23 Dekabr 2024, Bazar ertəsi

İctimaiyyətə artıq məlumdur ki, koronavirus pandemiyası ilə əlaqədar Türkiyədən qayıdan tələbə və vətəndaşlarımızın bir qrupu Naxçıvanda tibbi nəzarətdə saxlanılırlar. Onlar Naxçıvanda yaşayış qeydiyyatında olanlar yox, Bakı şəhərində və ölkəmizin bir sıra digər bölgələrində yaşayan vətəndaşlarımızdır. Sayları 300 nəfərə yaxındır. Onlar üçün lazımi saxlanılma, müayinə və qidalanma şəraiti yaradılsa da, ötən gündən etibarən bir sıra sosial şəbəkə hesablarında, xüsusən, Duzdağ Fizioterapiya Mərkəzindəki vətəndaşlarımızın saxlanılma şəraiti ilə bağlı yanlış, məqsədli və təxribat xarakterli informasiyalar yayılıb.

Qeyd etmək lazımdır ki, birincisi, Duzdağ ağ ciyər və onun iltihabi  xəstəlikləri üçün dünya səviyyəli ən müasir təbii, dərmansız sanatoriyadı. Hər il 10 minlərlə turist və xəstə qəbul edir. Çoxu xarici ölkələrdən olan xəstələr burda müalicə üçün minlərlə manat vəsait ödəyirlər. Duz şaxtalarında hava təmiz və sterildir. Hətta cərrahiyyə əməliyyatxanalarının mikrob səviyyəsi belə Duzdağ şaxtalarının mühitində olandan yüksəkdir. Həm də duz mikrob əleyhinə ən yaxşı vasitədi.

Mərkəzin içərisində kafe, istirahət otaqları, 400-dən artıq tibb çarpayısı var. Buranı adi mağara kimi qələmə verənlərin və bu videoları paylaşanların özü elə mağara təfəkkürlüdür. (Duzdağla bu linkdən tanış ola bilərsiniz).  Görünür ki, onlar heç ölkəsini, onun təbii imkalarını lazımi qədər tanımırlar. Və  belə həssas bir məqamda insanların hissləri ilə oynayacaq qədər adidirlər. 

 İkincisi, mütəxəssislərin də dediyi kimi, gənclərin Duzdağda saxlanılmağı buranın mikroiqlimi və viruslara qarşı yüksək təsiri, eləcə də ağciyərin iltihabi xəstəliklərində ən yaxşı müalicəvi vasitə olmasındadır.  

Hazırda tələbələri lazımı yoxlamadan keçirirlər və koronovirusla bağlı hər hansı narahatçılıqları olmadığı üçün onlar Duzdağda bir neçə gün nəzarətdə saxlanılacaqlar. Əgər narahatçılıq olarsa, onların Naxçıvanın Yoluxucu Xəstəliklər Mərkəzində və başqa xəstəxanalarda   müalicə olunması üçün ən müasir imkanlar yaradılıb və labaratoriya qurulub. 

Fikirlərimi yazarkən, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzovla da söhbətləşmək imkanım oldu. Nazir bildirdi ki,  Duzdağda  saxlanılanlar müəyyən yoxlanılma və nəzarət prosedurlarından sonra öz yaşadıqları yerlərə  yola salınacaqlar. “Şükür ki, Naxçıvanda koronavirusa yoluxma faktı yoxdur. Lazımi profilaktik və dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Muxtar respublikaya xarici ölkələrdən giriş dayandırılıb.  Ahıl və xüsusi qayğıya ehtiyacı olanlara evlərində sosial xidmətlər göstərilir. Naxçıvanın xəstəxanaları da ən müasir səviyyədədir və lazımi imkanlara malikdir”- deyə səhiyyə naziri bildirdi.

Görünən odur ki, dəqiqləşdirilməmiş, yalan informasiyalar paylaşıb saxta vətənpərvərlik edənlər ölkəmizə və Naxçıvana qarşı açıq-aşkar təxribatçılıq törədənlərdi və bu təxribatlara görə qanun qarşısında məsuliyyət daşıyırlar.

...Biz, tələbələri başa düşürük, narahatdılar, neçə gün yollarda olublar, həssas dönəm keçirirlər... Sual olunur, bəs, sizə nə gəlib feyzbuk “qəhrəmanları”, “beşinci kalon” “pəhləvanları”?!

Yeri gəlmişkən,  xüsusi vurğulamaq istərdim ki, srağagün Naxçıvan Ali Məclisində dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçirilib və bununla bağlı lazımi tapşırıqlar verilib. Müşavirədən sonra Ali Məclis Sədrinin Fərmanı ilə  “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılıb və fondun xəzinə hesabı açılıb. Təkcə dünən fonda muxtar respublikanın sakinləri, dövlət və özəl müəssisələrinin əməkdaşları tərəfindən 1 milyon manata yaxın vəsait köçürülüb.

Ona görə də vətəndaşlarımızı həssas dönəmdə məqsədli şəkildə yayılan belə təxribat xarakterli yalan informasiyalara aldanmamağa, onları paylaşmamağa çağırırıq. Unutmayaq ki, bir yalnış informasiya minlərlə insanın psixologiyasını, həyat tərzini dəyişə, inamını itirə bilər. Çalışaq informasiyaları rəsmi və qərəzssiz mənbələrdən alaq...

 

Sahil Tahirli

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR