Şərur rayonu
Şərur rayonunda keçirilən anım tədbirində soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub. Xocalı soyqırımını törətməklə erməni vandalları xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq kimi çirkin niyyətlər güdürdülər. Lakin hiyləgər və məkrli düşmən bu amansız cinayətlə istəyinə nail ola bilmədi. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq doğma yurda sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər.
Hadisələrin ilkin dövrlərində ozamankı iqtidar Xocalı şəhərinin əhalisinin xilası üçün heç bir tədbir görmədi. Dövlətin başında duranlar hadisələrdən sonra xalqın qəzəbindən qorxaraq onun miqyasını kiçiltməyə çalışdılar, əsl həqiqət barədə ictimaiyyətə yalan məlumat verildi. Xocalı faciəsinin doğurduğu ümumxalq narazılığı dalğası üzərində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü də hadisəyə siyasi-hüquqi qiymətin verilməsində maraqlı olmadı.
Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. O vaxtdan hər il faciənin ildönümü ölkəmizdə erməni separatçılarına nifrət hissi ilə qeyd olunur.
Ermənilərin törətdiyi bu müdhiş və insanlığa sığmayan cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan siyasət artıq bəhrəsini verir. Hər il Xocalı soyqırımı ərəfəsində bu faciənin ildönümü dünyanın əksər ölkələrində geniş şəkildə qeyd olunur. Artıq bütün dünyaya məlumdur ki, ermənilərin öz havadarlarının köməyi ilə Xocalıda törətdikləri bu qanlı hadisə təkcə azərbaycanlılara qarşı deyil, bütün dünyaya, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Fevral ayının əvvəlindən başlayaraq Şərur rayonunda da idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində keçirilən silsilə tədbirlərdə hadisənin mahiyyəti, təşkilatçıları və icraçıları barədə məlumatlar verilib. Dünən keçirilən anım tədbirinin iştirakçıları Xocalı faciəsini əks etdirən simvolik pannonun önünə tər qərənfillər düzüblər.
Babək rayonu
Fevralın 26-da Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, tarixdə baş vermiş ən qanlı hadisələrdən olan Xocalı faciəsinin səbəbləri hər bir gəncə, hər bir yeniyetməyə dərindən aşılanmalıdır. Ötən tarixə qısa ekskursiya etsək, görərik ki, erməni qəsbkarları XX yüzilliyin əvvəllərindən başlayaraq xalqımızın başına amansız terror hadisələri gətiriblər. Erməni xisləti bununla da səngiməyib. 1988-ci ildən etibarən yeni terror aktları həyata keçirilib. Bu soyqırımı siyasətinin davamı isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim oğuz-türk yurdu olan Xocalı şəhərində törədilib. Bununla da ermənilər vəhşiliklərini bir daha sübuta yetirdilər. Nəticədə, günahsız insanlar həlak oldu, yüzlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Erməni hərbi birləşmələri qadınlara, uşaqlara, qocalara aman vermədən insanları xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində bənzəri olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaqdır.
Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası, bu bəşəri faciənin əsl mahiyyətinin dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna rolu olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.
Bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətinin artması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Azərbaycan dövlətinin hərbi sahəyə ayırdığı xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Ermənistan nə hərbi sahədə, nə də digər sahələrdə qüdrətli və inkişaf etmiş Azərbaycanla müqayisə edilə bilməz. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır.
Sonda tədbir iştirakçıları soyqırımından bəhs edən filmə baxıblar.
Ordubad rayonu
Dünən Ordubad rayonunda da Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə çəkilmiş portretin önünə tər qərənfillər qoyub, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib, “Azərbaycanlıların soyqırımı” filminə baxıblar.
Həmin gün Naxçıvan şəhərindəki Xatirə Muzeyi tərəfindən ümumtəhsil məktəbləri ilə interaktiv əlaqə yaradılıb, bir dərs saatı Xocalı soyqırımına həsr edilib.
Soyqırımından artıq 28 il ötür. Erməni faşizminin mənfur xislətini göstərən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror aktı kimi tarixə düşüb. Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq idi. Əsas hədəflərdən biri də Azərbaycan xalqına məxsus olan buradakı mühüm əhəmiyyətli tarixi abidələri məhv etmək, onları yer üzündən silmək idi.
Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat verdi, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etdi. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildi, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülməyə başlanıldı.
Bu gün görkəmli dövlət xadiminin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə ölkə Prezidenti cənab İlham Əliyev deyib: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub”.
Bu gün Azərbaycan Ordusu düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz maneəyə çevrilib. 2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın bir qisminin, 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq, Qızılqaya, Qaraqaya yüksəkliklərinin, ümumilikdə, 11 min hektar ərazinin işğaldan azad edilməsi də sübut etdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaqdır.
Culfa rayonu
Zəngin təbii sərvətləri, strateji mövqeyi Azərbaycanı əsrlərboyu yadelli işğalçılar tərəfindən təcavüzə məruz qoyub. Zaman-zaman qanlı müharibələr meydanına dönüb bu torpaq. XX əsrin əvvəllərindən isə nankor qonşumuz olan ermənilər öz sərsəm xülyalarını həyata keçirmək məqsədilə gizli, yaxud da aşkar şəkildə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər.
Xocalı faciəsi ilə əlaqədar bütün dünya susdu, bu qanlı faciəyə siyasi, hüquqi qiymət vermək barədə düşünən belə, tapılmadı. Yalnız xalqımızın qeyrətli oğlu, ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə ilk siyasi qiymət verildi.
Bu gün “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Xocalı soyqırımının bütün dünya ölkələrində tanınmasına imkan verir. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı çərçivəsində həlli istiqamətində cəsarətli və qətiyyətli addımlar atır. Erməni millətçilərinin xalqımıza qarşı soyqırımları və törətdikləri başqa bəlalar millətimizin iradəsini qıra bilməz. Əksinə, xalqımızı, bütün dünya azərbaycanlılarını düşmənə, terrora, mütəşəkkil ermənipərəst siyasətə qarşı mübarizədə daha cəsarətli olmağa, ölkəmizin müstəqil dövlət kimi yaşamasını, onun ərazi bütövlüyünün, hüdudlarının tamamilə bərpa olunmasını təmin etməyə sövq edir.
Vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir Vətən övladı ermənilərin xəbis niyyətlərinin ifşa edilməsi, Azərbaycanın ədalətli haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələn köməyi əsirgəmir.
Bu fikirlər Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Culfa Rayon Mədəniyyət Sarayının foyesində keçirilən anım tədbirində Culfa şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi İradə Abdullayevanın “Xocalı soyqırımının günahkarları tarix və bəşəriyyət qarşısında cavab verməlidirlər” mövzusundakı çıxışında səsləndirilib.
Qeyd edək ki, tədbirdə idarə, müəssisə və təşkilat kollektivləri faciə qurbanlarının xatirəsinə hazırlanmış panno önünə tər qərənfillər düzüb, dəhşətli gecədə qurban gedənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra faciə ilə bağlı film nümayiş olunub.
Kəngərli rayonu
Fevralın 26-da Kəngərli Rayon Mədəniyyət Sarayında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iştirakçıları əvvəlcə Mədəniyyət Sarayının foyesindəki Xocalı faciəsi qurbanlarının xatirəsini əks etdirən panno önünə çiçəklər düzüblər. Sonra tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, “Azərbaycanlıların soyqırımı” sənədli filminə baxıblar.
Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi tanıdılması üçün ilk məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra başlayıb. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması istiqamətində apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində artıq bütün dünya erməni faşizminin iç üzü ilə yaxından tanış olur.
Hər il Xocalı soyqırımı ərəfəsində bu faciənin ildönümü ölkəmizlə yanaşı, digər dövlətlər tərəfindən də geniş şəkildə qeyd olunur.
Şahbuz rayonu
Xocalı faciəsi ermənilərin xalqımıza qarşı törətdiyi çoxəsrlik etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifələrindən biridir.
XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, o cümlədən qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib.
Öz miqyasına və dəhşətlərinə görə tarixdə misli-bərabəri olmayan Xocalı soyqırımını törədərkən erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqləyiblər. Xocalı şəhərinin sakinləri bu amansız gündə xalqımıza xas olan mərdlik, igidlik nümayiş etdirib, əsl qəhrəman kimi erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə son nəfəslərinə qədər vuruşub, düşmən qarşısında əyilməyiblər.
Tarixdən məlumdur ki, Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlayıb. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrdə 3 dəfə qırğınlara məruz qalıb, birinci dəfə 1905-ci ildə, sonra isə 1918-ci ildə şəhər yandırılıb. Nəhayət, 1992-ci ildə Xocalı üçüncü dəfə daha dəhşətli faciəyə dücar oldu. Bu qəddarlıq və vandalizm həmin il fevralın 25-dən 26-na keçən gecə özünü daha qabarıq şəkildə büruzə verdi. Azğınlaşmış erməni quldur dəstələri və onların havadarları Xocalıda misligörünməmiş soyqırımı törətdilər.
Xalqımıza qarşı dəfələrlə ağır terror aktı həyata keçirilsə də, 1993-cü ilə qədər Azərbaycanda Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində heç bir tədbir görülməmişdi. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb və bu gün dünyanın bir çox ölkələrində soyqırımı tanınır.
Dəhşətli faciənin baş verməsinin 28-ci ildönümü ilə əlaqədar Şahbuz şəhərindəki Mədəniyyət Sarayında ictimaiyyət nümayəndələri Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunan sərginin önünə tər qərənfillər düzüblər.
Tədbir iştirakçıları xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən filmə baxıblar.
Sədərək rayonu
Xocalı faciəsi bütün beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan dövlətinin Dağlıq Qarabağı özünə birləşdirmək üçün ən ağır cinayət və vəhşiliyə hazır olduğunu bir daha göstərdi. Dünya da gördü ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı təcavüzkar və cinayətkar erməni siyasətinin nəticəsidir.
Dağlıq Qarabağda baş verən hadisələr zamanı Sədərək rayonu da hücumlara məruz qalıb. Ümumilikdə, mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum ediblər. Həmin ağır günlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və torpağı uğrunda canını verən 52 vətənpərvərin yurd yeridir. Onların və ümumilikdə, ərazi bütövlüyümüz uğrunda şəhid olan insanların xatirəsi Sədərəkdə daim uca tutulur.
Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Sədərək Rayon Mədəniyyət Sarayının foyesində keçirilən anım mərasimində əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları “Xocalı yanğısı” adlı filmə baxıblar.
Xəbərlər şöbəsi