23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrümüzdə dünyada könüllülük hərəkatı cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilib. Əslində, türk mədəniyyətinin məhək daşlarından birini təşkil edən könüllülük fəaliyyətini bu gün ölkəmizdə ən aktiv, innovativ proseslərdən hesab etmək olar. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra respublikamızın güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayıblar. Davamlı inkişaf təmin olunmuş respublikamızda  son illərdə könüllülük hərəkatı sağlam vətəndaşlıq mövqeyinin göstəricisi kimi daha çox diqqət çəkir. Bu sahənin təbliğ və təşviqinə dövlət dəstəyi də artırılır. Elə ölkə başçısı cənab İlham Əliyevin 2019-cu il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamı bunun bariz ifadəsi, göstərilən dövlət qayğısının məntiqi davamıdır.

 Könüllülük nədir? Öncə buna bir nəzər salaq. Məlum olduğu kimi, Azərbaycan Respublikasında 2009-cu ildə Milli Məclis “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edib. Həmin qanunda göstərilir ki, könüllülük fəaliyyəti – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, əsas iş yeri ilə bağlı olmayan işlərin görülməsi, xidmətlərin göstərilməsi və digər dəstəyin verilməsi üçün ictimai faydalı və əvəzi ödənilməyən fəaliyyətdir. Deməli, könüllü olan biri edəcəyi bütün xidmətləri qarşılığında heç bir gözləntisi olmayan şəxsdir.

Bəli, könüllülük öz iradəsi və sərbəst seçimi ilə heç bir maddi marağa əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqaməti hesab olunur. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib.

Könüllülük həyata keçirdiyi işlə özünü xoşbəxt hesab edənlərin xəyallarında qurduqları məqama çatmalarıdır. Bu məqamda qəlbləri ovundurmaq, tənhalığı bölüşmək, qayğıya ehtiyacı olanlarla dostlaşmaq, onların dərdinə şərik olmaq, kasıblara əl tutmaq, çöhrələrə təbəssüm bəxş etmək kimi insani hisslər yer alır. Könüllülük həyatını gözəlləşdirmək istəyən insanın başqalarını düşünməsi və onların xoşbəxtliyi üçün çalışmasıdır. Sevgi və şəfqət bizə insani duyğuları bəxş edən iki əsas özəllikdir. Könüllülük bir insanın bilik, təcrübə, bacarıqlarını, könlündəki sevinci, ruhundakı şəfqət və aydınlığı başqa insanlara – bütün varlıqlara verə bilmək üçün arzu, istək içində olmasıdır. Və bunları davamlı hala çevirməsidir.
Bəs könüllülük fəaliyyətinin töhfələri nədən ibarətdir? Könüllü fəaliyyətin həm şəxsi inkişafa, həm də cəmiyyətə xeyli faydası var. Bunun birincisi insanın özünə faydasıdır. Könüllü olmaq istəyən şəxs, ilk növbədə, insanlara və ətraf mühitə qarşı həssas davranmağı öyrənir, komanda işi, motivasiya olma və motivasiya edə bilmə bacarığı kimi gözəl keyfiyyətləri əxz edir. Eyni zamanda könüllü olarkən insan özü də hiss etmədən böyük həyat təcrübəsi keçir, kamilləşir, müdrikləşir. Bu fəaliyyət vasitəsilə insanlarla ünsiyyət qurulur, yeni dostlar qazanılır. Başqalarına hörmət etmək, səbirli olmaq, liderlik kimi xüsusiyyətlər də bu fəaliyyət vasitəsilə əldə olunur. Könüllülük, həmçinin fiziki, sosial, psixoloji və emosional cəhətdən insanlara təsir edir, onların inkişafında böyük rol oynayır.

