23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” fevralın 1-də keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrlə bağlı Ordubad rayonunda müşavirə keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov tədbirdə çıxış edərək bildirib ki, son illər Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı davamlı xarakter alıb. Bu gün diyarımızda bu sahənin kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı günbəgün artır, görülən işlər gəncləri də həvəsləndirir.
Ötən müddətdə Ordubad rayonunda da idmanın inkişafı ilə bağlı xeyli işlər görülmüşdür. Müxtəlif idman yarışlarının keçirilməsinin təmin olunması və gənc idmançıların hazırlanması üçün Təhsil Şöbəsinin balansında 67 idman qurğusu mövcuddur. Belə ki, rayonda 2 stadion, 4 ministadion, yeni inşa edilmiş 29 məktəbdə idman zalları, 29 sadə idman qurğusu, 3 uyğunlaşdırılmış idman zalı yeniyetmə və gənclərin istifadəsindədir.
Görülən işlərin davamı olaraq bu il Nüsnüs və Ordubad şəhər 1 nömrəli tam orta məktəbləri, Ordubad şəhər stadionu da müasir səviyyədə yenidən qurulacaq.
Rayon idmançılarının ötən il qazandıqları uğurlardan bəhs edən icra başçısı bildirib ki, Türkiyənin İstanbul şəhərində 3 noyabr 2019-cu il tarixdə keçirilən “41-ci İstanbul Marafonu”nda idmançımız Əmrah Nağıyev də iştirak edib, ümumi hesabda 74-cü, azərbaycanlılar arasında isə birinci olaraq finiş xəttinə çatıb.
21 sentyabr 2019-cu il tarixdə Naxçıvan şəhərində boks üzrə açıq birincilikdə 4 idmançı iştirak edib, onlardan 3-ü birinci yerin qalibi olub.
Ötən il Astara şəhərində keçirilən şahmat üzrə Azərbaycan çempionatının seçmə turnirində 12 yaşlı oğlanlar arasında Hüseyn Seyid I, Uğur Həsənli isə IV yerə layiq görülərək Azərbaycan çempionatının final mərhələsində iştirak etmək hüququ əldə edib.
2019-cu ilin noyabr ayında Naxçıvan Şəhər Şahmat Mərkəzində muxtar respublika birinciliyi keçirilib, 8-10 yaşlı oğlanlar arasında Camal Bağırlı, 12-14 yaşlı qızlar arasında isə Zərrin Məmmədli III yerin, 12-14 yaşlı oğlanlar arasında Hüseyn Seyid I yerin qalibi olub.
Vurğulanıb ki, rayonda fəaliyyət göstərən Uşaq-gənclər idman məktəbinin 20 qrupunda 16 ixtisaslı müəllim idman və ümumtəhsil məktəblərində idmanın müxtəlif növlərinin tədrisi üzrə fəaliyyət göstərirlər.
Sonda Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd edib ki, idmanın bütün sahələrinin inkişafı üçün aid təşkilatlar bu sahəyə diqqəti artırmalı, Ordubad rayonunda fəaliyyət göstərən idman federasiyalarının rayon şöbələri “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Pro­qramı”nın icrası üçün təxirəsalınmaz işlər həyata keçirməlidirlər.
Sonra çıxışlar olub, ötən il idman sahəsində fərqlənən idmançılar və məşqçi-müəllimlər mükafatlandırılıblar.

Abbas SEYİD

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR