AMEA Naxçıvan Bölməsində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar elmi konfrans keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycana qarşı ermənilərin törətdikləri bəşəri cinayətlərdən, eləcə də Xocalı soyqırımından danışıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı təcavüz və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə alıb, dinc əhalini qəddarcasına qətlə yetirib. Qətliam nəticəsində aralarında qadın, uşaq və qoca olan 613 mülki vətəndaş həyatını itirib.
Akademik Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımı faciələrinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində hüquqi-siyasi qiymət verildiyini vurğulayaraq bildirib ki, 1994-cü ildə dahi öndərin təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral Xocalı Soyqırımı Günü kimi qeyd olunur.
İsmayıl Hacıyev vurğulayıb ki, bu gün Azərbaycan dövləti ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirir. O həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın beynəlxalq səviyyədə başlatdığı Azərbaycanın haqq səsini yayan layihələrdən, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin təbliğ olunmasından söz açaraq qeyd edib ki, ermənilərin xalqımızın başına gətirdiyi müsibətləri əks etdirən və xarici dillərdə nəşr olunan kitabların, filmlərin, fotosənədlərin dünyanın müxtəlif ölkələrində yayılması mühüm əhəmiyyət kəsb edir.
Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri – tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Xocalı faciəsinə gedən yol”, Emin Şıxəliyev “Xocalı faciəsinin törədilməsində erməni terror təşkilatlarının fəaliyyəti” və institutun kiçik elmi işçisi Sevinc Babayeva “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə Xocalı faciəsinin dəhşətləri ilə bağlı fotoşəkillər slayd vasitəsilə nümayiş olunub.
AMEA Naxçıvan Bölməsinin
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi