canlarını fəda etmiş Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin bəşəri cinayət olduğunu söyləyib, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların ağır işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq dövlət səviyyəsində, siyasi-hüquqi müstəvidə qiymət verilib. Ulu öndərin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlanıb. Xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olunub. Nəticədə, Azərbaycan həqiqətləri dünyaya çatdırılıb, beynəlxalq təşkilatların diqqəti regiona yönəldilib və Ermənistanın bölgədə apardığı təcavüzkar siyasət tamamilə ifşa olunub.
Bəxtiyar Əsgərov deyib ki, bu gün Xocalı soyqırımı dünyanın bir çox ölkələrində rəsmən tanınır və hər il faciənin ildönümləri qeyd edilir, bir çox xalqlar tərəfindən bu qətliam açıq şəkildə pislənir, lənətlənir. Eləcə də bir sıra ölkələrin qanunvericilik orqanları Xocalı faciəsinin soyqırımı kimi tanınmasına dair tarixi qərarlar qəbul etməkdədirlər.
Daimi Nümayəndəliyin rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu, erməni qəsbkarlığının ifşası istiqamətində uğurlu addımları öz bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və bütövlükdə insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır qanlı cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Diqqətə çatdırılıb ki, hər il Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində dərin ehtiramla anılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamı ilə yaradılan Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində faciə qurbanlarının xatirəsi yad edilir.
Daimi Nümayəndəliyin rəhbəri əminliyini bildirib ki, xalqımız və dövlətimiz tərəfindən Xocalı faciəsinin dünyada tanıdılması, nankor və məkrli qonşumuz olan ermənilərin iç üzünün aşkar edilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.
Türkiyəli qonaqlardan professor İbrahim Öztek Anadolu Aydınlar Ocağının adından Daimi Nümayəndəliyin rəhbərinə təşəkkürünü bildirib, dostluq və birlik rəmzi olan açıqcanı ona təqdim edib. İbrahim Öztek tərəfindən hazırlanmış, Xocalı soyqırımına həsr olunan videoslayd və Kərim Kərimovun erməni terrorizmini əks etdirən karikaturaları nümayiş etdirilib.
AZƏRTAC