Heydər Əliyev adına Hərbi Liseyin xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş məzunlarının ailə üzvləri və yaxınları ilə kursantların görüşü keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov bildirib ki, ümummilli liderimizin xatirəsinin əbədiləşdirildiyi ilk ünvan kimi lisey gələcəyin vətənpərvər, savadlı və peşəkar zabitlərinin yetişdirilməsi yolunda inamlı addımlar atır. Ötən dövr ərzində liseydə nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıb. Əsas məqsəd Vətənimizin müdafiəsinə hazırlanan gənclərimizə hərbi işə dair bilik və bacarıqları mənimsətməkdən ibarətdir. Buna görə də hərbi liseyə daxil olan kursantlara ilk gündən Vətənə məhəbbət hissi aşılanır.
Tədbirdə hərbi liseyin müəllimi Mirismayıl Seyidov və şəhid qohumlarından Xanəli Kərimli çıxış edərək bildiriblər ki, müxtəlif vaxtlarda düşmən təxribatlarının qarşısını alarkən liseyin məzunları böyük qəhrəmanlıq və şücaət göstəriblər. Hərbi liseyin 8 məzunu Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şərəfli zabit həyatı yaşayaraq gələcək nəsillərə örnək olmaq arzusu bu gün hər bir kursantın həyat amalına çevrilib. Hər bir gənc Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığına görə fəxr edir və özünü əsl Vətən müdafiəçisi bilir.
Çıxışların ardından videoçarx nümayiş olunub, kursantlar Vətənimizə həsr olunmuş şeirləri bədii qiraət edib və ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Nəriman NƏCƏFOV