Xocalı... Bu qədim türk torpağının adı 1992-ci ilə kimi bəlkə də bir çoxlarına tanış deyildi taki o gecəyə kimi .... Həmin gecə bəşəriyyət indiyə kimi görmədiyi bir vəhşiliyə şahidlik etdi. Yüz illərdir ocağımızdan od, təknəmizdən çörək verdiyimiz xain qonşularımız xalqımızın başına tarixdə misligörülməmiş bir faciə açdı. 20 yanvar faciəsində cəmi iki il ötmüşdü ki, qarabaxtlı Qarabağımızda Xocalı soyqırımı törədildi.
Tariximizin qan yaddaşına əbədi həkk olunmuş həmin tarixdə əliyalın, silahsız insanlara-qocalara, körpələrə, qadınlara amansız vəhşiliklə, qəddarlıqla işgəncə verərək qətlə yetirən ermənilər öz məqsədlərinə çatmaq üçün XX əsrin sonlarında nələr etmədilər? Soyuq, şaxtalı qışın qaranlıq gecəsi onlarla soydaşımıza məzar oldu. Kimi erməni süngüsünə keçirilərək, kimisi isə soyuqdan donaraq həyatla vidalaşdı. Gecə yarı isti evindən əyaqyalın, başıaçıq erməni zülmündən qaçıb meşələrə sığınan neçə azarbaycanlı qadını övladını qorumaq üçün canını ona sipər etdi. Neçə körpə ana bətnindən zorla çıxarıldı. Neçə övladın gözünün qarşısında ata- anası paramparça edildi. Vəhşiləşmiş erməni quldurlarının əlindən qaçıb meşələrə sığnan neçə -neçə övladımız donaraq həyatla vidalaşdı. Biz bunu gördük. Görmək yox, yaşamağa məhkum olduq. Bu ilk deyildi bir əsrdə dəfələrlə qanlı faciələrlə rastlaşdıq. İşgəncələrə, təqiblərə, soyqırıma məruz qaldıq, yurd-yuvamızdan zorla qovulduq. Amansız qətliamlarla üzləşdik. Bütün bunlar isə insanlıq duyğularımızdan, humanistliyimizdən, qan tökmək istəməmədiyimizdən oldu.
Xocalıların kompakt şəkildə məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşadığım 3il müddətində həmin faciənin canlı şahidləri ilə həmsöhbət olanda onların söylədikləri hələ də yaddaşımdan silinməyib.
Xocalı sakini Alimə İsmayılova o gecənin dəşəti haqqında deyirdi: Həyat yoldaşım şəhərin müdafiəçilərinin arasında idi. Evdə uşaqlarla tək başına qalmışdım. Ağır texnikalardan açılan atəş nəticəsində şəhərdə yanğınlar baş vermişdi. Böyük bir alovun içində nə edəcəyim haqqda düşünürdüm . Bu vaxt qonşuluqda yaşayan qadın mənim uşaqları da götürüb evdən çıxmağımı istədi. Ona və küçəyə toplaşan digər sakinlərə qoşulub yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldum. Xocalıya üç istiqamətdən hücum olduğundan biz Əskəran istiqamətinə gedirdik. Uşaqlar, qocalar o qarlı aşırımları keçə bilmirdi, geridə qalırdı. Bəlkə də bu bizi o qanlı fəlakətdən qorudu. Çünki biz bilmirdik ki, düşmənin üç tərəfdən hücumu və bir yolu açıq qoyması hiylə imiş. Qarlı aşırımlarda taqətdən düşmüşmüş sakinlər erməni silahlı dəstələri tərəfindən mühasirəyə salınıb. Əskəran-Naxçevanik düzündə xüsusi qəddarlıqla öldürüldülər. Gecə boyu dayanmadan hərəkət edir bu zülümdən qurtarmağa çalışırdıq. Ayaqlarım donmuşdu artıq yeriyə bilmirdim. Uşaqlar iki gün idi ac susuz idi. Onların ən kiçiyini 5 aylıq oğlumu gecə Xocalını tərk edəndə bir şalla kürəyimə bağlamışdım. Iki azyaşlının birini qucağıma alıb bir az böyük olanın əlindən tutmuşdum. Neçə saat idi körpə nə tərpənirdi, nə də səsi çıxırdı. Onun donduğunu ya da aclıqdan öldüyünü düşünürdüm. Faciədən xəbər tutmuş Ağdam batalionu sağ qalmış xocalıları xilas etmək üçün əməliyyata başlayanda bizi xilas etdilər.Onlar qəfil qarşımıza çıxanda erməni zənn edib geriyə qaçmaq istədim amma daha taqətim qalmamışdı. Bizi yaxalayanda ağdamlı olduqlarını dedilər. İçlərindən biri ayaqyalın olduğumu görüb öz çəkmələrin mənə verdi. Onların köməkliyi ilə oradakı yaralılar və biz vertalyotla Ağdama aparıldıq. Ağdamda bizə tibbi yardım göstərildi, beş aylıq övladım da sağ idi.... Həyat yoldaşımı, əmim oğlanlarını,qohumlarımdan bir çoxunu o amansız gecədə itirdim. Gözləri qandan doymayan ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, əsir götürür, işgəncələrə məruz qoyurdular. O vaxt bütün şəhidlərimiz Ağdam ərazisində dəfn edildi. Xocalı əhalisi Naftalan və Bakıdakı sanotariyalarda kompakt şəkildə məskunlaşdı. Sonrakı dövrlərdə ümummilli liderimizin hakimiyyətə gəlməsi məcbüri köçkünlərə diqqət və qayğını artırdı. Həmin vaxta kimi ökənin hər tərəfi çadır şəhərciyi idi. Vaqonlarda bəlkə də 1000-ə yaxın ailə yaşayırdı. o vaqonlar sanki cəhənnəm idi. Dəmirin içində qışda soyuq, yayda da 40 dərəcə isti. O insanları ölüm gözləyirdi. Ümummilli lider hakimiyytə qayıdandan sonra o məsələlərə diqqət artırıldı. Birinci stabillik bərpa oldu, ikinci ordumuz nizamlandı müəyyən qədər qalibiyyət əldə etdi. Əhalinin rəhbərliyə, dövlətçiliyə inamı formalaşdı. Azərbaycan Respublikasında köçkünlərlə bağlı ilk qəsəbə Goranboy rayonunda Ağcakənddə salınıb. Bu qəsəbə salınanda onun bir hissəsində Qərbi Azərbaycandan deportasiya edilmiş əhali yaşayırdı. İlkin olaraq ora Xocalı sakini olan 156 ailə köçürüldü.Bizim də ailə onların içində idi 2002-ci ilin sentyabr ayında qəsəbənin açılışında ümummilli liderimiz çıxış etdi. Yeni tikimiş məktəbimizdə dərslərdə oldu. Onun gəlişi bizə mənəvi güc verdi, yanan ürəyimizə su sərpildi. Sonralar 2007-2008-ci illərdə 2-ci qəsəbə salındı, əlavə 3 qəsəbə salındı. Ağcakəndə qəsəbəsində əlavə 200 ev tikildi. 2010-2011-ci illərdə Goranboyda 1, 2014-cü ildə Gəncədə 500 ailəlik bir qəsəbə salındı. Hazırda xocalılar Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Böyrü və Meşəlidə Goranboy şəhərində biri də Gəncə-Göygöl yolunun üstündə 600 ailəlik qəsəbədə yerləşiblər.
Bü gün həmin vaxtları düşünəndə qəlbimdə soyqırıma düçar olan yaxınlarımın – şəhidlərimizin sümüklərinin göynərtisini duyuram. Bir zamanlar yurdsuz-yuvasız, dünyanı sərgərdan dolaşan ermənilərə sığınacaq verməyimizdən və onların nankorluğundan qeyzə gəlirəm. Xalqımızı doğma yurd-yuvasından qovan, soyqırıma düçar edən və dünyaya özlərini “zavallı”, “günahsız” millət kimi göstərməyə çalışan, iblis simalı ermənilərin bəşəriyyəti aldadan “genosid” harayından damarda qanım donur..
Həmin döyüşlərin şahidi Əli Quliyev deyirdi:
1991-cı ilin oktyabrından blokadada olan Xocalı artıq iki il idi ki, ermənilərin hücumuna məruz qalırdı. 1992-ci ilin oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Sonradan bu əlaqə də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik də verilmirdi. Fevralın 25-i axşam çağından isə şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdı.. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil edilmişdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Hücum toplardan, tanklardan, “Alazan” tipli zenitlərdən 2 saatlıq atəşdən sonra başlandı. . Qarabağdakı yeganə hava limanı da Xocalıda olduğu üçün onlar buranı işğal etmək üçün xüsusi plan hazırlamışdılar. Həmin gecə orada onlarla şəhid versək də erməni silahlı dəstələri SSRİ –nin zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdi.Mən və bir neçə yaralı yoldaşım dağ cığırları ilə Ağdama doğru gəldiyimizdə gördüyümüz mənzərədən damarımızda qanımız dondu: düzənlik cəsədlərlə dolu idi. Meyitlərin skalplarının götürülmüş qulaqları və digər orqanları kəsilmiş, gözləri çıxardılmış, ağır texnika ilə əzilmişdi. Vəhşiləşmiş ermənilər bununla da , yekunlaşmamış cəsədlərin çoxunu yandırmışdılar. Bunu edənlər isə “70 illik qardaşlarımız ”idi. Hansı ki, 1800-cü ilin əvvəllərində torpaqlarımıza köçürülmüşdülər. Onlara torpağımızda qucaq açıb öz yurdumuzda sığınmalarına şərait yaratmışdıq. Əvəzində isə dəfələrlə namərd qonşularımızın “ərköyünlüyünə” düçar olmuş bunu ən qanlı faciə ilə bitmiş sannmiş, ağıllandıqlarını zənn etmişdik. Amma daha da şirnikləndiklərini, quduzlaşdıqlarını, yanıldığımızı tarix yenidən təkrar olunanda başa düşdük. O tarix ki, yüz illər keçsə də bunu unutmaq olmayacaq.
7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.Onlar havadarlarının dəstəyi ilə bu planlarını həyata keçirdilər . Tarixin qanlı səhifələrində isə bunlar qaldı:
“ Şaxtalı və qarlı fevral gecəsində dinc xocalı sakinləri, şəhərin müdafiəsində dayanmış hərbçilərimiz qətlə yetirildi, əsir və girov götürüldü. Qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, meyitlər təhqir olundu, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldı. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi. 487 nəfər (76-sı uşaq) şikəst oldu.Xocalıda 8 ailə bütövlükdə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi. Onlar diri-diri yandırıldı, başları kəsildi, üzlərinin dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı. …”
XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə misli gölməyən Xocalı soyqırımı son iki əsrdə erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı törətdiyi təcavüzkar siyasətinin ən qanlı səhifəsi idi.
Bu amansız siyasətin qarşısını alan, Azərbaycanı yox olmaq təhlükəsindən qurtaran, ömrünü xalqına, vətəninə həsr edən, ulu öndər Heydər Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində bu acı fəlakətlərdən qurtardıq. Elə tarixi keçmişimizə, milli faciələrimizə də ulu öndər tərəfindən əsl hüquqi-siyasi qiymət verildi. Ulu öndər 1 mart 1994-cü ildə Xocalı soyqırımı haqda xüsusi Fərman verib. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral tarixi “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman verilib.
Bu gün bizi həmin gecədən 28 illik bir zaman kəsiyi ayırır. Amma faciə 26 fevral günü ilə başa çatmadı, o gün yaşanan dəhşətlər, streslər bu gün də davam edir. Uşaqdan böyüyə kimi insanlar o faciəni bu gün də yaşayır. Həmin günlərin dəşətli anlarını unutmuruq. Şəhid olanların közərən ocağı, alovlanır 28 ildir ki, sönmür, yanır hər bir Vətən övladının qəlbində. Bu millət yaşadıqca o atəş xalqımızın qəlbində yanacaq o günləri xatırladacaq. Xatırladacaq ki, tarixi unutmayaq. Unutmayaq ki, tarix yenidən təkrar olunmasın......
Ramiyyə ƏKBƏROVA