Belə fəaliyyətin cəmiyyətə faydalarından danışarkən, demək olar ki, könüllülük cəmiyyətdə insanlararası münasibətlərin möhkəmlənməsində, mənəvi dəyərlərin qorunmasında, ictimai məlumatlılığın artmasında, yaranan sosial problemlərin həllinə fərqli yanaşmaların formalaşmasında çox əhəmiyyətli faktordur. Könüllü fəaliyyətlər, xüsusilə gənclərin daha yaxşı bir karyera qurmasına da kömək edir. Çünki onların əksəriyyəti könüllü olmayanlara nisbətən daha tez və yaxşı iş tapa bilirlər. Bunun səbəbi ondadır ki, könüllü kimi çalışmış insanlar daha təcrübəli, nəzakətli, alicənab, ünsiyyət bacarıqlarına malik olmaları və cəmiyyətdə baş verən hadisələrə daha çevik reaksiya vermələri ilə fərqlənirlər. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, bu hərəkata ailəliklə qoşulmağın da müsbət tərəfləri var. Belə ki, ailə üzvləri ilə birlikdə könüllü fəaliyyətdə olmaq onlar arasında əlaqələrin və özünü ifadəetmə qabiliyyətinin güclənməsi ilə nəticələnir.
Hər bir insanın ən böyük arzusu, təbii ki, həm mənəvi, həm də fiziki cəhətdən sağlam olmasıdır. Könüllü­lüyün insanlara məqsədləri istiqamətində işləmək imkanı verdiyini və onların bir amal üçün səy göstərdikləri zaman özlərini psixoloji cəhətdən daha yaxşı hiss etdiklərini əsas götürsək, deyə bilərik ki, könüllülük həm də onlara sağlamlıq bəxş edir. Belə fəaliyyətə vaxt ayıran insanların daha xoşbəxt və sağlam olduqları müşahidə edilib. Xüsusən də yaşlı insanlar üçün bunun idman fəaliyyətlərindən daha təsirli olduğu bilinməkdədir. Könüllü yaşlıların fiziki cəhətdən möhkəm olduqları və uzun ömür yaşadıqları da aşkarlanıb.
Könüllülük insanı həvəsləndirir, ona mənəvi zövq verir, özünəinam hissini artırır. Görəcəyi işdən heç bir ödəniş almayacağını düşünən insanlar sevdikləri bir sahəni seçirlər və burada könüllülük daxilində xidmətlər göstərirlər. Və yaxud bir layihə üzərində işləyir, bundan həvəslənir və bu işi daha yaxşı vəziyyətə gətirmək üçün əllərindən gələni edirlər. Məsələn, hər hansı sosial layihədə iştirak edən bir nəfərdən bu fəaliyyətindən sonra nə hiss etdiyi soruşularsa, çox böyük ehtimalla cavabı “möhtəşəmlik” olacaqdır. Könüllülər bir komandanın üzvü olma hissini yaşadıqları və bir dəyişiklik, yardım, yenilik etdiklərini düşündükləri üçün motivasiyaları da yüksək olur. Gördükləri işlə onlar müxtəlif üstünlüklərə sahib olurlar. Bu uğurlar nəticəsində qazandıqları mənəvi zövq onları könüllü olaraq daha çox yaxşılıq etməyə, yaradıcı fəaliyyət göstərməyə təşviq edir. Digər bir tərəfdən isə işləməyən, heç bir iş təcrübəsi olmayan və asanlıqla ünsiyyət qura bilməyən insanlar könüllülər və yenicə çalışdığı sahədə mütəxəssis bir komanda ilə işləməyə başlayanda özlərinə inamlarını artırır və sosial fəallıqları bu cür qurumlarda işləməyənlərdən çox üstün olur.
Komanda işi olan könüllülük həm də birgə fəaliyyəti, həmrəyliyi aşılayır. Bir komandada işləyən könüllülər müəyyən bir məqsəd və planı həmrəyliklə, necə deyərlər, söz, güc birliyi ilə həyata keçirməklə birgə işləmək təcrübəsinə sahib olurlar. Hər dəfə üzərlərinə götürdükləri belə vəzifələr həm də onların hər birində fərdi şəkildə liderlik və lider olma keyfiyyətlərini inkişaf etdirir.
Fəaliyyətləri könüllülərə sosial status da qazandırır. Yaşadıqları ölkə üçün çalışan könüllülər həmişə başqalarına nümunə göstərilir, cəmiyyətdə həssas insanlar kimi dəyərləndirilirlər. Ancaq bunu da bilməkdə fayda var ki, digərlərinə örnək göstərilməsi və ya onlara hörmət edilməsi heç vaxt könüllülərə digər insanlardan üstün olmaq hüququ vermir. Könüllü həmişə təvazökar olmalı və fəaliyyəti genişləndikcə də bu cür qalmalıdır.
Könüllülük fəaliyyətinin daha üstün və gözəl keyfiyyətlərindən birinə də nəzər salaraq demək istəyirik ki, gənc qızlar və oğlanlar böyük bir kollektivdə yaşları daha böyük və daha kiçik könüllü yoldaşlarının əhatəsində düzgün davranış qaydalarını mənimsəyirlər. Bir-birlərinə hörmətlə yanaşmağı, qayğı göstərməyi, kömək etməyi öyrənən gənclər sabah öz ailələrində də bu prinsiplərə sadiq qalacaqlar.
Hazırda bütün dünyada minlərlə könüllü təşkilatı və könüllülük fəaliyyəti ilə məşğul olan insan var. Hər gün bu say daha da artır. Həmrəylik, xeyirxahlıq, kollektivçilik bir ənənə olan ölkəmizdə də könüllü fəaliyyətlə məşğul olanların, xüsusilə gənclərin sayı hər il daha da çoxalır.
Təbii ki, muxtar respublikamızda da könüllülük fəaliyyəti aktiv sahələrdən birinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada könüllü­lük fəaliyyətinin təşviqinə marağı artırıb. Bu gün muxtar respublika gənclərinin bütün sahələrdə fəallığı, startap layihələri üzərində işləmələri, onların dövlət qulluğu, sosial, ekoloji və digər sahələrdə könüllü fəaliyyətləri, keçirilən festivallarda, idman yarışlarında kütləvi iştirakları, fləşmob nümayiş etdirmələri deməyə əsas verir ki, yaxın gələcəkdə onların bu fəaliyyəti daha da ­genişlənəcəkdir.

Əminliklə demək olar ki, ölkəmizdə “Könüllülər ili” olan 2020-ci il muxtar respublikada gənclərin könüllü fəaliyyətlərinin ən gözəl nümunələri ilə yadda qalacaqdır. Çünki artıq gənclərin enerji və həvəsləri ilə bu prosesin aparıcı qüvvəsi olduqları hiss edilir. Nəzərə alsaq ki, könüllülüyün həm hər bir gəncə, həm də cəmiyyətə faydası çox böyükdür, biz bütün gəncləri bu misilsiz təşəbbüsə qoşulmağa çağırırıq: Əziz gənclər, könüllü olaraq dəyişməyə kömək edin!

Arzu QASIMOV
Fərid SEYİDOV
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun
Gənclər təşkilatları və gənclər ilə iş şöbəsinin əməkdaşları

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR