İctimaiyyətə artıq məlumdur ki, koronavirus pandemiyası ilə əlaqədar Türkiyədən qayıdan tələbə və vətəndaşlarımızın bir qrupu Naxçıvanda tibbi nəzarətdə saxlanılırlar. Onlar Naxçıvanda yaşayış qeydiyyatında olanlar yox, Bakı şəhərində və ölkəmizin bir sıra digər bölgələrində yaşayan vətəndaşlarımızdır. Sayları 300 nəfərə yaxındır. Onlar üçün lazımi saxlanılma, müayinə və qidalanma şəraiti yaradılsa da, ötən gündən etibarən bir sıra sosial şəbəkə hesablarında, xüsusən, Duzdağ Fizioterapiya Mərkəzindəki vətəndaşlarımızın saxlanılma şəraiti ilə bağlı yanlış, məqsədli və təxribat xarakterli informasiyalar yayılıb.
Qeyd etmək lazımdır ki, birincisi, Duzdağ ağ ciyər və onun iltihabi xəstəlikləri üçün dünya səviyyəli ən müasir təbii, dərmansız sanatoriyadı. Hər il 10 minlərlə turist və xəstə qəbul edir. Çoxu xarici ölkələrdən olan xəstələr burda müalicə üçün minlərlə manat vəsait ödəyirlər. Duz şaxtalarında hava təmiz və sterildir. Hətta cərrahiyyə əməliyyatxanalarının mikrob səviyyəsi belə Duzdağ şaxtalarının mühitində olandan yüksəkdir. Həm də duz mikrob əleyhinə ən yaxşı vasitədi.
Mərkəzin içərisində kafe, istirahət otaqları, 400-dən artıq tibb çarpayısı var. Buranı adi mağara kimi qələmə verənlərin və bu videoları paylaşanların özü elə mağara təfəkkürlüdür. (Duzdağla bu linkdən tanış ola bilərsiniz). Görünür ki, onlar heç ölkəsini, onun təbii imkalarını lazımi qədər tanımırlar. Və belə həssas bir məqamda insanların hissləri ilə oynayacaq qədər adidirlər.